Məsələnin kökündə hakimiyyətdə gedən “nurçu savaşı”nın dayandığı bildirilir
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevlə qurumun ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun münasibətlərində soyuqluq yaranıb. “Azadlıq”a daxil olan məlumatda iddia olunur ki, PA rəhbərilə şöbə müdiri arasında artıq bir müddətdir ki, gərginlik hökm sürür.
Bildirilir ki, məsələnin kökündə hakimiyyətdə gedən “nurçu savaşı” dayanır. Əli Həsənovun bu savaşda xüsusi olaraq PA-nın siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanovu hədəfə alması Ramiz Mehdiyevin ürəyincə olmayıb. Elnur Aslanov şöbə müdiri olmamışdan əvvəl PA rəhbərinin köməkçisi vəzifəsində işləyib. Onun sonradan Paşayevlərin çətiri altına keçdiyi bildirilsə də, Ramiz Mehdiyevlə münasibətlərinin normal olduğu iddia edilir. Hətta bəzi məlumatlara görə, Elnur Aslanov şöbə müdiri olandan sonra da Ramiz Mehdiyevin kadrı kimi fəaliyyət göstərib. Bundan başqa Elnur Aslanovun anası, deputat Rəbiyyət Aslanova da PA rəhbərinin deputat komandasına daxildir. Əli Həsənov da Ramiz Mehdiyevə yaxın şəxs kimi tanınır. Lakin Elnur Aslanovla münasibətləri gərgin olub. Bildirilir ki, bunun səbəbi Elnur Aslanovun ictimai-siyasi şöbənin müdiri vəzifəsinə iddialı olması ilə bağlıdır. Bəzi məlumatlara görə, Elnur Aslanov nəzarətində olan KIV-lərdə Əli Həsənovun açıqlamalarının verilməsini yasaq edib. Bəzi hallarda isə bu saytlarda şöbə müdirinin maraqlarına ziddi materiallar verib. Nurçu məsələsi gündəmə gələndən sonra isə Əli Həsənov bunun qisasını almağa başlayıb. Əli Həsənov Elnur Aslanova o qədər qəzəbli olub ki, hətta Ramiz Mehdiyevi belə nəzərə almayıb.