“Azərbaycanda şəbəkələşmiş korrupsiya mövcuddur”

ABŞ-ın «Karnegi» Fondu Qərb ölkələrini «oğrular hakimiyyəti»nə qarşı tədbir görmədiyinə görə qınayır

«İlham Əliyev qanunverici hakimiyyəti tamamilə öz nəzarətində saxlayır və bu, korrupsiya sistemini inkişaf etdirmək üçün böyük imkanlar açır»

ABŞ-ın “Karnegi” Fondu korrupsiyanın beynəlxalq təhlükəsizlik üçün böyük təhdid olduğunu bir daha bəyan edərək, bu mövcuda ətraflı təhlil xarakterli material hazırlayaraq, yayıb.
Analitiklər vurğulayır ki, korrupsiya beynəlxalq sabitliyə çox ciddi təhlükədir: “Sistemli korrupsiya dünyaya çox ciddi təhlükə kimi qiymətləndirilməlidir. Sistemli korrupsiya heç də hakimiyyət strukturlarının səhvi, yaxud da səriştəsiz siyasətilə bağlı deyil. Bu, dövlət hakimiyyətindən istifadə edərək, başlıca gəlir mənbələrini nəzarətdə saxlamaq məqsədilə aparılan siyasətdir. Məhz sistematik korrupsiya əhali arasında ciddi sosial gərginliyə səbəb olur və bəzi hallarda üsyanlarla nəticələnir. Korrupsiya həyatın ən müxtəlif sahələrində çox ciddi problemlərlə nəticələnir”.
Təhlilçilər korrupsioner rejimlərlə münasibət quran Qərb siyasətçilərini də tənqid edib: “Bəzi hallarda Qərb siyasətçiləri təhlükəsizlik və strateji müttəfiqlik münasibətlərini nəzərə alaraq, korrupsiyaya qurşanmış hökumətlərlə münasibətləri davam etdirirlər. Bu isə korrupsiyanın beynəlxalq təhlükəsizliyə təhdid riskini daha da artırır. Təəssüf doğuran hal budur ki, Qərb ölkələri kleptokratiyanın (”oğruların hakimiyyəti”-red.) mövcud olduğu ölkələrin hökumətlərinə qarşı ciddi tədbirlər görmürlər”.
Müəlliflər yada salır ki, bəzi ölkələrdə korrupsiyanın hədsiz səviyyəsi üsyanlara gətirib çıxarıb. Misal olaraq, Tunis, Qırğızıstan, Ukraynanın adı çəkilir.
Korrupsiyalaşmış ölkələr sırasında Azərbaycanın da adı çəkilir: “Ayrı-ayrı ölkələrdə mahiyyətcə eyni, formaca fərqli korrupsiya sistemləri mövcuddur. Bəzi ölkələrdə bir neçə şəbəkədən ibarət korrupsiya sistemi olur. Digərlərində isə bir ailənin rəhbərlik etdiyi korrupsiya sistemi olur. Azərbaycan, Əlcəzair, Anqola, Kamerun kimi ölkələrdə müxtəlif şəbəkələrdən ibarət olan korrupsiya sistemi mövcuddur. Azərbaycanda prezident Ilham Əliyev və onun rəhbərlik etdiyi hakim partiya qanunverici hakimiyyəti tamamilə öz nəzarətində saxlayır və bu, onlara korrupsiya sistemini inkişaf etdirmək üçün böyük imkanlar açır”.

İnformasiya şöbəsi