Aslan İsmayılov Cəmil Həsənliyə “hücum”ları pislədi

Tanınmış hüquqşünas Aslan İsmayılov Milli Şuranın sədri Cəmil Həsənlinin müsahibələrindən birində onun adından yanlış getmiş fikrə görə “hücuma” məruz qalmasına münasibət bildirib. A.İsmayılov özünün Facebook səhifəsində yazır:

“Cəmil müəllimə hücum çəkənlər onun keçdiyi yolun, Vətən, Millət üçün gördüklərinin cüzi bir hissəsini də görməyiblər. Bu tip insanlar həyatda heç nəyə nail olmayıblar, ən böyük nailiyyətləri söymək, şərləmək bacarığıdır. Bunu həqiqətən yaxşı bacarırlar. Bəli, bu sahədə nə Cəmil müəllim, nə də məni kimilər onlara çata bilməzlər. Cəmil müəllimin ünvanına səslənən qərəzli fikirlərə “dost tənqidi vacibdir” deməsi ilə də razılaşmıram. Yazılanları oxudum, onlar “dost tənqidi” deyil, “imkan düşüb buna da yerini göstərək” deməkdir.
Bunlar söyür, bizlər isə susuruq. Sovet bolşevikləri ilə bunların heç bir fərqi yoxdur. Bizlər susduqca bunlar aqressivləşir və özlərini mütləq hakim sayırlar. Bizlər çalışırıq ətrafımızdakıların uğuruna sevinək, xüsusilə yaradıcı insanların bəzən buraxdığı səhvləri görsək də, özümüzü görməzliyə vuraq, çünki onlar ruh adamlarıdır, tez acıyırlar. Bir iki cızma qara edib, ən biədəb sözləri yeni bir kəşf kimi bəh-bəhlə tirajlayanlara, nəinki tənqidə, söyüşə də acımayırlar. Bu barədə rəhmətlik Bəxtiyar Vahabzadə, Vasif Adıgözəlovla çoxlu söhbətlərim olub, onların ünvanlarına səslənən iftiralara görə necə acıdıqlarının şəxsən şahidi olmuşam. Bu cür dahiləri neçə-neçə ağzından süd iyi gələn, həyatda “məşhur” olmağı söyməkdə görən, heç bir nailiyyəti olmayanların nə qədər incitdiklərinin canlı şahidi olmuşam. Sonuncu dəfə böyük yazıçı Anardan onun haqqında yazılanlara vaxt itirməməsini xahiş etdikdə onun necə əsəbləşdiyinin şahidi oldum. Mənə əsəblə “sənin valideynlərin haqqında mənimkilər baradə yazdıqlarını yazsalar susardınmı?” sualına hələ incimişdim də. Vaxt keçdikcə, özüm haqqında yazılan iftiraları gördükcə Anarın nələr çəkdiyini, bu günlərdə yubileyi olan Vaqif Səmədoğlunun dahi Səməd Vurğun haqqındakı yazılara necə dözdüklərini təsəvvür edə bilmirəm. Həmişə dostlardan xahiş etmişəm ki, yaradıcı insanları siyasətə qatmayın, qoyun onlar öz yaradıcılığı ilə məşğul olsunlar. Onların yaradıcılığının millətin maariflənməsində, inkişafında rolu bir-iki mitinqdə alovlu nitqlər söyləyənlərlə müqayisə olunmazdır. Hərçənd ki, mən onlardan fərqli olaraq mitinqlərdə iştirak edən hər bir insanın, hakimiyyəti tənqid edən hər bir fərdin hərəkətinə hörmətlə yanaşıram. Bir də ki, demokratiyadan dəm vuranların, niyə hamının məhz onlar kimi davranmasını tələb etməsini heç cür anlaya bilmirəm. Axı hamı öz istədiyi kimi hərəkət etməlidir, kimlərinsə xoşuna gəlmək üçün yox. Məhz buna görədir ki, cəmiyyət iki düşmən qütbə bölünüb və bir-birini məhv etməyə hazırdır. Məhz buna görə arada körpü olacaq qüvvə yoxdur”.