Biz uğrunda mübarizə apardığımız, Azərbaycanda bərqərar olmasını arzuladığımız dəyərləri daha çox Avropa dəyərləri adlandırırıq. Bunun səbəbi odur ki, həmin dəyərlər bu gün daha çox Avropa ölkələrində bərqərardır. Hüquq və azadlıqların üstünlüyü, toxunulmazlığı ilə bağlı Avropa ölkələrinin uğurları tərəfkeşi olduğumuz dəyərləri “Avropa dəyərləri” adlandırmağa imkan verir.
Bura uzun illər boyunca Avropanın yetişdirdiyi fikir adamlarını, onların mübarizəsini, müqavimətini, ədalət, özgürlük, bərabərlik savaşındakı məhrumiyyətlərini, həm inkvizasiya, həm də inqilablar dövrünü də gələk. Belədə bu dəyərləri “Avropa dəyərləri” adlandırarkən əsla haqsızlıq etmədiyimizi görəcəyik. Hətta artıq Avropa xeyli dərəcədə yalnız coğrafi qavram olmaqdan çıxıb, həyat və düşüncə tərzinə çevrilib.
Amma o da unudulmamalıdır ki, əslində ədalət, özgürlük, bərabərlik bəşəri dəyərlərdir, yalnız bir ölkə yaxud bir qitə ilə bağlı deyil. Ola da bilməz. Həmin dəyərlərə hər bir xalqın və ölkənin ehtiyacı var, çünki tərəqqinin, yüksəlişin açarı həmin dəyərlərdir. Bunu görmək üçün o dəyərlərin üstün olduğu cəmiyyətlərə baxmaq lazımdır. Bir də “milli dəyərlər” altında qeyri-mücərrəd, mental xüsusiyyətlərin əvəzedilməz hesab olunduğu ölkələrin və xalqların halına baxaq. Orada bir şəxsin, bir ailənin, bir tayfanın toxunulmazlığından və əbədi hökmranlığından başqa nə görmək olar? Kütləvi itaətdən, total mütilikdən, sosial ədalətsizlikdən, yalandan və yağmadan, yaltaqlıqdan, bir ovuc adamla böyük çoxluğun arasındakı rifah fərqindən başqa nə görmək mümkündür?
Bəşəri dəyərləri daha çox “Avropa dəyərləri” adlandırmağımız isə yaptokratların işinə yarayır; onlar əvvəlcə Avropanın cin-şeytan obrazını yaradır, onu “əxlaqsızlıq yuvası” kimi təqdim edir, daha sonra isə bunun üzərindən kütlə şüurunda Avropa dəyərlərinə – yəni bəşərə dəyərlərə nifrət toxumları səpir, etimadsızlıq yaradır. Avropanı azərbaycanlılara namus-qeyrətin əldən getdiyi, bir qadının kiminlə gəldi yatağa girdiyi, şeytan əməllərin at oynatdığı məkan kimi təqdim edirlər, beləcə bizim insanların altşüurunda Avropanın adı ilə bağlanan, əslində isə bəşəri olan, bəşəriyyəti mağaralardan, cəngəlliklərdən dartıb bugünə gətirən dəyərlərdən iyrəndirmək üçün zəmin hazırlayırlar.
Beləcə, “milli dəyərlər” adı altında öz hökmranlıqlarının güclü və uzunömürlü olmasına xidmət edən dəyərsizlikləri – “hökumətlə hökumətlik etməmək”, “bir tikə çörəyə şükr eləmək”, “böyüyün üzünə ağ olmamaq”, tale, qismət işlərinə inanmaq və s. və i.a… – ən əvəzsiz, ən doğru olan kimi kütləyə sırımaq imkanları genişlənir.
Əslində isə ağlı başında olan hər kəs bilir ki, elə bir müsbət, proqressiv keyfiyyət yoxdur o milli olsun, sadəcə bir xalqın və ölkənin adı ilə bağlansın. Hüququn aliliyi, milli iradənin üstünlüyü, bərabərcə, özgürcə yaşamaq, həqiqətə və ədalətə xidmət necə “milli dəyər” ola bilər axı? Bunlar ki, bütün tərəqqipərvər bəşəriyyətə xas dəyərdir, bəşəri dəyərdir, milli-filan deyil. Elə isə maraq bürüyür adamı: bəs bunlardan qeyri geriyə nə qaldı ki, ona “milli dəyər” möhürü basasan və yalnız ona sığınıb yaşayasan? Özünüz düşünün də, sadaladıqlarımızdan qeyri geriyə qalan nədir ki, həm millidir, həm də yüksəlişin, tərəqqinin açarı?
Deməli, “millilik” əslində bəşəriliyə qarşı savaşın ustalıqla qondarılmış bir adıdır. Həm də kütlənin qulağına xoşgələn addır. Istənilən dəyərin, daha doğrusu, dəyərsizliyin əvvəlinə “milli” sözü artırıb onu rahatca xalqa yedirmək olar.
Necə ki, Azərbaycanda uzun illərdir məhz bunu edirlər. Yorulmadan və məharətlə.