“O, əməlli-başlı “kötəklənən” bir qələm sahibi idi”

Xəbər verdiyimiz kimi, Milli Şura sədri Cəmil Həsənlinin “Aktual.az” saytına xalq şairi Vaqif Səmədoğlu ilə bağlı verdiyi açıqlaması qalmaqala səbəb olub. 

“Qafqazinfo” yenidən məsələ ilə bağlı Cəmil Həsənlinin mövqeyini öyrənməyə çalışıb. Milli Şura sədri ilə müsahibəni təqdim edirik:

-Cəmil bəy, ümumiyyətlə sizi hər zaman Yazıçılar Birliyinin üzvü kimi qalmağınızda tənqid edirlər. Bildirirlər ki, sizin yazıçılarla olan münasibətiniz obyektiv fikrinizə təsir edir. Bu kimi tənqidlərə birdəfəlik son qoymaq niyyətiniz varmı?

-Əvvəla mən ünvanıma səslənən tənqidlərə birdəfəlik son qoymaq istəmirəm və bu tənqidləri də çox normal qarşılayıram. Tənqidi fikirlər bildirənlərin çoxu mənim dostlarımdır. Bu yazılarda ictimai maraq dostluq münasibətlərindən üstün tutulur, deməli onu səsləndirənlər həqiqi dost və yetkin vətəndaşdırlar. Bundan incimək, narahat olmaq lazım deyil. Əksinə sevinmək lazımdır ki, ölkəmizdə belə yüksək mənəvi dəyərlərin ifadəçisi olan nəsil yetişir. 

– Məsələn deyirlər ki, siz Anardan imtina etdinizmi ki, Vaqif Səmədoğlundan da imtina edəsiniz…

– Vaqif Səmədoğlundan imtina etməyə gəldikdə, düzünü deyim, mənim belə bir fikrim yoxdur. Onun yaradıcılığını yüksək qiymətləndirirəm. Hər halda Vaqifin şeirləri, səhnə əsərləri həyat həqiqətlərinin ədəbi təzahürü idi və bu həqiqətləri ədəbiyyata, ədəbiyyatla yanaşı ictimai müzakirələrə gətirdiyinə görə o, Sovet dövründə əməlli-başlı “kötəklənən” bir qələm sahibi idi. Vaqif kimi adamlara münasibətdə bəzi etik normaları qoruyub saxlamaq lazımdır. 

– Sizcə bir ziyalının vətəndaş mövqeyimi olmalıdırmı?

– Mən heç kimdən tələb edə bilmərəm ki, sən mən gedən yolu getməlisən və bu yolu getmirsənsə, ziyalı deyilsən. Ziyalılığın meyarı yalnız bir parametrə görə müəyyən edilə bilməz. Biz avtoritar bir rejimdə yaşadığımızdan həmin meyarın ancaq bir atributu işləyir və haqsızlığa etiraz ziyalılığı müəyyən edən amil kimi dəyərləndirilir. Əlbəttə ki, belə yanaşma ilk növbədə yaşadığımız dövrün eybəcərliyindən irəli gəlir.  Bir anlığa baxın, Üzeyir bəy Sovet ideologiyasının qaydalarına uyğunlaşmaq məcburiyyətində qaldı və 28 il Azərbaycan musiqisinin ən yaxşı nümunələrini yaratdı. İndi biz Üzeyir bəydən tələb etməliyik ki, sən niyə Sovet rejimi ilə əməkdaşlıq etdin? Bəzi adamlar keçmiş tarixi şəraiti yaxşı bilmədiklərindən tez-tez Səməd Vurğunu Hüseyin Cavidin əleyhinə ifadə verməkdə günahlandırır və hətta 30-cu il represiyalarından sağ çıxdığına görə onu yarğıya çəkmək istəyirlər. 

Mən Sizə maraqlı bir fakt danışım. Mir Cəfər Bağırov vəzifədən azad olduqdan sonra, 1954-cü ildə ona qarşı irəli sürülən ittihamlar cavab olaraq Sovet İttifaqı Kommunist Partiyasının  Partiya Nəzarəti Komittəsinə geniş izahat yazıb. Orada Səməd Vurğunla bağlı maraqlı bir məqam var. O, yazır: “1935-1939-cu illərdə xalq düşmənlərinin kütləvi ifşa edilməsi dövründə Səməd Vurğunun əleyhinə çoxlu ifadələr var idi. Əsərlərində böyük səhvlərin və nöqsanların olmasına baxmayaraq, istedadlı şair olduğuna görə yoldaş Stalinin sanksiyası onu cəza orqanlarının həbsindən  xilas etdi. Bundan sonra bir neçə il keçdi və Səməd Vurğun belə bir xahişlə müraciət etdi: Hüseyn Cavid və Abbas Mirzə Şərifzadənin həbsdən azad olub geri dönmələrinin bir yolunu tapmaq olmazmı? Ondan ötəri ki, sonuncu onun pyesində Xosrov rolunu oynayırdı. Yeri gəlmişkən Hüseyin Cavid və Abbas Mirzə Şərifzadə Müsavat partiyasının liderlərindən idilər. Bununla bağlı biz onu möhkəm tənqid etdik və xəbərdarlıq etdik ki, əgər biz onu keçmiş müəllimindən ayırmışıqsa, bu o demək deyil ki, o, bundan sui-istifadə etməlidir…Millətçilik ruhu qoxuyan şerlərindəki ciddi səhvlərə və yanlışlıqlara görə mən şəxsən onu tez-tez tənqid etmişəm… O, necə vardısa, görünür qatı millətçi kimi, elə də qalıb və hər an keçmişə görə intiqam almağa hazırdır. Onun qatı müsavatçılar olan Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə kimi müəllimləri vardı”. 

Taleyin qəribələyinə baxın, 1954-cü ildə Mir Cəfər Bağırov Səməd Vurğunu millətçilikdə, 2014-cu ildə isə indiki demokratlarımız onu bolşevizmdə günahlandırır.

Bu gün Azərbaycanda mövcud olan rejim öz mahiyyətinə görə Sovet diktaturasından çox da fərqlənmir. Bu faktı mən tarixlə oynayanlara bir nümunə kimi gətirdim ki, insanlara münasibətdə ən azı ehtiyatlı olsunlar. Məsələlərin bütün təfərrüatlarını öyrənmədən adamlar haqqında hökm verməyə tələsməsinlər.

Yalnız ziyalının deyil, hər kəsin vətəndaş mövqeyi olmalıdır. Əlbəttə, ziyalının vətəndaş mövqeyi daha aydın və açıq olmalıdır. Amerikada, İngiltərədə, Fransa və digər inkişaf etmiş ölkələrdə bu mövqe olmaya bilər. Amma bizim kimi zülmün tüğyan etdiyi, ölkənin diktaturaya sürükləndiyi, vətəndaşının cibinə narkotika, evinə silah atıldığı, islam inancının tiryəkə büküldüyü bir məmləkətdə əlbəttə vətəndaş mövqeyi də olmalıdır, ziyalı harayı da qaldırılmalıdır. Amma müəyyən mülahizələrə görə kim bunu edə bilmirsə, ona düşmən damğası vurmaq lazım deyil, onu öz vicdanın öhdəsinə buraxmaq lazımdır. İnanın ki, əsl ziyalının öz vicdanı ilə üz-üzə dayanması bütün ictimai qınaqlardan daha ağırdır. Böyük polyak rejissoru Kşiştof Zanussi müsahibələrinin birində deyir ki, sosializ dövründə adamlar bizə televiziyaya çıxdığımıza görə deyil, çıxmadığımıza, danışmadığımıza görə təşəkkür edirdilər. Əlbəttə, 24 illik qələm təcrübəsi, millətə xidmət təcrübəsi olan “Zerkalo” kimi bir qəzet bağlananda ziyalılar ayaqda olmalı idi. Axı biz milli-mənəvi yaddaşı itiləyən ən yaxşı yazılarımızı, müzakirələrimizi “Zerkalo”nun səhifələrində aparmışdıq. İndi xaricdə müsbət mənada Azərbaycan həqiqətlərinə istinadların böyük bir hissəsi bu qəzetin şənbə saylarına olunur. Mənim üçün Elçin Şıxlının redaktorluğu ilə çıxan “Zerkalo”nun, Əli Mərdan bəy Topçubaşovun redaktorluğu ilə çıxan “Kaspi” arasında heç bir fərq yoxdur. Hər ikisi rus dilli, milli düşüncəli mətbuat orqanları idi. Fəqət bircə fərqlə: “Kaspi”nin binasını yadellilər, “Zerkalo”nun tifaqını özümüzkülər dağıtdılar.   

Mən dəfələrlə demişəm, siyasət mənim həyatımın bir hissəsidir, amma hamısı deyil, heç yarısı da deyil. Əgər faydalı bir iş görmüşəmsə,bu siyasətdən daha çox mənim vətəndaşlıq borcumun, ziyalı mövqeyimin təzahürüdür. Ona görə mənim siyasətdən kənar bir dünyam var ki, orada bir çoxları kimi Vaqif Səmədoğlu da var və həmin özəl dünyadakı dostlarımın heç birisini itirmək istəmirəm. Vaqif ictimai fikirdə öz işin görmüş, cəmiyyətin ağrısını daxilən yaşamış bir fikir adamıdır. Onunla yaxından tanış olmayanlar çox şey deyə bilərlər, yaxından tanış olanlar deyilənlərə şərik olsalar günaha batarlar. Qoy Allah bizi belə günahlardan qorusun və Vaqif bəyə də xəstəliyin əzablarından xilas olmağa nicat versin.