Etibarkimilərə

Yəqin ki, fərqindəsiniz, müxalifət etiraz aksiyalarına start verəsi, parlamentin bəzi üzvləri yuyulmamış qaşıq kimi ortaya atılıb.
YAP-ın klassik müxalifətsöyərlərinə min şükür, bunlar baltanı lap kökündən vurur.
Sıra ilə ya televiziya ekranında əllərində mikrofon gözlərini yumub, ağzını açırlar.
Ya da qəzet, internet səhifələrində qabiliyyətləri çərçivəsində müxalifəti aşağılamağa girişirlər.
Xüsusi canfəşanlığı isə çiçəyi burnundakı deputatlar edir.
7 noyabr parlament seçkilərində ciblərinə mandat qoyulmuş bu zatlar istifadə olunduqlarının ola bilməz ki, fərqində deyil.
Şizofrenikin parlamentdə nə iti azıb, hər biri ağlı başında olan adamlardır.
Və hər kəs əxlaqına uyğun yazır, həm də danışır.
Bu həqiqəti təkcə müxalifəti söyməkdən qürur duyan deputatlar deyil, sıradan biri də anlayar.
Nədən ki, kimsə nəsə yazarkən və ya danışarkən, özünün kimliyini, nəçiliyini, necəliyini də nümayiş etdirir.
Bəziləri heç ümumiyyətlə, bir şey danışmasa, yazmasa da mübarək sifətini və adını görənlər hansı yuvanın quşu olduğuna asanlıqla diaqnoz qoyur.
Məsələn, Etibar Hüseynovun.
Lider TV-nin əski əməkdaşını nəzərdə tuturam.
O, bu telekanalda “Sitatın sonu” ilə gerçək kimliyini cəmiyyətə açıqlayıb.
Və yazdıqları, danışdıqları onu deməyə əsas verir ki, bu zat MƏN problemi yaşayır.
Adamın da ki, MƏNində problemi oldu, ondan hər nə desən gözləmək mümkündür.
Etibar Hüseynovun müxalifət barədə yazdığı təhqirlərə cavab vermək fikrində deyiləm.
Bunu heç özümə rəva bilmərəm də.
Sadəcə, məni düşündürən bəzi nüansları bölüşmək istərdim.
Bu gün Qərbdə insan xarakterində iki detala ciddi önəm verirlər.
Biri etikadır.
Digəri humanistlik.
Nədənsə, həm etika, həm də humanizm bizim məmləkətdə dəyərdən düşür.
Görmüşük ki, ağac bar gətirəndə başını aşağı dikir.
Bizdə tərsinədir.
Vəzifəyə keçdi, cibi pul gördü, titul sahibi oldu gözləri ayağının altını görmür.
Etiraf edək, icra strukturlarında, Milli Məclisdə yüksək savada və yüksək mədəniyyətə sahib olanlar var.
Və heç bir müxalif qəzet o kəslərdən bir şey yazmır.
Nədən ki, onlar insanların əsəblərini tarıma çəkməklə məşğul deyil.
Etibarkimilər isə cəmiyyətdə qarşıdurma yaratmaq üçün dəridən-qabıqdan çıxır.
Müxalifəti aşağılamaqla, təhqir etməklə kəndi şəxsiyyətlərinin deqradasiyaya məruz qalmasını nümayiş etdirirlər.
Vəzifə sahibinin və ya millət vəkilinin səlahiyyətinə, toxunulmazlıq statusuna güvənərək, hər hansı bir vətəndaşı təhqir etməsi tərtəmiz deqradasiyadır ki, var.
Yalnız deqradantlar “vur”, “tut”, “hür”, “söy” əmrini “vicdanla” icra edir.
Az da olsa MƏNi olan zat sabahını düşünər, uşaqlarını düşünər, ictimai rəyə önəm verər.
Söydüyü üçün söyüləcəyini düşünər.
Döydüyü üçün döyüləcəyini düşünər…
Azərbaycanın bu günə düşməsində müxalifətin suçu nə?
Korrupsiyanın, rüşvətin, məddahlığın, yaltaqlığın, riyakarlığın başında müxalifət dayanır?
Ya neftin pulları sayəsində inşa edilən milyonluq villalar müsavatçıların, cəbhəçilərindir?
Bəlkə seçkiləri saxtalaşdıran müxalifətdir?
Uzatmıram, etibarkimilərə nə məsləhət verirəm, nə də ağıl.
Sadəcə, bir el məsəlini xatırladıram.
“Gedər üzüm qorası, qalar üzün qarası”.
Vəssalam!..