ABŞ-da velosiped

Avropada gördüyüm qədər burada (ABŞ) velosipedlə qarşılaşmasam da, kifayət qədər nəqliyyatın bu sərbəst və sağlam növündən istifadə edən var. Hardasa başa düşüləndi: burda benzin də ucuzdu, maşın da…Bu da komfortsevər amerikalı üçün velosipedi elə də cəzbedici eləmir.

Deyim ki, velosiped burda təxminən, su qiymətinədir. Məsələn, mənim mindiyim bu velo 100 dollardır. Bir şey də var; vicdanınız yol versə bu velosipedi 3 ay sürəndən sonra mağazaya “xoşum gəlmədi” deyib qaytara və pulunuzu sentinə qədər geri ala bilərsiniz. Sizdən heş soruşan da olmayacaq ki, “qardaş, nəyini bəyənmədin?”

Bu məqamda sizin üçün bir dodaqqaçdıda edim. Mənim Taryel adlı dostum var, çox gözəl və abırlı insandı. Bir gün o bir mal alverçisinə qurbanlıq qoç sifariş edir. Amma sifariş gələnə qədər o başqa birindən qoçu alır.

Alverçi heyvanı gətirir, Taryelin həyası imkan vermir ki, desin ki, başqasını aldım bunu da ala bilməyəcəm. Deyir, xoşum gəlmədi bu qoçdan.

Adam dirəşir ki, axı nəyindən?

Taryel baxır ki, desə, arıqdı, olmur, heyvan ətli canlıdır.

Çolaqdı… onu da deyə bilməyəcək.

Rəngi də yerindədi…

Dostum qayıdır ki, “mələməyi xoşuma gəlmir” 

Yazıq alverçinin təpəsindən tüstü çıxıb düz gedir.

PS.

Fotolardan birini metroda çəkdirmişəm. Metroya onunla rahat düşə bilərsiniz.

Natiq