Ya zəlzələdən, ya vəlvələdən, yazıçıların, ümumiyyətlə, yaradıcı adamların ictimai məsuliyyəti, borcu, vətəndaşlıq mövqeyi bizdə tez-tez müzakirə mövzusu olur. Bir ovuc adamdan kənarda çoxluq hesab edir ki, ədəbiyyat, sənət adamlarının yaradıcılığını şəxsiyyətindən ayırmaq lazımdır. Yəni, belə çıxır ki, onların həyatda şərə, yalana, oğurluğa, zülmə xidmət etmələri əhəmiyyətsiz məsələdir, əsas odur ki, əsərlərində ləyaqət, vicdan, şərəf, həqiqət haqqında bəlağətlə cümlələr qurur, obrazlar yaradırlar.
Illərdir yaradıcı adamın şəxsiyyətini yaradıcılığından ayrı təsəvvür etməyin mümkünsüzlüyünü yazmaqdan əlimiz, deməkdən dilimiz qabar olub, amma saqqalımız (oxu: hakim gücə qulbeçəlik edərək qazandığımız orden-medalımız, imtiyazlarımız, vəzifəmiz!) yoxdu deyə, sözümüz ötmür.
Odur ki, bu dəfə mövzunu sözü dünya ədəbiyyatına möhürünü basmış şair-yazıçıların fikirlərilə davam etdirək, bəlkə heç olmasa, onların dedikləri bizdə saray ədiblərinə qeyd-şərtsiz, müticəsinə heyranlıq duyan, onların şərə xidmətlərini əhəmiyyətsiz sayan çoxluq, həm də mütləq çoxluq papağını qarşısına qoyub fikirləşdi.
Beləliklə başladıq.
***
Nobel ödüllü Çili şairi Pablo Neruda: “Heç bir şeyi olmayan adamın zəncirlərindən başqa itirəcək şeyi yoxdur. Mən hər saniyəmdə həyatımı, şəxsiyyətimi, sahib olduğum hər şeyi, yəni evimi və kitablarımı riskə atıram. Evim yandırıldı, işgəncə gördüm, bir neçə dəfə həbs edildim, sürgünə göndərildim, ev dustağı oldum, arxama minlərlə polis düşdü. Mən də ”sahib olduqlarımdan narahatam” dedim. Sahib olduğum hər şeyi xalqın mübarizəsi üçün sərf etdim…”
Nobel ödüllü Peru yazıçısı Mario Varqas Lyosa deyir: “Mənə elə gəlir ki, sən hətta siyasətə nifrət etsən də, gərək özünü hansısa formada siyasətdə sınayasan: ideya verəsən, sülh, müharibə, insan haqları, korrupsiya, mədəni həyat barədə ictimai debatlarda iştirak edəsən. Yazıçıların öz sözünü deyə biləcəyi çox mövzular var. Mən düşünürəm ki, yazıçı kitabxanaya çəkilməməlidir, əksinə, o, tarixi özü yaratmalıdır”.
Nobel ödüllü Çin yazıçısı Mo Yan: “Yazıçılar cəmiyyətin həkimləridir. Bizim vəzifəmiz onun, həmçinin hökumətin xəstəliklərini tapmaqdır”.
Heç bir əlavə təqdimata ehtiyacı olmayan Corc Oruell: “Kitab yazmaq ikinci dərəcəli işdir, birinci iş faşizmə qarşı döyüşməkdir”.
20-ci yüzilin ikinci yarısı Amerika ədəbiyyatının ən məşhur imzalarından biri Qor Vidal: “Mən çoxlarının düşməniyəm. Niksona da, Kennediyə də, elə Amerika imperiyasının özünə də dəfələrlə hücum çəkmişəm. Mən polis dövləti yaradan hökumətə hücum çəkirəm. Mən bu cür düşüncə tərzinə gətirib çıxaran Isa və Musaya hücum çəkirəm. Mən radikalam, yəni hər şeyin məğzinə varmağı xoşlayıram”.
Türkiyə nəsrinin ustadı Yaşar Kamal: “Halka kim zulmediyorsa, etmişse, halkı kim eziyor, ezmişse, onu kim sömürmüş, sömürüyorsa, feodalite mi, burcuvazi mi… Halkın mutluluğunun önüne kim geçiyorsa ben sanatımla ve bütün hayatımla onun karşısındayım… Ben etle kemik nasıl biri birinden ayrılmazsa, sanatımın halktan ayrılmamasını isterim. Bu çağda halktan kopmuş bir sanata inanmıyorum”.
Bütün zamanların böyük yazıçısı Viktor Hüqo: “Şərəfsiz şair poetik istedaddan məhrum olan hər hansı bir şərəfsizdən daha mənfur, daha rəzil və daha günahkar biridir”.
Əvəzolunmaz Alber Kamyü: “Mənim işim ” kitablarımı yazmaq və xalqım əzilərkən döyüşməkdir”.
Yenə Kamyü: “Yazıçılıq sənəti nə qədər çətin olsa da, bu iki vəzifə ilə yükümlüdür: bilə-bilə yalan danışmamaq və insanın insanı əzməsinə etiraz etmək!”
***
Bu qədər.
Di gedin fikirləşin.
Yaxşı-yaxşı fikirləşin.