Arda Turan “Barselona”ya keçir

Kataloniya klubu türk futbolçu üçün «Atletiko»ya 41 milyon avro ödəməyə hazırdır

Türkiyə futbolunun son dövrdə yetişdirdiyi ulduz futbolçulardan Arda Turan çox güman ki, növbəti mövsümdən dünya nəhəngi “Barselona”nın formasını geyinəcək. Ötən mövsüm “Atletiko Madrid”in heyətində Ispaniya çempionu olan, Çempionlar Liqasında isə finaladək gəlib çıxmaqla uğurlu karyera yaşamış Arda artıq Kataloniya klubu ilə razılığa gəlib.

Qeyd edək ki, türk futbolçunu heyətində görmək istəyən klublar sırasında “Barselona” ilə yanaşı, “Mançester Yunayted” və Monako” da vardı.

“Barselona” sözçüləri ötən günlərdə bu transferlə bağlı xəbərləri təkzib edərək, Arda ilə maraqlanmadıqlarını bildirsələr də, Türkiyənin “Milliyet” qəzeti tərəflər arasındakı danışıqların detallarını əldə edib. Məlumata görə, La Liqada çemptonatın başa çatmasına iki həftə qalmış “Barselona” təmsilçiləri Ardanın meneceri Atmet Bulutla görüşüb. Sən demə, Türkiyə millisinin futbolçusu “Atletiko Madrid”-“Malaqa” görüşündə meydanda olarkən onun meneceri Barselonada Kataloniya klubunun təmsilçilərilə transferin detallarını müzakirə edirmiş. Elə həmin görüşdə tərəflərin razılığa gəldiyi və “Atletiko Madrid”lə 2017-ci ilə qədər müqaviləsi olan Ardanın “Barselona”ya yolunun açıldığı bildirilir.

Ahmet Bulut da xəbəri təsdiqləyib. Məlumata görə, “Barselona” rəhbərliyi “Atletiko Madrid”lə müqaviləyə xitam verilməsi üçün tələb olunan 41 milyon avronu ödəməyə hazırdır.

Azad