Ötən gün mətbuatda keçmiş nazir Füzuli Ələkbərovun Ismayıllı rayonunun Ivanovka kəndindəki dəbdəbəli villasını satışa çıxarması haqqında məlumat yayıldı. Xatırladaq ki, F.Ələkbərov ötən il oktyabrın 22-də prezidentin sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən kənarlaşdırılıb. Qardaşı Nizami Ələkbərov isə Ismayıllıda baş vermiş məlum etirazlardan sonra vəzifəsini itirib.
Füzuli Ələkbərovun villasını satışa çıxarmasıyla bağlı xəbər yayıldıqdan sonra, yeni məlumatlar da üzə çıxmağa başladı. Rayon sakinlərinin dediyinə görə, Füzuli Ələkbərovun Ismayıllıda bir neçə mülkü, torpaq sahələri, moteli və çörək zavodu var.
Bəzi ehtimallara görə ƏƏSMN-də aşkar olunmuş korrupsiya faktları və nazirliyin bəzi əməkdaşlarının istintaq altında olması, Füzuli Ələkbərovu əndişəyə salıb. Ona görə də keçmiş nazir mülklərini satışa çıxararaq, pullarını ölkədən çıxarmaq istəyir.
Həqiqətən də Azərbaycan təcrübəsi göstərir ki, vəzifəli şəxslər “vurulanda” bütün varidatları da müsadirə olunur. Əli Insanov, Fərhad Əliyev və digər nazirlərin nümunəsində də bunun şahidi olmuşuq.
Məlumata görə Füzuli Ələkbərov eyni ssenari ilə üzləşməmək üçün, özünü sığortalamaq istəyir və yığdıqlarını kiməsə bağışlamaq haqqında düşünmür.
Qeyd edək ki, Füzuli Ələkbərov Ismayıllıdakı əmlakını qardaşı Nizami Ələkbərovun icra başçısı işlədiyi dövrdə əldə edib. Nizami Ələkbərov isə, hazırda mənfi reputasiyaya malikdir. Yəni, bu amili nəzərə alaraq da, Ismayıllıdakı varidatı keçmiş nazirdən ala bilərlər.
Sakinlərin dediyinə görə, Füzuli Ələkbərovun Ismayıllıda başqa obyektləri də var ki, ayrı-ayrı şəxslərin adına qeydiyyatdan keçib.
Akif