Krım boyda dərd

Bir halda ki, Ukraynanın yeni prezidenti Poroşenko and içərək səlahiyyətlərinin icrasına başlayıb, ona öz təcrübəmizdən çıxış edib bəzi tövsiyələr vermək istəyirəm, necə də olmasa, ağıl ağıldan üstündür, həmçinin məsləhətli don gen olar.

Poroşenko neyləməlidir? Əvvəla, tez-tez çıxışlarında “Bizim Krım boyda dərdimiz var” sözlərini təkrarlamalıdır. Sonra “Krım boyda dərd”i əsas gətirib Kiyevdəki Azadlıq meydanını – Maydanı buldozerin ağzına verməli, qazıb-tökməli, altında qaraj tikdirməlidir. Ki, bir daha heç kim ora yığışıb hökumətə istefa-zad tələb etmək fikrinə düşməsin.

Ümumiyyətlə, Ukraynanın Krım boyda dərdi olduğu üçün ölkədə mitinqlər qadağan edilməlidir. Yox, əgər anti-milli ünsürlər, onlara “ünsür” də demək olmaz, elementlər hansısa aksiya-maksiya fikrinə düşsə, onlara Kiyevin qırağındakı Karavayevlər Bağında yer vermək olar, qoy gedib istədikləri qədər bağırıb-çığırsınlar.

Bununla da iş bitmir. Krım boyda dərdi olan ölkədə söz azadlığı nəyə lazımdır? Axı Ukraynanın inkişafını gözü götürməyən, düşmən dəyirmanına su tökməyə çalışan qüvvələr bundan aranı qızışdırmaq, təxribatlar yaratmaq üçün istifadə edə bilərlər. Ona görə də bütün telekanalların başını bir yerə bağlamaq, qəzetlərin hamısını eyni dağın yeli, eyni bağın gülü etmək qaçılmazdır. Bir Allah şahiddir ki, Ukraynanın ərazi bütövlüyü, Krımın azadlığı uğrunda milli maraqlar belə tələb edir.

Bu da azdır. Krım boyda dərdi olan ölkədə də müxalifət olar? Müxalifət olar e, amma gərək uzaqbaşı yas yerində süfrəyə banan düzülməsini, gündüzlər küçələrdə işıqları yandıraraq israfçılığa yol verilməsini, bəzi yerlərdə kanalizasiya lyuklarının ağzının açıq olmasını tənqid etsin, hakimiyyətlə razılaşmasa da barışsın, ümummilli məsələlərdə iqtidarla eyni mövqedə dursun. Başqa cür müxalifətə Ukraynada əsla və əsla yer olmamalıdır, onun özü qərargahsız, sədri xarici pasportsuz qalmalıdır, yaxud deyək ki, Çerkass vilayətinə getmək istəyəndə qabağını əli yumurtalı, daş-kəsəkli arvadlar kəsməli, burnundan vurub geri qaytarmalıdır.

Hələ bu harasıdır? Krım boyda dərdi olan ölkədə insafdırmı ki, demokratik seçki keçirəsən, camaat kimi istəyirsə, onu gətirib prezident, deputat qoysun. Bu, yalnız Ukraynanı sevməyən qüvvələrin öz çirkin planlarını həyata keçirmək üçün qurduğu tələ ola bilər. Çalışıb bu tələyə düşməmək lazımdır, suveren demokratiyanın son nailiyyətləri olan “topa-topa bülleten”, “karusel” kimi əməliyyatlardan faydalanmaq bir nömrəli vəzifədir. Bircə vacibdir ki, məsələn, prezidentdən keçən siyahını pozduranda bunu hansısa təxribatçı qüvvələr videoya çəkib sonra dövlətçiliyin əleyhinə istifadə edə bilməsinlər.

Ukrayna öz yolu ilə getməlidir, Krım boyda dərdi olan ölkənin öz yolunu isə offşor şirkətlərsiz, ailə biznesləri olmadan təsəvvür etmək çətindir, bu, bir növ barsız söyüd kimi bir şey olardı.

Həmçinin Krım boyda dərdi olan ölkədə həbsxanalar boş qalmamalıdır, oranı mütəmadi Ukraynanın inkişafını gözü götürməyən qüvvələrlə doldurmaq əsas vəzifədir. Qoy gedib içəridə dərdin nə olduğunu öyrənsinlər. Heç torpaqları işğal altında olan ölkədə də adam korrupsiyanın kökünü kəsməyi tələb edər? Hamı bilir ki, korrupsiya ondan ötrüdür, hakimiyyət varlansın, çoxlu pulu olsun, sonra o pulu düşmənə verib əvəzində işğaldakı torpaqları geri alsın. Belə vətənpərvər niyyətlərə qarşı çıxanları türmələrə göndərmək lazımdır ki, orada düşünmək üçün vaxtları olsun, öz çirkin əməllərindən səmimi peşmançılıq keçirib əfv ərizəsi yazsınlar.

Ümumiyyətlə, Krım boyda dərdi olan ölkədə hamı başını aşağı salıb bir qarın çörəyini qazanmaq haqqında fikirləşməlidir, qətiyyən siyasətə qarışmamalıdır, hamı bilir ki, siyasət axmaq, murdar işdir, müxalifət də hakimiyyətin öz adamlarıdır, bir dəfə gəlmişdilər də gördük.

Şübhə etmirəm ki, Poroşenko bu tövsiyələrimi maraqla və diqqətlə oxuyacaq. Amma inanmıram o, bu yazdıqlarımın bircəciyini həyata keçirə bilsin. Özünüz deyin, axı cəmi-cümlətanı 55 faiz səslə prezident seçilən adamdan nə gözləyəsən? Adamın heç beləsinə prezident deməyə də dili gəlmir. Ukraynanın axırı yoxdur.