Elxan Şahinoğlu: «Müxalifət partiyaları ortaq məxrəcə gələ bilsə, Ərdoğan ciddi çətinliklərlə qarşılaşacaq»
Son günlər Türkiyənin gündəmini avqust ayında keçiriləcək prezident seçkiləri zəbt edib. Artıq baş nazir Rəcəb Tayyib Ərdoğan AKP-dən namizədliyini irəli sürüb. Müxalifət cəbhəsində də aktiv müzakirələr gedir və vahid namizədlə seçkiyə qatılmaq məsələsi gündəmə gəlib.
Verilən məlumata görə Türkiyədə aparılan sosioloji sorğular, AKP-nin reytiniqinin aşağı düşdüyünü müəyyənləşdirib. Prezidentliyə mümkün namizədlər sırasında Ərdoğan respondentlərin yalnız 41 faizinin səsini ala bilir. Bu, indiyə qədər Ərdoğanın, eləcə də AKP-nin qazandığı ən aşağı etimad göstəricisidir. Bəzi ekspertlər hesab edir ki, bu göstərici ilə prezident seçkilərini birinci mərhələdə başa vurmaq mümkün olmayacaq.
Digər tərəfdən GHP və MHP-nin bir araya gələrək vahid namizədlə seçkiyə getməsi müzakirə olnub. Dövlət Baxçalı jurnalistlərə açıqlamasında bildirib ki, Dəniz Baykalın vahid namizəd kimi seçkilərə qatılmaq ehtimalı var. Qeyd edək ki, Dəniz Baykal siyasi səhnədən nisbətən uzaqlaşsa da bu gün siyasətdə olan bir çox şəxsdən daha üstün nüfuza sahibdir. CHP və MHP-nin razılığa gələ biləcəyi yeganə namizəd kimi də məhz Dəniz Baykal göstərilir. O mətbuata açıqlamasında bildirib ki, ölkə tarixində ilk prezident seçkiləri olacaq 10 avqust millətin silkinərək problemlərindən çıxış yolu tapmasının yeni mərhələsi ola bilər. Dəniz Baykal MHP və CHP-nin mütləq və mütləq ortaq hərəkət etməli olduğunu deyib: “Iki aparıcı müxalifət partiyasının seçkilərə ayrı-ayrılıqda getməsi Ərdoğanın qələbəsinə şans yaratmaqdır. Siyasi partiyalar bunu dərk etməlidir” – deyə Dəniz Baykal bildirib.
Baş verənlər onu göstərir ki, müxalifətin vahid namizədlə çıxış etməsi və son dövrlər ölkədə baş verən xoşagəlməz hallar, Ərdoğan üçün ciddi çətinlik yarada bilər. Eyni zamanda müxalifət AKP-nin reytinqinin düşməsindən düzgün istifadə edərək, önə çıxa bilər.
Siyasi ekspert Elxan Şahinoğlu hesab edir ki, seçkilərin birinci mərhələsində gərgin mübarizə gedəcək və hər iki tərəfin uğur qazanmaq şansı var: “Bələdiyyə seçkilərində 45 faiz səs aldıqdan sonra, Ərdoğan düşündü ki, prezident seçkilərində iştiraka cəhd etmək olar. Indiki halda Ərdoğanın reytinqinin müəyyən qədər aşağaı düşməsi o demək deyil ki, iddiasından əl çəkəcək. Ancaq, Bələdiyyə seçkilərindəki 45 faiz səs toplamaq, prezident seçkilərinin ilkin mərhələsnidə Ərdoğanın qələbəsinin vəd etmir. Yəni, Ərdoğanın ikinci turda qalib gəlmək şansı var. Eyni zamanda Ərdoğan bu seçkidə kürdlərin də səsini almaqda iddialıdır. Son dövrlərdə həyata keçirilən kürd açılımı məhz bu amil ilə bağlı idi”.
Ekspert onu da əlavə etdi ki, Türkiyə müxalifətinin də toparlanmaq şansı var: “Indi CHP və MHP başa düşür ki, Ərdoğana təklikdə qalib gəlmək çətindir. Ona görə də vahid namizəd ətrafında düşünməyə başlayıblar. Mən vahid namizədlə seçkidə iştirakı az ehtimal edirəm. Çünki, MHP və CHP fərqli siyasi xəttlər yürüdürlər. Ancaq, hansısa ortaq məxrəcə gələ bilsələr, Ərdoğanla başabaş mübarizə apara bilərlər. Dəniz Baykal düzgün seçim olardı. Çünki, Dəniz Baykal ana müxalifətin başında olanda Ərdoğanla bərabər səviyyədə mübarizə apara bilib. Bir məqam da ondan ibarətdir ki, vaxt Ərdoğanın xeyrinə işləyir. Çünki, müxalifət hələ namizədini müəyyənləşdirə bilməyib. AKP-nin namizədi isə bəllidir və öz reytinqini artırmaq üçün kampaniyalara start verə bilər”.
Akif


