Generala yaraşmayan açıqlamalar

Üzeyir Cəfərov: «General rütbəsi daşıyan şəxslərin bu qədər səviyyəsiz açıqlamaları təəssüf hissi doğurur»

Son günlər mətbuatda bəzi generallarımızın açıqlamaları dərc olunur və bu açıqlamalarda səslənən fikirlər insanı məyus edir.

Məsələn, Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri, general-mayor Mahmud Həmzəyev “Publika.az” saytına müsahibə verib. Jurnalistin, “Sizin yaxın vaxtlarda həbs ediləcəyiniz və sizə qarşı yoxlamaların aparılması barədə məlumatlar yayılmışdı” fikrinə, general belə cavab verir: “Kim yazırsa, cəhənnəmə yazsın. Axı kimi yoxlayırlar? Nə üçün yoxlayırlar? Onu yazan heyvan bilmirmi ki, generalı nə üçün yoxlayırlar? Mən 5 ildir ki, təqaüdə çıxmışam. Onu yazanlar uzunqulaqlardır. Axmaq adamlardır, yazırlar da”.

Yaxud keçmiş hərbi komissar, general Əliağa Hüseynovun jurnalistlərə qarğış etməsi ilə bağlı xəbərlər yayıldı. Belə ki, Əliağa Hüseynovun səhhətindəki problemlərlə bağlı Türkiyəyə getməsi barədə məlumat yayılıb. General isə, “mənə xəstə deyənin anası xəstədir” deyə haqqında yazılanlara cavab verib.

Ümumiyyətlə, general rütbəsi daşıyan, mühüm postlar tutmuş adamların, bu səpgili açıqlamaları təəssüf doğurur. Əgər bir jurnalistin yazdıqlarına bu cür münasibət göstərilirsə, bu adamların tabeliyində olan əsgərlərin hansı mənzərə ilə üzləşdiklərini təsəvvür etmək çətin deyil.

Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, generalların özünü bu səviyyədə ictmaiyyətə təqdim etməsi təəssüf doğurur və tərbiyəsizlik kimi qəbul edilir: “Mən Mahmud Həmzəyevin açıqlaması ilə tanış oldum və general rütbəsi daşıyan bir şəxsin bu qədər səviyyəsiz fikirlər səsləndirməsi yolverilməzdir. Ictimaiyyətə, mətbuata belə fikirlər səsləndirən şəxsin, başqa əməllərindən danışmaq artıqdır. Bu həmin Mahmud Həmzəyevdir ki, Beyləqanda hərbi hissə komandırı olarkən, tabeliyində olan zabitin ona yaxınlaşıb, ailə vəziyyəti ilə bağlı evə buraxılmağını xahiş edəndə  ”mən general ola-ola bilmirəm ki, ailəm hardadır” cavabını vermişdi. Yaxud Şahin Sultanovla bağlı suala “o hara, mən hara” cavabını verir. Müqayisə edəndə Şahin Sultanov da general-leytnantdı və Mahmud Həmzəyevin həmişə qucaqlaşıb görüşdüyü adamdı. 

Əliağa Hüseynovun açıqlaması da təəssüf doğurur və generala yaraşmayan ifadə formaları işlədir.

Bildiyiniz kimi, bir neçə gündən sonra Silahlı Qüvvələrin yaranması günü qeyd ediləcək və yeni generallar silahlı qüvvələrə təqdim olunacaq. Yaxşı olardı ki, həmin adamlara rütbə verməzdən öncə onların mənəvi durumu, davranışı, səviyyəsi yoxlanılsın”.

Akif