Zaman bizi Elçibəydən uzaqlaşdırdıqca…

Azərbaycanda ilk demokratik seçkidə Əbülfəz Elçibəyin prezident seçilməsindən 22 il keçir. Əbülfəz Elçibəy Azərbaycan tarixinin ən böyük şəxsiyyətlərindən biridir. Əlbəttə, cəmiyyətdə Elçibəyin xeyli tənqidçisi də var və biz həmin insanların bu tarixi şəxsiyyətə tənqidi yanaşmaq hüququna hörmət edirik. Əminəm ki, zaman bizi Əbülfəz bəydən uzaqlaşdırdıqca, onun millətimiz qarşısında xidmətlərini daha yaxşı dərk edəcəyik.

Əbülfəz bəy Sovet İttifaqının dünyanın iki supergücündən biri olduğu, yüz milyonlarla insanı zombiləşdirdiyi o ağır zamanlarda (ötən əsrin 70-ci illərində) anti-Sovet fəaliyyətinə, Azərbaycanın müstəqilliyini təbliğ etdiyinə görə siyasi məhbus həyatı yaşamış yeganə azərbaycanlıdır. Milli şüurumuzun formalaşmasında, milli özünüdərkimizdə Əbülfəz bəyin rolu əvəzsizdir. Əbülfəz Elçibəy Azərbaycanın dövlət müstəqilliyinin bərpasına nail olmuş Milli Azadlıq Hərəkatının şəriksiz lideri və ölkəmizin azad, ədalətli seçkilərdə seçilmiş ilk prezidenti kimi də tariximizdə şərəfli bir yer tutur.
Əbülfəz bəy ölkənin prezidenti olduğu bir il ərzində də çox mühüm islahatlar həyata keçirdi. Ölkəmizdən Rusiya qoşunlarının çıxarılması, ali təhsil müəssisələrinə qəbulun test üsulu ilə keçirilməsi, işğal olunmuş Qarabağ ərazisinin 40%-ə qədərinin azad edilməsi onun fəaliyyətinin ən parlaq nəticələrindən idi. Əbülfəz Elçibəy özünün və komandasındakı bir çox silahdaşlarının yüksək dövlət vəzifələrində rüşvətə, korrupsiyaya bulaşmadan çalışmaları ilə biz azərbaycanlıların, guya, az qala genetik olaraq rüşvətə meylli olmağımız barədə yaradılmış mifi darmadağın etdi.
Allah Əbülfəz Elçibəyə rəhmət eləsin! Bu millətə də kömək olsun ki, demokratik qaydada rəhbər seçmək hüququnu yenidən özünə qaytarsın!