Qubad İbadoğlu: «Hakimiyyətin bu istiqamətdə gətirdiyi arqumentlər əsaslı sayıla bilməz»
Azərbaycan Avropa Şurasında böyük şəhər bələdiyyəsi sisteminə keçməyən yeganə ölkədir. Amma hakimiyyətin bu çatışmamazlığı tezliklə aradan qaldıracağı real görünmür. Çünki hər dəfə bu məsələ gündəmə gələn zaman hakimiyyət təmsilçilərinin açıqlamaları problemi daha da qəlizləşdirir. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin də açıqlaması da bu qəbildəndir. A.Rəhimzadənin də fikrincə, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması real deyil: «Gələcəkdə Bakı Böyük Şəhər Bələdiyyəsi yaradıla bilər. Ancaq hazırda bu, qeyri-real məsələdir. Çünki Bakı Azərbaycanın yarısıdır. Bakının bir bələdiyyə ilə idarə edilməsinə hələlik nə cəmiyyət hazırdır, nə də bələdiyyələr o yükü öz üzərinə götürə bilər. Ona görə də bu məsələ hələlik rayon səviyyəsində qalıb, bələdiyyələr Bakının rayonlarında yaradılıb. Digər tərəfdən, hazırda Azərbaycanda mərkəzləşmə yüksək səviyyədədir. Bunun əsası da var. Birinci, bizim qaçqınlarımız, məcburi köçkünlərimiz var, müharibə şəraitindəyik. İstər-istəməz mərkəzləşmə olmalıdır. Bələdiyyələrin görməli olduğu bir çox işi hazırda respublika təşkilatları görür. Vəziyyət normal hala düşəndən, Dağlıq Qarabağ məsələsi həll olunandan, əks mərkəzləşmə prosesi gedəndən sonra şəhər bələdiyyəsi də yaradılacaq, bu istiqamətdə digər islahatlar da gedəcək».
Maraqlıdır ki, ənənəsinə sadiq qalaraq hakimiyyət təmsilçiləri Azərbaycan iqtidarının reallaşdırmalı olduğu islahatların gerçəkləşməməsini qaçqınlarla bağlayır.
İqtisadçı Qubad İbadoğlu bildirdi ki, Azərbaycan Avropa Şurasının yeganə ölkəsidir ki, şəhəri idarə edən seçilmir, təyin edilir. Bunun Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə zidd olduğunu deyən Q.İbadoğlu vurğuladı ki, Avropa Şurasına daxil olan ölkənin paytaxtını mer idarə etməlidir və mer seçkilərində siyasi partiyalar fəal rol oynamalıdırlar: «Amma uzun müddətdir ki, bu istiqamətdə siyasi iradə ortaya qoyulmayıb. Hakimiyyətin bu istiqamətdə gətirdiyi arqumentlər, məcburi köçkünlərin olmasını səbəb kimi göstərməsi həqiqətəuyğun deyil. Sadəcə olaraq mer seçkiləri yeni seçki atmosferinin yaranmasına gətirib çıxara bilər. Bu isə syiasi partiyaların aktivliyinə, yeni siyasi aponentlərin yaranmasına səbəb olacaq». Q.İbadoğlunun fikrincə, görünür, hakimiyyət seçki aktivliyinin yarana biləcəyini nəzərə alaraq ölkədə belə bir islahatı həyata keçirmir.
Xəyal