Tanınmış rus siyasətçisi, əvvəllər Putinin yaxın silahdaşlarından olan Arlfred Kox Rusiyanın sonunun çatdığını yazır
Alfred Kox
Mənim fikrimcə, hər şey olduqca aydındır. Rusiya öz geniş imkanlarını və bədnam ,,tam suverenliyini,, qoruyub saxlayaraq (Putin və komandası bunu nə qədər arzu etsələr də) salamat qalmaq imkanlarından məhrum oldu. Və bizdə nüvə silahının mövcudlğu faktı ilə özümüzü aldatmayaq. Onun tətbiqi «game over» demək olardı və bunu müzakirə etmək tamamilə mənasız işdir.
Təklikdə (ola bilsin, hətta Qazaxstan, Belorus, Ermənistan və Qırğızstanla birlikdə) salamat qalmaq cəhdləri sürüşkən müstəmləkəçiliyə və Rusiyanın tam və birdəfəlik olaraq xammal əlavəsinə çevrilməsinə gətirib çıxaracaq. Bu da o qədər aydın görünür ki, adam bunu hətta əsaslandırmağa da ərinir.
Ovurdlarını şişirdərək və özünü əlahiddə götürülmüş sivilizasiya və güc mərkəzi kimi təsvir etmək, kütlənin qəzəbini cəmi bir neçə faiz artırmaq məqsədilə daxili istifadəyə yönəlmiş beyin və informasiya aktivliyidir. Bunun amerikanları miskincəsinə təqlid etmək və ya intihar ifadəsi olmaqdan başqa heç bir tətbiqi əhəmiyyəti yoxdur.
Özünüz mühakimə edin… Rusiyanın iqtisadi gücü zorla nəzərə çarpır və yalnız enerji daşıyıcıları hesabına mövcuddur. Əhalisi isə cəmi 140 milyon nəfərdir. Bu göstəricilərlə oyun qurmaq mümkün deyil.
Uyğun olaraq, hansısa qlobal alyansın bir hissəsi olmaq lazım gəlir. Alyansın üzvü olaraq öz suverenliyinin bəzi elementlərini alyansın dövlətüstü qurumuna güzəştə getmək, alyans daxilində mövcud olan oyun qaydalarına əməl etmək lazımdır. Ola bilər ki, ilk vaxtlarda, bu, qeyri rasional, ikiüzlü, hətta zərərli görünə bilər. Amma orta perspektivlərdə belə bir alyansa qoşulmanın toplam uduşları bütün itkilərin yerini doldurur.
İndiki halda seçim imkanı geniş deyil. Ya Qərb,ya da Çin. Üstəlik, burada avtomatik prinsip işə düşür. Əgər Qərblə inteqrasiyaya «yox» qərarı verilibsə (hərçənd, Qərb də əlini yelləyib gedib və buna heç ümid etmir), deməli, Çinlə alyansa girmək lazım gəlir. Çinlə alyans üçün isə xüsusi bir qərar verməyə ehtiyac yoxdur.
Təbiət boşluğu sevmir və hansısa məkanda hansısa gücün yoxluğu başqa bir gücün meydana çıxması ilə nəticələnir. Burada bizdən başqa heç bir gücün olmadığını təsəvvür etmək isə təhlükəli illüziyadır və özünü aldatmaqdan başqa bir şey deyil. Düşük və soyuqqanlı bir yalandır.
Əvvəldə də qeyd etdiyim kimi, nəticə sadədir. Hansı alyansda olmaq istədiyimizə qərar verməliyik. Qərbləmi, Çinləmi? Şəxsən mənim üçün alternativ yoxdur: əlbəttə, Qərblə. Deyəsən, Kreml öz də öz qərarını verib və bu qərar mənim seçimimlə daban-dabana ziddir.
Mən belə təsəvvür edirəm ki, əgər rus mədəniyyəti və rus mentaliteti qorunub saxlanacaqsa (təbii ki, müasurləşərək) bu, Qərblə bir yerdə mümkündür. Çin bu özəllikləri sadəcə olaraq, məhv edər.
Faktiki olaraq, biz Rusiyanın dəfn mərasimində iştirak edirik. Ərazi, resurslar və bir də neft borusunu mühafizə edən bəlli sayda yarımsavadlı metislər qalır. Bu, bizim yeni dostlarımıza və himayədarlarımıza lazım olanların hamısıdır. Təbrik edirəm sizi, əziz patriotlar! Biz öz suverenitetimizi yaramazlardan xilas etdik. Ura! Əlvida Rusiya! Biz səni xatırlayacağıq! Rusiya gözəl idi… Neyləmək olar…


