Qoyun məsələsi

Dünən iqtisadçı dostumuz Natiq Cəfərli Azərbaycanda neft pullarının necə talan edildiyi barədə maraqlı bir fakt paylaşdı, bəy yazır: “Hökumət nümayəndələri tez-tez gələcək nəsillərə qayğıdan da danışır, pafoslu çıxışlar edirlər, əslində isə Neft Fonduna daxil olan vəsaitləri dağıtmaqla məşğuldurlar, gələcək nəsillərə qəpik-quruş saxlayırlar: 2013-cü ildə Neft Fondunun gəlirləri 13 mlrd. 600 milyon manat olub, bu vəsaitin 12 milyard 302 milyon manatını, yəni, 92,3%-ni xərcləyiblər. Neft Fondunun qızılın ucuzlaşmasıdan, valyuta kurslarının dəyişməsindən, aldığı daşınmaz əmlakın qiymətinin düşməsindən itirdiklərini də nəzərə alsaq, Neft Fondu 2013-də qazandığı vəsaitdən gələcək nəsillərə, demək olar, heç nə saxlamayıb. Bax beləcə, ölkənin tək dünənini, bu gününü deyil də, gələcəyini də basıb-yeyirlər…” 

Bəyin bu həyəcan təbili Bakıdakı marşrut avtobuslarından birinə qoyun mindirilməsi barədə xəbərin yaratdığı səs-küy içində eşidilməz oldu. Halbuki normal ölkədə ortaya çıxarılan belə bir yağmalama faktı gündəmin önünə oturmalı idi. 

Bəli, sosial şəbəkələrdə bunu qoyub, marşrut avtobusuna qoyun mindirilməsini müzakirə edən xeyli adam götürüb yazırdı ki, “axı həmin qoyunun orada nə işi var”-zad. Belə başa düşdüm ki, əksəriyyət marşrut avtobusuna mindirildiyi üçün elə qoyunun özünü günahkar bilir, onu ittiham edir.

O anda yadıma məşhur lətifə düşdü, bir kişi qatarla Bakıda təhsil alan oğlunun yanına gedir, özü ilə də qoyun aparır. Iri bir qutuya yerləşdirdiyi qoyun qəfildən mələyir, bunu eşidən sərnişinlərdən biri soruşur:

– Mən düz eşitdim? Yoxsa qutudakı qoyundur?

Kişi cavab verir:

– Yox, qutudakı rüşvətdir, “qoyun” Bakıda oxuyur.

Dediyim odur ki, qoyun haqqında danışarkən həmişə ünvanı dəqiqləşdirməyə ehtiyac var. Bəzən qoyun sadəcə, qoyundur, dördayaqlı dilsiz-ağızsız varlıqdır, bəzən qoyundan daha çox qoyun olanlar var həyatımızda, ətrafımızda. 

Ümumiyyətlə isə, qoyunun marşrut avtobusuna mindirilməsinə niyə bu qədər təəccüblənirlər, bunun hansı xəbər dəyəri var, anlamaq çətindir. O qoyunu yenə başqaları ora mindirib, şəxsən mən öz ayağı ilə marşrut avtobusuna minən qoyunlarla tez-tez rastlaşıram, onlar çimmir və üfunət iylənirlər, adamın üzünə gəyirirlər, mobil telefonla böyürə-böyürə danışır, yanındakı başqa bir qoyunla hansısa şit, əttökən zarafat edib hırıldamağı böyük mərifət sanırlar. 

Nəticədə belə bir mənzərə yaranır: bir nəfər rəsmi milyonçunun olmadığı ölkədə 16 milyon manata villa satanlar at oynadır. Bəli, bu yaxınlarda Yeni Yasamalda elə bu məbləğə villa satışa çıxarıldığı barədə elan yayıldı, dünən isə internetdə birja saytlarına istinadən Bakıda milyonluq villalarla bağlı araşdırmaya (fotoşəkillərit ilə birgə!) rast gəldim. Orada Bilgəh qəsəbəsində 4 milyon manata satılan 7 otaqlı villa, Şıxov qəsəbəsində 3 milyon 600 minlik imarət, Novxanıda 2,6 milyon, Badamdarda 2 milyon 500 min manata olan mülk, “Kempinksi” hotelinin yanında 2 milyon manata satılan 8 otaqlı malikanə barədə danışılırdı. Siyahı uzundur, hamısını sadalamağa həvəsimiz və yerimiz yoxdur. Bəli, həmin milyonluq villalar bir nəfər rəsmi milyonçunun olmadığı ölkədə tikilir, alınıb-satılır, bu isə Azərbaycanda büdcə oğruluğunun, rüşvət və korrupsiyanın, “kölgə iqtisadiyyatı”nın hüdudsuz miqyasını göstərir.

Gəlin açıq danışaq: ölkədə nə qədər insan bu cür dəbdəbəli imarətlərin yanından keçərkən başını qaldırıb həsədlə, heyranlıqla baxdığı halda həm də oturub həmin sarayların hansı pullarla inşa edildiyi barədə düşünür, belə dəbdəbəli imarət sahiblərinin dəyirmanının suyunun haradan gəldiyini sorğu-sual etmək haqqında fikirləşir? Nə qədər insan, lap elə yazının əvvəlində deyildiyi kimi, artıq neft pullarından gələcək nəsillərin payına düşməli olan vəsaitin də talan edildiyinin fərqindədir? Bəs ölkəsində olub-bitənlərlə, baş verənlərlə bağlı, onun taleyi haqqında  düşünməyi, fikirləşməyi, sorğulamağı, təpki verməyi özünə yasaqlayanlar, başına gələnlər-gətirilənlər barədə səssizliyə bürünərək yaşayanlar niyə hansısa marşrut avtobusunda dilsiz-ağızsız bir qoyunla bərabər getməyi özlərinə həqarət saymalıdırlar? Bəyəm aradakı fərq o qədərmi böyükdür?