Rus generalından sensasion bəyanat

FTX MDB məkanında o cümlədən Azərbaycanda demokratik inqilablara qarşı mübarizə aparır

Sülhəddin Əkbər: «Rusiya Azərbaycanda hətta razılaşma olmadan da hansısa əməliyyatlar keçirə bilər»

MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərinin Minskdə keçirilən toplantısında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri, general Aleksandr Bortnikov sensasion sayıla biləcək bəyanatla çıxış edib.
Virtualaz.org saytı Belarus KIV-lərinə istinadən xəbər verir ki, xüsusi xidmət orqanlarının MDB respublikalarında hakimiyyətlərin ələ keçirilməsi cəhdlərinin qarşısının alınmasındakı xüsusi rolu haqda danışan general Bortnikov deyib ki, FTX “bu ölkələrdə hakimiyyətləri devirmək niyyətində olan qüvvələrin ola biləcəyini” nəzərə alır və bu məqsədlə xüsusi xidmət orqanları sərt hərəkət edəcək.
“Destruktiv qüvvələrin MDB ölkələrində vəziyyəti qarışdırmağa yönələn səyləri yolverilməzdir. Biz bu səylərin qarşısını almaq üçün qanun çərçivəsində, ancaq olduqca sərt hərəkət edəcəyik ki, destruktiv qüvvələrin bizim ölkələrimizdəi vəziyyətə təsir etməsinə imkan verməyək” – deyə Bortnikov bildirib.
FTX rəhbəri əlavə edib ki, onlar bu istiqamətdə real niyyətlərin şahidi olurlar və mövud informasiya xüsusi xidmət orqanlarını reaksiya verməyə, səyləri birləşdirməyə, o cümlədən informasiya mübadiləsinə məcbur edir.
A.Bortnikov bildirib ki, bu cür qüvvələr qeyri-leqal fəaliyyət göstərirlər, müvafiq Qərb qeyri-hökumət təşkilatlarından maliyyələşirlər və bu təşkilatlar o cümlədən MDB ölkələrinin ərazisində də mövcuddur.
Bortnikovun sözlərinə görə, xüsusi xidmət orqanlarının səyləri “bu cür qanun pozuntularının profilaktikasına” yönəlib və məqsəd “leqal müxalifətçilik fəaliyyətinin radikal zəminə keçməsinin” qarşısını almaqdır.

Ekspert Sülhəddin Əkbər Bortnikovun bəyanatını “Azadlıq”a şərh edərkən bildirib ki, MDB dövlətlərinin xüsusi xidmət orqanlarının əməkdaşlığı barədə açıq razılaşma var. Bu razılaşma əsasında hansısa əməliyyatlar keçirilə bilər: “Bundan başqa xüsusi xidmət orqanları arasında gizli razılaşmalar da ola bilir. Ümumiyyətlə isə Rusiya MDB məkanında, o cümlədən Azərbaycanda hətta razılaşma olmadan da hansısa əməliyyatlar keçirə bilər. Rusiyanın Azərbaycandakı əməliyyatlardan biri də 2005-ci ildə sabiq səhiyyə naziri Əli Insanovun və sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin dövlət çevrilişinə cəhd ittihamı ilə həbsi olub. Nəzərə almaq lazımdır ki, hazırda postsovet məkanında geopolitik qarşıdurma kəskinləşib. Rusiya Gürcüstanda Abxaziya və Osetiyanı işğal edib, Ukraynada Krımı işğal edib və Qərbin postovet məkanında möhkəmlənməsinə qarşı ciddi səylərini davam etdirir. Rusiya MDB məkanını itirmək niyyətində deyil. Konkret Azərbaycana gəlincə, Rusiya 2005-ci ilin əvvəllərindən başlayaraq ölkəmizdə güclənməyə başlayıb”.