«Lavrov Putinin mesajlarını gətirir»

«Avropa Birliyi ilə Rusiya Azərbaycan uğrunda savaşa girib»

Vəfa Quluzadə: «Azərbaycana səfər edəcək Rusiyanın «ağır artilleriyası» Lavrov və Raqozin təzyiq diplomatiyasını təmsil edir»

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin tarıxı açıqlanıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, Sergey Lavrov iyunun 17-18 Azərbaycanda səfərdə olacaq. Onun sözlərinə görə, nazir ikigünlük səfəri çərçivəsində Azərbaycan rəhbərliyi və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Görüşdə iki tərəfli münasibətlər və regionda mövcud problemlər müzakirə ediləcək.

Qeyd eedək ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başa çatandan sonra baş nazirin müavini Dmitri Roqozinin səfəri gözlənilir.

Bundan başqa Putinin sağ əli Sergey Narışkinin də böyük nümayəndə heyəti ilə Azərbaycana səfəri  gözlənilir. Maraqlıdır ki, son zamanlar Rusiya ilə Azərbaycan arasında diplomatik təmaslar intensivləşib. Amma bu intensivliyin fonunda Qərbin də Azərbaycana marağı artıb. Bunu Qərb diplomatlarının Azərbaycan səfəri və hakimiyyətə yönəltdiyi mesajlar da sübut edir. Hər iki qütbün Cənubi Qafqazı, xüsusilə Azərbaycanı sanki mübarizə meydanına çevirdiyi hiss olunur.

Politoloq Vəfa Quluzadə baş verənlərin təəccüblü olmadığını düşünür. Hazırda Ukrayna böhranından irəli gələrək Qərb ilə Rusiya arasında münasibətlərin korlandığını deyən V.Quluzadə vurğuladı ki, bu münasibətlərin nə zaman normalaşacağı məlum deyil. Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinin də hələ gündəmdən düşmədiyini söyləyən V.Quluzadə bildirdi ki, baş verənlərdən irəli gələrək Rusiya ciddi təşviş keçirir: «Rusiya hazırda NATO cəbhəsinə nə cür cavab vermək barədə düşünür. Rusiya keçmiş SSRİ ölkələrini ətrafına toparlayaraq onları Qərbə qarşı ittifaq kimi təqdim etməyə çalışır. Amma Rusiyanın ittifaq yaratmaq imkanı yoxdur. Bunun bir neçə səbəbi var. Birinci səbəb Rusiyanın yürütdüyü imperialist siyasətdir. Digər tərəfdən Rusiyanın çökmüş iqtisadiyyatı onu digər ölkələr üçün cəlbedici etmir. Lakin keçmiş sovet ölkələri Rusiyadan çəkinir. Bunun da səbəbi Rusiyanın apardığı aqressiv siyasətdir. Rusiya 2008-ci ildə Gürcüstana qarşı işğal siyasəti həyata keçirdi. Azərbaycan və Moldovada da Rusiya oxşar problemlər yaradıb. Bütün bu addımlar göz önündədir və yaxşı məlumdur ki, Rusiya bundan da aqressiv siyasət yürüdə bilər. Ona görə keçmiş SSRİ ölkələri müstəqilliklərini əldən verməmək şərti ilə Rusiya ilə müəyyən əməkdaşlığa gedirlər. Lakin Rusiyanın yaratdığı Gömrük İttifaqı, Avrasiya İttifaqı müstəqilliyə toxunan məsələdir».

Azərbaycan Cənubi Qafqazda önəmli ölkə olduğuna görə Rusiya və Qərbin mübarizə meydanına çevrildiyini deyən V.Quluzadə bildirdi ki, rus diplomatlarının Azərbaycana səfəri bu baxımdan təsadüfi deyil: «Azərbaycana səfər edəcək Rusiyanın «ağır artilleriyası» Lavrov və Roqozin təzyiq diplomatiyasını təmsil edir.  Onlar birbaşa Putinin siyasətini həyata keçirən şəxslərdir. Ona görə əminliklə demək olar ki, Avropa Birliyi ilə Rusiya Azərbaycan uğrunda savaşa girişib. Amma rusiyadan fərqli olaraq Avropa Birliyi Azərbaycan üçün tam cazibadardır. Amma təəssüf ki, Azərbaycan hazırda nə NATO, nə də Avropa standartlarına cavab verir. Lakin 50-ci illərdəki Türkiyəni xatırlayın. Osmanlı imperiyasının qalıqları üzərində qurulan bir dövlət NATO-ya üzv qəbul olundu. Ona görə düşünürəm ki, Qərb Azərbaycanın çatışmamazlıqlarına baxmayaraq ölkəmizi NATO və Avropa Birliyinə cəlb etməlidir. Hazırda balans siyasəti ciddi təhlükə altındadır. Azərbaycan hakimiyyətinin arzusu Avropadan və Rusiyadan məsafə saxlamaqdır. Bu günə qədər bu siyasət işləyib. Amma görə Lavrovla, Roqozin hansı mesajları verəcəklər. Onlar bizimlə sərt dildə danışa bilərlər. Onlar bizə açıq mətnlə deyə bilərlər ki, siz heç bir tərəfə inteqrasiya edə bilməzsiz, sizin yeganə yolunuz Rusiyadır».

V.Quluzadə hesab edir ki, Rusiya Azərbaycanı tərəfinə çəkmək üçün hazırda hətta Qarabağ probleminin həlli ilə bağlı bir sıra xoş vədlər də verə bilər. «Amma bu vədlərin heç biri gerçəkləşməyəcək. Çünki son iyirmi ildə Rusiyanın Qarabağ problemi ilə bağlı siyasətinin nədən ibarət olduğunu görmüşük», deyə V.Quluzadə bildirdi.

Xəyal