kiv-df

Kinomuzun və səhnəmizin parlaq incisi – “Arşın mal alan”

136 ölkədə nümayiş, 86 dilə tərcümə…

Azərbaycan kinosu tarixində 1898-ci ildən 1935-ci illərə qədərki dövr səssiz filmlərin istehsal olunduğu dövrdür. Belə filmlərdən biri 1916-cı ildə Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında çəkilən ilk Azərbaycan kinokomediyasıdır. Amma bu əsərin ekran təcəssümü ilə qazanılan gerçək uğur 1945-ci ildə yenidən ekranlaşdırılan variantı oldu. Bu filmlə rejissorlar R.Təhmasib və N.Leşşenko milli koloriti və xalq yumorunu saxlamaqla parlaq realist kinokomediya yarada bilmişdilər. “Arşın mal alan” keçmiş SSRI və dünyanın bir çox ölkəsində uğurla nümayiş etdirildi. Bu filmə görə rejissorlar R.Təhmasib və N.Leşşenko, bəstəkar Ü.Hacıbəyov, aktyorlardan R.Behbudov, L.Bədirbəyli, Ə.Hüseynzadə, M.Kələntərli və L.Abdullayev 1946-cı ildə SSRI Dövlət mükafatına layiq görüldülər.

“Arşın mal alan” filmindən etibarən Azərbaycan kinosunda musiqili komediya janrına meyl gücləndi. “Görüş”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Romeo mənim qonşumdur”, “Əhməd haradadır?”, “Ulduz”, “Arşın mal alan”, “Qayınana”ÿ və s. filmlərdə bu ənənə davam etdirildi. 70-ci illərdə “Uşaqlığın son gecəsi”, “Gün keçdi” filmləri özünə tamaşaçı topladı və indi də baxımlı filmlər sırasındadır.

Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından “100 Sevimli film” seçilmişdir. Həmin filmlər üç hissəyə – Qızıl, Gümüş və Bürünc siyahılara ayrılmışdır. 1945-ci ildə istehsal olunmuş “Arşın mal alan” kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə “Qızıl Siyahı” ya daxil edilmişdir. Film 136 ölkədə nümayiş etdirilmiş, 86 dilə tərcümə olunmuşdur.

Təkcə 1945-ci ildə ekrana çıxdıqdan sonra filmə 16,27 milyon tamaşaçı baxmış, o, 8-ci yeri tutmaqla prokat lideri olmuşdur. Film nəinki Azərbaycan, həm də sovet kinosuna dünya şöhrəti qazandırmışdır. Soltan bəy obrazını oynayan Ələkbər Hüseynzadə filmdən əvvəl 600 dəfə səhnədə bu obraza həyat vermişdir. Film aktyor-müğənni Rəşid Behbudovun, aktyor Lütfəli Abdullayevin kinoda ilk işidir.

O illərdə filmin çəkilməsi Stalinin göstərişi ilə həyata keçirildiyindən, Mir Cəfər Bağırov çəkilişlərə xüsusi nəzarət etmişdir.
Filmdə gözə dəyən nə varsa hamısı təbiidir. Bu filmdə ümumiyyətlə, butafordan istifadə edilməyib. Qızıl, bəzək əşyalarından tutmuş bütün ev əşyalarına qədər hər şey təbii və həqiqətən qiymətli əşyalardır. Rəşid Behbudov xatırlayırdı ki, çəkilişlərdə istifadə olunan qiymətli əşyalar muzeydən və xüsusi elanlarla əhalidən çəkiliş müddətinə götürülmüşdü.

Leyla Bədirbəyli Gülçöhrə roluna 50 qızın içərisindən seçilmişdi.

Əsər dünyanın 3 qitəsini dolaşıb
Dünyada məşhur olan “Arşın mal alan”ın Azərbaycan teatrının səhnəsində tamaşa, həmçinin kinofilm kimi televiziya ekranlarında neçə dəfə nümayiş etdirildiyini demək çox çətindir.

Üzeyir Hacıbəyovun ev-muzeyinin ekspedisiya şöbəsinin müdiri Gülnarə xanım “Arşın mal alan” komediyasının Azərbaycanda və Azərbaycandan kənarda qazandığı çoxsaylı uğurlar barədə deyir: “”Arşın mal alan” dünyanın 3 qitəsini dolaşıb. Polşada əsər 1500 dəfə tamaşaya qoyulub. Əsər Üzeyir bəyə böyük şöhrət gətirdi. Üzeyir bəy əsəri Peterburq konservatoriyasının tələbəsi olanda yazmışdı. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə iştirak edən Stalin nədən “Arşın mal alan”ın olmadığını soruşduqda, təcili əsərin məşqlərini edib, səhnəyə qoymuşdular. Əsərin Azərbaycan səhnəsində tamaşalarının sayı sadəcə, bilinmir”.
Əsər dəfələrlə kinolaşdırılıb: 4 dəfə Azərbaycanda, bir dəfə Amerikada. 1916-cı və 1917-ci illərdə Bakıda səssiz film çəkilib, sonradan bu filmlər ləğv edilib, səbəbi də musiqili xarakterə malik filmdə səsin olmaması idi. 1939-cu ildə Amerikada Ruben Mamulyan əsəri “erməni folklorundan gələn mövzu kimi” ekranlaşdırır, filmi müxtəlif ölkələrə satmaqla çoxlu pul qazanır. Filmdə ümumiyyətlə, Azərbaycanın və Üzeyir bəyin adı çəkilmir. 1945-ci ildə Azərbaycanda bu məsələdən xəbər tutulur, Leşşenko və Rza Təhmasib təcili “Arşın mal alan”ın çəkilişlərinə başlayır. Yuxarıda bəhs edildiyi kimi, film böyük uğur qazanıb. Bununla da məşhur əsərin Azərbaycana məxsusluğu hər mənada bir daha sübut olunur.

Mədəniyyət və Turizm Nazirliyi “Arşın mal alan” filminin Moskva Film Fondundakı nüsxəsinin ölkəmizə gətirilərək, Azərbaycan dilində yenidən bərpa olunmasını təşkil edib. Film 2006-cı il 16 may tarixində 60 illik yubileyində ilk dəfə nümayiş olunub.

Bu gün də səhnədə öz yerini qoruyur

“Arşın mal alan” musiqili komediyası bu gün də dünya səhnələrini dolaşmaqdadır. Keçən il əsəri səhnəyə qoymaq üçün Azərbaycan Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev Samsuna dəvət olunub. Əsər bu səhnədə uğurla tamaşaya qoyulub. Operettanın premyerası uğurla baş tutub. Samsun şəhərinin rəsmi şəxslərinin, Ankaradan dəvət olunmuş tanınmış sənətçilərin, media təmsilçilərinin də qatıldığı premyera anşlaqla qarşılanıb. Iki gün sonra, dekabrın 21-də isə “Arşın mal alan”ın qala-premyerası olub. Tamaşadan sonra yaradıcı heyətlə görüşən şəhər rəhbərliyi və sənətçilər Azərbaycan mədəniyyətinə böyük önəm və dəyər verdiklərini söyləyiblər. Samsun Opera və Balet Teatrı “Arşın mal alan”ın uzunmüddətli repertuara salınmasını qərara alıb.
Hər gün 7-8 saat məşqlə keçən tamaşanın ərsəyə gəlməsində azərbaycanlı rejissorla yanaşı, alman dirijoru Markos Baix, rəssam Yusif Tokər, xormeyster Aleksi Vinoqradski, xoreoqraf Zeynəb Bengiər çalışıblar. Tamaşada Əsgər rolunda Onur Polad və Barış Yanc, Gülçöhrə rolunda Eda Bingöl və Arsen Ərsoy çıxış ediblər. Tamaşada bütün rolları yerli sənətçilər ifa ediblər. Qeyd edək ki, 2002-ci ildə Hafiz Quliyev “Arşın mal alan”ı Ankara Opera və Balet Teatrında da səhnələşdirmişdi.
Bundan başqa, keçən il Azərbaycan Dillər Universitetində alman dili fakültəsinin tələbələrinin ifasında da bu əsər nümayiş etdirilib. Tamaşa ilk dəfə alman dilində səhnəyə qoyulub. Tamaşanın rejissor işi müstəqil rejissor Orxan Mərdana məxsus olub. Əsərdə Soltan bəy rolunu həmin kafedranın müəllimi Ilham Heybətov oynayıb.
Bu yaxınlarda isə Daşkənd Dövlət Musiqili Komediya Teatrında bu əsərin rus dilində təqdim olunduğu xəbər verilib. Özbəkistanda çox populyar olan bu əsəri tamaşaya teatrın baş rejissoru Sergey Kaprielov hazırlayıb. Indiyədək tamaşa Daşkənddə ayrı-ayrı vaxtlarda Mukimi adına Musiqili Dram Teatrında dəfələrlə tamaşaya qoyulub. Tamaşa bu teatrın səhnəsində birinci dəfədir oynanılır.

Sergey Kaprielov bildirib ki, tamaşa üçün Azərbaycan milli geyimləri hazırlanıb.
Bu il isə “Ibrus” teatrında operetta kuklaların ifasında təqdim olunub. Mini-tamaşada hər obraz marionetlərlə (sapla hərəkətə gətirilən kuklalar) idarə edilib. Obrazları Yasin Qarayev, Səyavuş Aslan, Nuriyyə Əhmədova və başqa aktyorlar səsləndirib. Mahnıları isə Ilqar Muradov, Xuraman Qasımova ifa edib. 11 pərdədə təqdim olunan mini-tamaşanın rejissoru Tərlan Qorçudur.

Rejissor Tərlan Qorçunun bildirdiyinə görə bu ideya yeni deyil: “Bütün dünyada marionet tamaşaları üçün əsasən klassik əsərlərə müraciət olunur. Bizim teatr da bu ideyanı neçə illər öncə düşündü və hazırladı. Sadəcə bizim teatrın fəaliyyəti üçün bina, texniki imkanlar yoxdur”.
Rejissor bildirib ki, tamaşanın premyerası 21 il öncə baş tutub: “Bu illər ərzində hələlik ”Arşın mal alan” operettasını işləmişik. Bu tamaşa ilə Fransa, Polşa, Almaniya, Isveçrə, Rusiya, ABŞ kimi ölkələrdə qostrol səfərlərdə olmuşuq”.
T.Qorçunun dediyinə görə, marionet tamaşaları olduqca bahalı layihədir: “Bu cür layihələr təxminən 250.000 manata başa gəlir. ”Arşın mal alan” üçün isə təxminən 300ÿ000 manat pul xərclənib”.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir