17 aprel mitinqinin simvoluna çevrilmiş 5 yaşlı qızcığazı və onun anasını da ləkələməyə, aşağılamağa çalışacaq qədər dibə vurdu bunlar. O 5 yaşlı qızcığazımızı “bar qadınının uşağı”, onun “Dərman pulu tapa bilmirəm! Istefa!” bağıran anasını da “bar qadını” adlandıracaq qədər iyrəncləşdi bunlar. Gülər Əhmədovanın hər il tərəvəz mövsümündə dəbə minən, pomidor yeşiklərini bəzəyən “Mərkəz” adlı qəzetciyi Əliyevçi rejimin bütün əxlaqi sərhədləri aşıb-keçdiyini gözlərimiz önünə sərir. Məlum olur ki, şəhərin mərkəzində “Istefa!” bağırmaq olmaz, amma Əliyevlərin “Mərkəz”ində bir cocuğun ruhuna iftira bıçağı saplamaq olar. Biz əlbəttə, bunlardan əxlaq adına heç nə gözləmirik. Bunların əxlaqının güzgüsü Lider telekanalıdır. Amma mən yenə də razıydım ki, neft yataqlarında min cür hoqqadan çıxıb, neft buruqlarını görünməmiş bir ehtirasla əmib sonra da utanmadan bizim yataqlarımıza kamera qoyanlar belə də davam etsinlər, amma məsələn, 5 yaşlı qızcığazı, onun anasını ləkələməyə, aşağılamağa çalışacaq qədər çirkinləşməsinlər. Ancaq görünür ki, bunlar dayanmaq fikrində deyillər – hətta Mübarəkin, Bin Alinin, Qəzzafinin belə, öz vətəndaşlarına rəva görmədiklərinə “uf” demədən
imza atmağa hazırdılar.Dərmana pul tapa bilməyən nə bağırsın?
Lap deyək ki, o 5 yaşlı qızcığazımız həqiqətən bir “bar qadınının qızı”dır. Anası da doğrudan doğruya bir bar qadınıdır. Mən Gülər Əhmədovadan və onun başının böyüklərindən soruşuram: bəyəm bu, bir insanın “Azadlıq!” hayqırmasına manemi olur? Bəyəm bu, bir insanın “Istefa!” bağırmasına manemi olur? Siz o qadının “Azadlıq!”, “Istefa!” deməsindən narahat olursunuz da, əl-ayağa düşürsünüz də, o qadının daha əvvəl “Dərman pulu tapa bilmirəm!” deyə bağırmasına niyə qulaqlarınızı tıxayırsınız? Bunu niyə eşitmirsiniz? Ümumiyyətlə, dərman pulu tapa bilməyən qadın, Gülər Əhmədovanın məntiqincə, nə bağırmalıdır ki? “Allah mənim ömrümdən kəsib Ilham Əliyevə bağışlasın”mı? Bəlkə hələ gedib “Mərkəz” qəzetinə abunə də yazılmalıdır? 9 yaşlı Fariz və 5 yaşlı qız
Ən iyrənci isə odur ki, erməni snayperinə tuş gələn 9 yaşlı Fariz üçün yeri yerindən oynadan, ermənilərin uşaqları terror etməsini durdurmaq üçün öz aləmində dünyanı bir-birinə vuran Gülər Əhmədova 5 yaşlı bir qızcığazı mənəvi terror etməyi özünə rəva görə bilir. Onu aşağılayır, aşağılatdırır. Bu hansı məntiqdir, xanım Əhmədova zəhmət çəkib cavab verə bilərmi? Axı bu tayfa rejimi özü öz ölkəsinin uşaqlarını mənəvi terror edərkən, 5 yaşlı qızcığazın üzərinə “bar qadınının uşağı” damğasını vurub onun gələcəyi ilə oynarkən hansı haqla, hansı üzlə ermənidən uşaqlarımıza mərhəmət gözləyir?
Dəyişməz həqiqət
Əslində Əliyevçi hakimiyyətdən gələn bütün bəlalar gözəldir. Həbs də olsa, şər də, böhtan da. Kimsə ürəyini sıxmasın. Kimsə darılmasın. Kimsə üzülməsin. Kimsə kefini pozmasın. Belə rejimlərin şərinin, böhtanının ömrü də elə həmin rejimlərin öz ömrü qədər olur. Bu, avtoritar ölkələrin dəyişməz həqiqətidir.Avtoritar rejimlərin ənənəvi “əxlaq kodeksi” var – həmin kodeksə görə, kim sistemin vintciyi və təkərciyi deyilsə, kim sistemə qarşıdırsa, kim sistemin qarşısında dombalmırsa, fahişədir, seksual manyakdır, nəşəxordur, nə bilim daha nədir. Amma tarix əsrlər boyu istibdad rejimlərinin uydurduğu bu “əxlaq” anlayışını rədd edir. Biz indiyədək zülmə, zalıma qarşı dayananlara ən çirkin damğalar vuran nə qədər despotlar görmüşük. Amma sonunda məlum olub ki, əsl əxlaqsızlıq ədalətsizliyə, hüquqsuzluğa züy tutmaqdır. Yalana qaz verməkdir. Millətin iradəsi üzərinə iradə qoymaqdır. Danışan dilləri qıfıllamaq, həqiqəti yazan əlləri qandallamaqdır.Stalinlərin, pinoçetlərin, çauşeskuların dəyişə bilmədiyi bu həqiqəti bunlar heç dəyişə bilməz, könlünüzü fərah tutun. Bir də başınızı uca!