Obama Putinə əzələ nümayiş etdirdi

Vəfa Quluzadə: «Hər şey ABŞ-ın mövqeyinin ciddiliyindən asılıdır»

 

«Obama öz xalqını inandırmalıdır ki, Rusiyanı cilovlamasalar, nəticədə gəlib Amerikanın milli maraqlarına təhlükə olacaq»

ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Putinə sərt mesajlar ünvanlayıb. 

Polşada ilk demokratik parlament seçkilərinin keçirilməsinin 25 illiyi münasibətilə Varşavada təşkil edilən tədbirdəki çıxışında Obama Ukraynanın yeni hakimiyyətinə dəstəyini ifadə edib və Rusiyanı Ukraynada vəziyyəti gərginləşdirməyə davam edəcəyi təqdirdə yeni sanksiyalarla hədələyib. İmperiyalar dövrünün arxada qaldığını deyən ABŞ prezidenti azad xalqların çiyin-çiyinə dayanaraq Rusiyanın bundan sonrakı təxribatlarının bu ölkə üçün daha böyük təcrid və xərclər bahasına başa gəlməsinə nail olacaqlarını deyib. Ağ Ev rəhbərinin sözlərinə görə, artıq böyük xalqlar kiçikləri qorxuda və ya onlara öz iradəsini sırıya bilməz. 

 Obama ABŞ-ın təkcə NATO ölkələrinin deyil, müttəfiq ölkələrin, o cümlədən Ukraynanın təhlükəsizliyini təmin etmək niyyətində olduğunu da qeyd edib: «ABŞ-ın Şərqi Avropadakı hərbi mövcudiyyətinin gücləndirilməsi barədə yeni təşəbbüs elan etdim. Bu, bizim Ukrayna, Gürcüstan, Moldova kimi dostlarımızın təhlükəsizliyinin təmin olunması üçün onlara dəstəyin gücləndirilməsi mənasına da gəlir. Polşa, Latviya, Litva, Estoniya, Rumıniya heç vaxt təhlükə qarşısında tək qalmayacaq. Biz öz öhdəliklərimizi təsdiqləyirik. Biz təlimlər keçiririk, gəmilərimiz Qara dəniz və Baltik dənizində, ordumuz Polşa torpağındadır”. 

Barak Obamanın Kreml rəhbərini hədəfə alan bu bəyanatı Rusiyanın ata biləcəyi addımlarından çəkinən digər ölkələrin narahatçılığını aradan qaldıra bilərmi?

Politoloq Vəfa Quluzadə hesab edir ki, hər şey ABŞ-ın mövqeyinin ciddiliyindən asılıdır. Amerika və NATO Rusiyanı tamamilə yerində oturtmağa qadirdir. Amma bu zaman ABŞ-dakı əhval-ruhiyyə nəzərə alınmalıdır: «Amerika xalqı düşünür ki, biz nəyə görə gedib hardasa müharibə edib kiminləsə toqquşmalıyıq və əsgərlərimiz ölməlidir. Obama da demokratik dövlətin prezidenti kimi öz xalqının əhval-ruhiyyəsi ilə hesablaşır. Ona görə də indiyə qədər ABŞ tərəfindən Rusiyaya qarşı sərt tədbirlər görülməyib».

Ekspert Rusiyada vəziyyətin tam fərqli olduğunu deyir. Sovet İttifaqı çökəndən bəri Rusiya məğlubiyyətlər içindədir. Rusiya böyük maraqları olan Yuqoslaviyanı, İraqı, Əfqanistanı, Liviyanı itirdi və buna heç bir reaksiya verə bilmədi. Rus xalqı da daima acınacaqlı əhval-ruhiyyə yaşayıb. Ona görə də Putin düşünülmüş addım atıb və Krımı işğal edərək rus xalqını ruhlandırdı: «Rus xalqı Putinin arxasında dayanıb və ondan daha artığını tələb edir. Tələb edir ki, get Ukraynanı da işğal et. Çünki Ukrayna həmişə bizim olub. Amma Amerika xalqı deyir ki, biz Ukraynanı tanımırıq. Orda nə milli marağımız var ki, gedək Ukraynaya görə Rusiya ilə toqquşaq. Bu faktor ortalıqdadır».

Ekspertin fikrincə, Obama öz xalqını inandırmalıdır ki, Rusiyanı cilovlamasalar, nəticədə gəlib Amerikanın milli maraqlarına təhlükə olacaq. Çünki ABŞ-ın NATO-dakı müttəfiqləri Rusiyadan təhlükə hiss edirlər. Rusiya NATO-ya ölkələrinin birini işğal etsə, Amerika Rusiyanı yerində oturda biləcəyini bilmirlər. Çünki Rusiya nüvə dövlətidir: «Sovet İttifaqı çökəndən sonra Rusiya olduqca zəifləyib, iqtisadiyyatı çöküb. Yalnız neft gəlirləri hesabına firavan dolanır. Rusiya ordusu ABŞ ordusunun səviyyəsində olmasa da, nüvə silahları tamamilə döyüşə hazır vəziyyətdədir. Amerika bu vəziyyətdən çıxmaq üçün öz xalqını inandırmalıdır ki, təcavüzkarı yerinə oturtmasaq, sabah özümüz təcavüzün qurbanı olacağıq. Ancaq Obamanın bəyanatının sərtliyi olduqca müsbət haldır. Amma bu sərtliyin arxasında dayanmaq lazımdır». 

Ekspert Avropanın mövqeyinin bir qədər fərqli olduğunu deyir: «Avropanın mövqeyi belədir ki, bizə Rusiyadan xammal lazımdır və Rusiya da bu xammalı əsirgəmir. Ondan başqa Rusiyada yığılan külli miqdarda neft dolları, pul lazımdır. Bunun əvəzində Rusiya nə xidmətlər istəyirsə, onu göstəririk. Yəni Avropa ilə Rusiya arasında faktiki olaraq bir ziddiyyət yoxdur. Ona görə Putin bunların hamısını hesablayıb hərəkət edir. Amma qlobal baxımdan Avropa gərək başa düşsün ki, Rusiya Ukraynanın darmadağın edəndən sonra Avropanın özünə təhlükə olacaq». 

Fizzə