NATO-nun baş katibi də Rusiyanı Krımı geri qaytarmağa çağırdı
Vəfa Quluzadə: «Krım faktiki olaraq Rusiyanın ərazisinə daxil olub və böyük sarsıntılar olmayana qədər belə də davam edəcək»
Rusiya Krımı işğal edəndən sonra belə bir təəssürat yarandı ki, artıq bütün dünya bu işğal faktı ilə barıışıb. Əslində, belə qənaətə gəlmək üçün kifayət qədər əsaslar var. Qərbin hərbi müdaxiləyə üstünlük verməməsi, yalnız xırda sanksiyalarla etirazını bildirməsi, insanlarda belə bir qənaət formalaşdırdı.
Ancaq son günlər müşahidə olunanlar onu deməyə əsas verir ki, Krım məsələsi hələ də dünyanın diqqətindədir və Rusiyaya qarşı etirazlar davam edir.
Ilk növbədə yeni seçilmiş prezident Pyotr Poroşenko Krımın işğalı ilə barışmayacaqlarını bildirdi və Rusiyaya çağırış etdi. Daha sonra ABŞ prezidenti Barak Obama Avropa səfəri çərçivəsində Krım tatarlarının liderləri ilə görüşdü.
2 gün öncə isə, NATO-unun baş katibi Anders Foq Rasmussen bildirdi ki, biz Krıma Ukraynanın bir hissəsi kimi baxırıq: “Biz Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırırıq. Rusiya Ukraynada gərginliyi aradan qaldırmaq üçün addımlar atmalıdır. Ilk növbədə isə Ukrayna sərhədlərindən Rusiya qoşunlarının tam çıxarılması lazımdır. Bu məsələdə nisbətən irəliləyiş müşahidə olunsa da, hələ də on minlərlə rus əsgəri Ukrayna sərhədlərindədir”, – deyə Rasmussen bildirib.
Baş verənlər onu göstərir ki, dünya Krımı Rusiyanın ərazisi kimi tanımayacaq və sona qədər Rusiyanı hədəf seçəcək.
Politoloq Vəfa Quluzadə bildirdi ki, Krım artıq Rusiyanın tabeliyinə keçib və Rusiya çökdürülənə qədər də belə davam edəcək: “Krım məsələsi artıq həll olunub. Dünya bunu rəsmən qəbul etməsə də, böyük sarsıntılara qədər bu reallıq davam edəcək. Krım Ukraynanın torpağıdır və bunu hər kəs belə qəbul edir. Ancaq reallıqlar başqa mənzərəni göstərir. Sadəcə olaraq ABŞ-da, NATO-da göstərir ki, onlar öz prinsiplərinə sadiqdilər və işğalçıya haqq qazandırmaq fikirləri yoxdur. Reallıq odur ki, Krımı Rusiya götürdü, Ukraynanaın qalan hissəsi isə Qərbin nəzarətinə keçdi”.
Politoloq onu da əlavə etdi ki, Krımı işğal etmək Putinin yeganə çıxış yolu idi. Çünki Ukraynanın tamamilə itirilməsi mövcud hakimiyyət üçün uğursuz olardı: “Krımın işğalından sonra Putinin ölkədə nüfuzu artıb. Çünki bütün Ruslar Krımı öz əraziləri kimi görürlər. Ona görə də Krım məsələsində xalqın əksəriyyəti Putini dəstəkləyir. Qərb də bu əhval-ruhiyyəni hiss edir və hərbi müdaxilədə də maraqlı görünmür. Ancaq Putin bundan artığını edə bilməz. Işğalçılq davam edərsə, Rusiyanın əleyhinə həqiqi müharibə başlayar və bu ölkə tamamilə çökər”.
Akif


