Mer avtovağzal məsələsinə aydınlıq gətirdi

Hacıbala Abutalıbov Ziya Məmmədovla aralarında  gərginlik olmadığını deyir 

“Ziya Məmmədovla aramda hər hansı gərginlik yoxdur. Bu barədə yazılanlar əsassızdır”. Bu sözləri “Azadlıq”a Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov nəqliyyat naziri Ziya Məmmədovla aralarında gərginlik yaranması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin yaydığı məlumata görə, Ziya Məmmədovla Hacıbala Abutalıbov  Avtovağzal Kompleksinin olduğu ərazidə “toqquşub”lar. Iki məmuru üz-üzə gətirən isə Bakı-Sumqayıt və Sumqayıt-Bakı istiqamətində avtomobil magistralında yaranan tıxacların aradan qaldırılması üçün salınan yoldur. Layihənin icrasına başlanmazdan öncə prezidentə yolun layihəsi təqdim olunub, bu haqda dövlət başçısına məruzə edilib. 

Məlumata görə, nazirin məruzəsində tikinti zolağına düşən obyektlər sırasında H.Abutalıbova məxsus 5 hektar torpaq sahəsi olub. Bu haqda BŞIH rəhbəri məsələdən xəbərdar olub. Bundan sonra Abutalıbov hərəkətə keçib; nəticədə plan dəyişdirilib. Həmçinin Bakı rəhbərinə bəlli olub ki, ilkin sənədlərdə onun torpaq sahəsi tikinti zolağına düşməli deyilmiş, başqa bir ərazidən keçməli imiş. H.Abutalıbov yolun istiqamətinin dəyişdirilməsinin səbəbi ilə maraqlanıb və öyrənib ki, ilkin sənədlərə görə yol Ziya Məmmədovun yaxınlıqda yerləşən obyektlərinin ərazisindən keçməli imiş. Ona görə də belə bir dəyişiklik baş verib. Buna görə BŞIH rəhbəri ilə nəqliyyat naziri arasında ciddi narazılıq olub.

Hacıbala Abutalıbov isə bildirir ki, deyilən yerdə ona məxsus ərazi, obyekt yoxdur: “Əgər sübut eləsələr var, mən həmin ərazini bu xəbəri yazan jurnalistə bağışlayaram. Bundan başqa mən ümumiyyətlə bilmirəm söhbət hardan gedir. Yol çəkilişi Nəqliyyat Nazirliyinin səlahiyyətindədir və mən bu məsələ ilə maraqlanmıram. Deyilənlərin heç bir əsası yoxdur”.