ABŞ-Azərbaycan təlimləri niyə təxirə salındı?

Rahim Hacıyev: «Hakimiyyət bu üsulla Vaşinqtona öz narazılığını çatdırır»

Məlum olduğu kimi, Azərbaycan ABŞ-la birgə regional cavab hərbi təlimlərini birtərəfli qaydada ləğv edib. Təlimlərin mayın 15-20-də keçiriləcəyi planlaşdırılırdı. ABŞ tərəfi Azərbaycandan bununla bağlı rəsmi xəbərdarlıq almadığına görə məsələni şərh etməyib. Bu ölkənin Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson təlimlərin Azərbaycan Müdafiə Nazirliyinin təxirə saldığını deyib. Qeyd edək ki, bu ilk belə hal deyil. Ötən il də Azərbaycan tərəfi belə bir addım atmışdı. Bu da iki ölkə arasında münasibətlərin soyuqlaşması ilə izah edilirdi. Nəticədə Ilham Əliyev ötən il ABŞ-da keçirilən nüvə təhlükəsizliyi sammitinə dəvət edilmədi. Baxmayaraq ki, Gürcüstan və Ermənistan prezidentləri bu tədbirdə iştirak üçün dəvətli idi. Birgə təlimlərin bu dəfə təxirə salınmasının əsas səbəbi nədir?
Siyasi şərhçi Rahim Hacıyev Azərbaycan-ABŞ münasibətlərində gərginliyin göz önündə olduğunu deyir. Buna səbəb isə xüsusilə son dövrlərdə ABŞ-ın rəsmi Bakıda ölkədə demokratik islahatların keçirilməsini tələb etməsidir. Həmçinin insan haqlarının kobudluqla pozulması ilə bağlı hesabatlar da Azərbaycan hakimiyyətinin xoşuna gəlmir: “Bilavasitə ABŞ-da fəaliyyət göstərən təşkilatlar açıq şəkildə Azərbaycanda insan hüquq və azadlıqlarının çox pis olması haqqında bəyanatlar verir, hesabatlar yayırlar. Xüsusən də bu yaxınlarda Dövlət Departamentinin Azərbaycanla bağlı böyük hesabatı hakimiyyəti ciddi narahat edir. Bu səbəbdən iqtidar ənənəvi üsula əl atır. Öz aləmlərində bu yolla onlar ABŞ-a təzyiq göstərir. Bir neçə dəfə ABŞ-la birgə hərbi təlimlər, əməkdaşlıqlarla bağlı planlaşdırılmış tədbirlər təxirə salınır. Budəfəki təxirəsalınma da onlardan biridir”.
Ekspertin sözlərinə görə, hakimiyyət bu üsulla Vaşinqtona öz narazılığını çatdırır. Baxmayaraq ki, ABŞ hər kəsə bəlli olan problemlərdən danışır. Azərbaycan hakimiyyəti bu problemləri həll etmək əvəzinə ənənəvi siyasətini davam etdirir.

Cəsur Sümərənli: «Proses bir qədər də davam etsə, iki ölkə hərbi sahədə əməkdaşlığa son qoyacaq»


Hərbi ekspert Cəsur Sümərənlinin fikrincə, 2008-ci ildə Gürcüstana hərbi müdaxilədən sonra Rusiya regionda əcnəbi hərbi qüvvələrin iştirakını istəmir və bu istiqamətdə təzyiqlər göstərir. Bu da Azərbaycanın hərbi-siyasi rəhbərliyinin mövqelərinin dəyişməsinə səbəb olur. Son bir ildə ABŞ-Azərbaycan birgə hərbi təlimlərinin təxirə salınması bunu deməyə əsas verir.
Ekspert iki ölkə arasında hərbi təlimlərin dayandırılmasının müsbət hal olmadığını da qeyd etdi. Çünki bundan yalnız Azərbaycanın silahlı qüvvələri əziyyət çəkir.
C.Sümərənli bunun əvəzində başqa bir tendensiyanın müşahidə olunduğunu da vurğuladı: “Rusiya artıq Azərbaycan silahlı qüvələri üçün kadrlar hazırlanmasına başlayır. Eyni zamanda Azərbaycanla Rusiya arasında hərbi sahədə əməkdaşlığın irəlilədiyini görürük. Ancaq Azərbaycanla NATO arasında əməkdaşlıq ləngiyib”.
Ekspertin fikrincə, müşahidə olunan tendensiya onu göstərir ki, Azərbaycanla ABŞ arasında hərbi sahədə əməkdaşlıq ciddi şəkildə geriləyib. Bu da əməkdaşlığın tam qırılması təhlükəsi yaradır. Çünki proses bir qədər də davam etsə, iki ölkə hərbi sahədə əməkdaşlığa son qoyacaq.

Fizzə