İsveçrə prezidentinin Bakıda Əliyevlə nələrdən danışdığı bilindi

Bu ölkənin Xarici İşlər Nazirliyi Burkhalterin səfərilə bağlı bəyanat yaydı

Bakıda Qarabağ münaqişəsinə yeni yanaşma təklif edilib, Rauf Mirqədirov və Leyla Yunusa qarşı repressiyalardan narahatlıq ifadə olunub

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə prezidenti Didye Burkhalter Cənubi Qafqaza səfərinin əvvəlində Qarabağ münaqişəsilə bağlı sülh razılaşmasına aparan struktur danışıqlarına başlamağı təklif edib.
İsveçrə prezidentinin bazar ertəsi Bakıda dövlət başçısı İlham Əliyev, hökumət nümayəndələri, müxalifət partiyalarının liderləri, QHT-çilər, həmçinin münaqişə tərəflərinin təmsilçilərilə görüşündən sonra bu ölkənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, cənab Burkhalter ATƏT sədri kimi münaqişə tərəflərinin problemdən çıxış yolu axtarmaqda davam etməli olduğunu vurğulayıb.
“Biz əminik ki, addım-addım sülhə yaxınlaşmalıyıq. Azərbaycan və Ermənistan prezidentləri arasında yeni görüşün keçirilməsinə zərurət yaranıb. Bu görüşün Parisdə keçirilməsi təklifi irəli sürüldü və biz də bu fikri dəstəklədik. Görüşün yaxın gələcəkdə keçirilməsinin tərəfdarıyıq. Bu görüş danışıqların yeni mərhələsinin hesabat nöqtəsi olmalıdır. Digər tərəfdən, bu, sülh razılaşmasına aparacaq struktur danışıqları prosesi ola bilər. Danışıqlar prosesi mütləq Madrid prinsipləri əsasında aparılmalıdır”, – deyə ATƏT sədri bildirib.
Burkhalter vurğulayıb ki, İsveçrənin sədrliyilə ATƏT hər iki tərəfin sülhə nail olmaq cəhdlərinə dəstək verməyə hazırdır.
İsveçrə prezidenti münaqişə tərəflərinin vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında birbaşa təmasların vacibliyindən də danışıb. Bildirib ki, tərəflər arasında anlaşılmazlıqların aradan qaldırılması, qarşılıqlı etimadın yaranması və möhkəmlənməsi baxımından bu çox vacibdir. Burkhalter iki ölkənin nümayəndələrinin yaxınlaşması istiqamətində fəaliyyət göstərən şəxslərə qarşı repressiyalardan narahatlığını da ifadə edib.
Qeyd edək ki, İsveçrə prezidenti bu istiqamətdə fəaliyyətinə görə repressiyalara məruz qalanlardan bəhs edərkən Azərbaycanda ermənilərlə işbirliyində günahlandırılaraq, dövlətə xəyanət ittihamı ilə həbs olunan jurnalist Rauf Mirqədirov, bu cinayət işi üzrə təqib olunan hüquq müdafiəçisi Leyla Yunusu nəzərdə tutur.

İnformasiya şöbəsi