Bu özgə, özgə şəhər…

Şəhərlər də adamlar kimidir. Adamlar kimi şəhərlərin də xarakteri, keçmişi, gələcəyi və taleyi olur. Bütün ömrüm boyu mən üç Bakı görmüşəm, üç Bakı tanımışam. Bu üç şəhərin hər biri bir-birindən fərqli idi. Indi mən bunun təfərrüatlarına varmaq istəmirəm. Bu üç Bakının hətta görünüşü də fərqli idi, çünki hər Bakının öz tərtibatı və öz dekorasiyası vardı. Bəli, şəhər də mənzil kimidir, biri gəlir, onu bir mebellə bəzəyir, başqası öz zövqünə uyğun mebel seçir. Üç Bakıdan ən qəmlisi, ən yazığı bu günün Bakısıdır. Adam özünü bu Bakıda tənha hiss edir, çox çalışırsan, ona isinişəsən, öyrəşəsən, alınmır ki, alınmır…

Bu yaxınlarda yolum şəhərin mərkəzinə düşmüşdü. Artıq yaz gəlir və bir filmdə deyildiyi kimi, təğyiri-libas olmaq vaxtıdır. Bir-iki mağazaya baş çəkdim. Ilahi, nə gördüm? Mənim maaşım hətta yüngül bir geyimə belə çatmaz! Pal-paltardan bezib yaxınlıqdakı kafeyə girdim ki, çay və ya kofe içim. Ayaqüstü qiymətini soruşdum. On manat dedilər! Bəli, bu şəhər artıq mənlik, bəlkə də bizlik deyil. Neft gəlirləri və bir də inhisarçılıq şəhəri sözün əsl mənasında “ağ adamların” şəhərinə çevirib, bu şəhərdə yaşamaq üçün biz çox “qarayıq”. “Ağ”, “qara” sözlərini mən şərti mənada işlədirəm. Zira bunda bir həqiqət də var. Heç vaxt yadımdan çıxmaz. Hə, bir neçə il qabaq bir mərasimdə YAP rəhbərlərindən biri zarafata salaraq oradakı müxalifət  adamlarını rəiyyət kimi təqdim etdi. Təbii ki, o, bunu zarafatla dedi, amma o vaxt mənə elə gəldi ki, bu təqdimat onun ürəyindən gəlmişdi. Hakimiyyət adamlarından və onlara yaxınlardan başqa hamı bu ölkədə özünü təbəə tək hiss edir, vətəndaşlıq hissini duymur.

Bəziləri üçün isə bu şəhər və bu ölkə əsl məhbəsə çevrilib, məhbəs şəhərə. Indi kimisə çağırıb şəhərdən kənara çıxmamaq haqda ifadə alırlar. Onsuz da qeyri-hakimiyyət adamlarının elə bir imkanı da yoxdur, onlar şəhəri ən zəruri anlarda tərk edirlər. Amma lap açığını etiraf etsək, qərarın özü bir qədər adamı sıxır. Bu gözəl dünya, onun gözəl şəhərləri olduğu halda sən bu tozlu-torpaqlı və palçıq yağışlı şəhəri tərk edə bilməzsən! Təbii, bu, şəhərin günahı deyil, onun bətnində yaşayan insanların günahıdır… Mənim indi gətirəcəyim sitat bəlkə də uğursuz olacaq və mən bunu irəlicədən etiraf edirəm. Axır vaxtlar yadıma yarıciddi, yarızarafat, S.Vurğunun “Zəncinin arzuları” poeması düşür və adam özünü əsl mənada həmin zəncinin yerində hiss edir…

Bir Rusiya filmi maraqlı proloqla başlayırdı: “Bu mənim şəhərimdir. Bu isə mənəm!”. Inanın, bu sözü demək böyük xoşbəxtlikdir. Bir də “Monitor” jurnalının üz qabığında vardı bu: “bu, bizim şəhərdir, bu isə bizik…”. Bəzən yazılarda “biz” ifadəsinə yaxşı baxmır və onu akademik, bir də iştirakçı ifadə kim yozurlar. Amma onu deyə bilmək xoşbəxtlikdir. Mən səhərlər balaca mənzilimin pəncərəsini açıb “bu, bizim şəhərdir, bu isə mənəm…” – demək istəyirəm, amma bacarmıram, çünki elə gözümün qabağındaca uca binaların divarlarından başqa heç nə görmürəm. Siyasi həyatda olduğu kimi, reallıqda da qarşımızda divardır. “Divar” dedim və yadıma gənclik təəssüratı düşdü. Bir dəfə rus tələbələrdən biri gitarada çox gözəl bir musiqi ifa etdi. Ilahi, bu, nə gözəl musiqi idi! Dərhal soruşdum ki, kimindir? “Pink Floyd” qrupunun adını çəkdi. Niyə bu misalı çəkdim? Bu onu göstərir ki, insan təxəyyülü hər şeyə gözəllik gətirmək iqtidarındadır, elə divar kimi statik bir anlayışa da! Insan istəsə hər şeyi gözəl görə bilər, bunu etmək üçün sadəcə, rahatlıq lazımdır…  

Rəngli arzular

Mən müxtəlif nağıllarda, əsərlərdə ümidlərin, arzuların rəngə boyanmasına rast gəlmişəm. Məsələn, “Ağ atlı oğlan” nağılı, ya A.Qrinin “Al yelkənlər”, ya da Ç.Aytmatovun “Ağ gəmi” əsərləri buna misal ola bilər. Bəli, əsl arzu da rəngli olur. Elə rəngli yuxular kimi… Amma mən Bakını heç vaxt dümağ rəngdə təsəvvür edə bilmirəm, çünki dümağ gəlinlik rəngidir, toy rəngidir, Bakı isə artıq gəlinlik yaşında deyil… O, daha çox özündən çox-çox yaşlı insana zorla ərə verilmiş qadına bənzəyir…