“Beni affedermisin?”…

Bir zamanlar Rafet El Romanın bu mahnısı buralarda çox populyardı. Elə indinin özündə də unudulmuş sayılmaz. Bəlkə, bir az da bizim ruh halımıza daha çox uyğun gəldiyinə görə…

Hər bayramda əfv gözləyirik. Aylar illərə, illər illərə calanıb gedir beləcə. “Veteran” məhbuslarımız 3-5 il yatıb çıxır, sonra gənc davamçılar tutur onların yerini. Amma biz yenə də ümidimizi itirmirik. Yenə də gözləyirik. Hər tarixi gündə, hər il sonunda, hər bayramda. Kiminsə mərhəmətə, insafa gələcəyini düşünüb gözləyirik. 

Ölkənin ən böyük bayramı olan 28 mayla bağlı gözləntilərimiz suya düşdü. Kimsənin kimsəni bağışladığı yox. Siyahıdakı adlar tamam fərqli aləmin insanları çıxdı. Hamısı ölkə başçısına əfv ərizəsi yazmışdı. Bu o dəmir qəfəsdən qurtulmağın əsas şərtidir, təbii. Sözüm onda yox, məhbəs həyatına vida edən bütün insanların yolu açıq olsun. Həyatda işlədiyi xəta üzündən həbsxanaya düşüb, sonra islah olaraq, bağışlanma ərizəsi yazan şəxslərin durumunda da qeyri-normal bir şey görmürəm. Məsələ ondadır ki, bu “protokol qaydası”nın əsas hədəfi heç də sıradan məhbuslar deyil. Bu ərizə yazdırmaların, müraciət göndərmələrin, xahiş-minnətlərin əsas oyunu əqidəsinə, açıq sözünə və siyasi fəaliyyətinə görə həbsə alınanların başındadır. Görünür, oralarda bunu da bir böyüklük, əzdirmə, sındırma vasitəsi olaraq görürlər. Nə mərifət, belə bir böyüklük elə sizdə qalsın!

Iki gündür aləm “Nida”çı Bəxtiyar Quliyevin əfv ərizəsindən danışır. Siz bu ölkənin dağ boyda problemlərini boş verin! Əsas, şərlənib 8 il cəza almış bir məhbusa yazdırılan məcburi ərizədir. Onun hansı şərtlər altında, hansı psixoloji sarsıntılar qarşısında yazıldığını da düşünməyin heç! “Protokol qaydası”na boyun əyən daha bir dikbaşın ram edilməsindən danışın! Əvvəl Daşqın, sonra Rahib, indi də Bəxtiyar!  Amma belə yaramaz! Bütün “asi”lərin qisasını üç gəncdən alacaq qədər bəsit olmayın! Hələ görüləcək çox iş var, deyilmi? Qosqoca adamlar oturur neçə illərdir həbsxana köşələrində. Yalana, haqsızlığa, zorakılığa boyun əymədən, illərlə dustaq həyatını gözə alıb “protokol qaydası”nı yaxına buraxmadan.

Dediyim kimi, bilərəkdən və ya bilməyərəkdən günah işləmiş şəxslərin bağışlanma ərizəsi yazması ilə işim yox. Yaxşı, bu heç bir qəbahəti olmayan insanlar niyə əfv xahiş etsin ki? Düşüncəsi, fikri, yolu fərqli olduğuna görə haqsız ittihamla məhbəsə atılmış şəxs nə deyib, bağışlanma istəsin axı?  

Iki inadcıl dostun hekayətini bilənlər var yəqin. Iki dost təsadüfən qarşılarına çıxan və qorxub çayı hoppanan tülkünün quyruğunun suya dəyib-dəymədiyi mübahisəsi üzərində illərlə küsülü qalır. Onlardan ölüm ayağında olanı halallaşmaq üçün dostunun çağırılmasını istəyir. Halallaşmaq öz yerində də, amma kişi son nəfəsində dostuna “sən haqlı deyildin, tülkünün quyruğu suya dəydi” deməyindən də qalmır. Indi nəyin dərdindəsiniz, məqsədiniz, niyyətiniz nə, anlamıram. Amma onu bilin ki, haqqı görən və anlayan insanların düşüncəsini dəyişmək çox da asan məsələ deyil. Zorən ərizə yazdırmaq niyyətinizə çatsanız belə, bu heç nəyi dəyişməz. O insanlar daxilən sizə daha artıq nifrət edərlər…