Fondun səlahiyyətliləri hökuməti irimiqyaslı korrupsiyaya qarşı mübarizə aparmağa səsləyir
Nemət Əliyev: «Azərbaycanda irimiqyaslı korrupsiya ayaq açıb yeriyir və bu da hakimiyyətdəkilərin xarakterilə bağlıdır»
Beynəlxalq Valyuta Fondunun (BVF) Ali Şurası Fondun Nizamnaməsinin 4-cü maddəsini müzakirə edərkən Azərbaycandakı iqtisadi duruma da toxunub. BVF-in yekun qeydlərində deyilir ki, hakimiyyət “elektron hökumət” və “ASAN” xidmətin tətbiqi ilə kiçikmiqyaslı korrupsiyanın qarşısının alınmasında irəliləyişə nail ola bilib. BVF Azərbaycan hökumətinə irimiqyaslı korrupsiya ilə mübarizəyə, biznes mühitində rəsmi və qeyri-rəsmi maneələrin aradan qaldırılmasına və hüququn aliliyinin təminatına diqqət yetirməyi tövsiyə edib.
Iqtisadçı-ekspert Nemət Əliyev də o fikirdədir ki, “ASAN” xidmətin tətbiqi yaxşı nümunədir. Ekspertin sözlərinə görə, şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarının verilməsilə bağlı əməliyyatları indiyədək “pasport stol”lar həyata keçirirdisə, indi bu məsələləri paralel olaraq “ASAN” xidmətlər də reallaşdırır: “Ora da xeyli sayda əməkdaşlar cəlb edilib. Dövlət və hökumət orqanları çoxlu paralel strukturlar yaradır. ”ASAN” xidmət müəyyən işləri yerinə yetirirsə, “pasport stol”larda çalışan insanları saxlamağın nə mənası var?! Bəlli olur ki, bu zaman dövlətin büdcə vəsaitləri tam mənasız məqsədlər üçün xərclənir. “ASAN” xidmətin reallaşdırdığı əməliyyatların rüsumları 5-10 il öncəki vaxtlarda alınan rüşvətin rəsmiləşdirilməsi deməkdir. Ilk baxışda görünür ki, bu xidmətdə rüşvət və s. yoxdur. Lakin bu xidmətdən istifadədə rahat xidmət görməklə yanaşı, vətəndaşlar böyük maliyyə vəsaiti də itirir. Xalqın alıcılıq qabiliyyəti, onun sosial imkanları məhduddur, o zaman aşağı xidmət haqları və rüsumlarla vətəndaşlara maliyyə baxımından rahatlıq yaradılmalıydı. Misal üçün, vətəndaşdan ümumvətəndaş pasportu üçün 40 manat rüsum alınması və yaxud 14 yaşadək uşaqlar üçün şəxsiyyət vəsiqəsinin alınmasına diqqət edək. Əhalinin bir xeyli hissəsi 14 yaşadək olanlardır. Onlar üçün şəxsiyyət vəsiqəsi almaq pulsuz olsa da, tibbi arayışa görə pul ödənilir. Görün, ailələrin hesabına nə qədər ziyan vurulur…”
Ekspert qeyd edir ki, “ASAN” xidmətin təşkil olunması yaxşı hal olsa da, təəssüf ki, hökumətin bütün dövlət orqanlarını əhatə etmiş korrupsiya əməllərinin üzərinə bir örtük çəkmək məqsədi güdür. Nemət Əliyevin fikrincə, Azərbaycanda irimiqyaslı korrupsiya, rüşvət, monopoliya ayaq açıb yeriyir və bu da siyasi iradənin olmaması, siyasi hakimiyyətin başında duran insanların özlərinin xarakterilə bağlıdır.
Sosial şöbə


