Cahangir Hacıyevə qarşı ilginc ittiham

İş adamı Rauf Kərimovu Beynəlxalq Bankın rəhbəri həbs etdirib?

“Meridian Company” MMC-nin təsisçisi, hazırda həbsdə olan Rauf Kərimovun anası Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevi ittiham edib. Baş Prokurorluğun yaydığı məlumata görə, Rauf Kərimov barəsində 27 mart 2014-cü il tarixində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Lakin Rauf Kərimovun vəkili Adəm Məmmədov “Azadlıq”a bildirmişdi ki, onun həbsi qanunsuzdur. “Rauf Kərimov kimi hazırda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinir. Fakt üzrə cinayət işi 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə başlanıb. Lakin istintaqın gedişində bu maddə öz təsdiqini tapmadığından yuxarıda qeyd etdiyim ittihamlarla təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. Elə bu faktın özü subut edir ki, Rauf Kərimovun heç bir günahı yoxdur və sadəcə onu həbs etmək üçün bəhanə gəzirlər”.

Rauf Kərimovun anası Zemfira Hüseynova isə bildirib ki, oğlunu Cahangir Hacıyev həbs etdirib. “Mənim üçün ana olaraq ən dəhşətlisi odur ki, Cahangir Hacıyevə bacardığı qədər qanunla dirəniş göstərmək istəyən oğlum, iş adamı Rauf Faiq oğlu Kərimovu, sonunda – iki ay bundan əvvəl ”Azərbaycan Beynəlxalq Bankı” ASC-nin rəhbəri Cahangir Hacıyev təsir dairəsində olan digər banklardan istifadə etməklə, süni şikayət təşkil etdirərək həbs etdirib”, – deyə o, “Bizim Yol”a ünvanladığı məktubda vurğulayıb.

Zemfira Hüseynovanın sözlərinə görə, məsələnin kökündə onun mülkiyyətində olduğu Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi 43 ünvanın yerləşən fərdi yaşayış evi dayanır. Həmin ev dörd mərtəbədən ibarət olmaqla, Içərişəhərdə, girişdən (Qız qalası tərəfdən) 100-150 metr məsafədə yerləşir. Cahangir Hacıyevin gözü bu evə düşüb. Beynəlxalq Bankın rəhbəri müxtəlif üsullarla evi ələ keçirmək istəyir. Zemfira Hüseynova bildirib ki, ev Beynəlxalq Bankda ipoteka yükümlü olub. Bütün borc, hətta gecikdirməyə görə dəbbə də ödənilib. Lakin Cahangir Hacıyev yeni iddia ilə çıxış edib: “Cahangir Hacıyev elə bir analoqu olmayan, avantürist iddia tələbi ilə məhkəməyə müraciət etmişdir ki, bunu normal formada şərh etmək belə çətindir. Yəni yenidən bizə bütün borcu, dəbbəni, faizi və sairi, yəni verdiyi 1.498.500 ABŞ dolları borcun qarşılığında 2.209.696 ABŞ dolları almasına baxmayaraq, yenə də həyasızcasına bizdən 943.590,58 ABŞ dolları faiz borcu, 1.364.693,58 ABŞ dolları dəbbə pulu, cəmi 2.308.230,16 ABŞ dolları borcun tutulmasını tələb edir və bu absurd tələbini Bakı şəhəri Səbail rayon məhkəməsinin qəbul etdiyi 19 sentyabr 2013-cü il tarixli məhkəmə qətnaməsi ilə (sədrlik edən Nurəddin Bağırov) və Bakı Apelyasiya Məhkəməsinin 29 may 2014-cü il tarixli qərarı ilə (sədrlik edən Natiq Abbasov) qanuniləşdirir. Yəni insan tamahının bu qədərmi sərhəddi olmaz?! Borcunu tam ödəyəsən, dəbbəsi, faizi ilə birlikdə, sonra səndən yenə də dəbbə və faiz tələb edələr. Buna da nüfuzundan və imkanından istifadə edərək, ”Femida”ya oxşamaq üçün ədalət qarşısında gözünü bağlayaraq qərar verən hakimlər vasitəsilə icra edir”.