İngiltərədən sonra Fransa və Italiya da Liviya üsyançılarına hərbi dəstək verəcək
Müəmmər Qəzzafi rejiminə qarşı hərbi əməliyyatların davam etdiyi bir vaxt Liviyanın xarici işlər naziri Əbdülati Übeydi maraqlı təkliflə çıxış edib. Onun sözlərinə görə, ölkədəki hərbi qarşıdurmaların başa çatmasından sonra 6 ay ərzində ədalətli seçkilər keçirilə bilər.
Übeydi Qəzzafi rejiminin, seçkilərdən əvvəl müvəqqəti milli hökumət yaradılması təklifini də müsbət qarşıladığını vurğulayıb. Xarici işlər naziri həmçinin Ingiltərənin Liviya müxalifətinə kömək məqsədilə bu ölkəyə hərbi məsləhətçi qrupu göndərməsinin hazırkı vəziyyəti daha da gərginləşdirəcəyini bildirib.
Ingiltərənin xarici işlər naziri Uilyam Hoque isə ingilis zabitlərin Qəzzafiyə qarşı savaşan üsyançılara təlimlər keçməyəcəyini, onlara hərbi yardım göstərməyəcəyini vurğulayıb.
Bu arada, dünən günün ikinci yarısında yayılmış məlumatlara görə, Fransa və Italiya da Liviya diktatoruna qarşı savaşan üsyançılara məsləhətçilik etmək məqsədilə bu ölkəyə zabitlərindən ibarət qrup göndərəcək. Fransa hökumətinin sözçüsü Fransua Baron qrupdakı hərbçilərin sayının 10-dan az olacağını bildirib.
Sarkozidən Qəzzafiyə növbəti zərbə
Bundan başqa, bir zamanlar Liviya diktatoruyla yaxşı münasibətləri olan Fransa prezidenti Nikola Sarkozi Müəmmər Qəzzafiyə növbəti zərbəni vurub. Sarkozi bir müddət öncə liviyalı müxaliflərin nümayəndələrini qarşıladığı Yelisey sarayının önündə Qəzzafi rejiminə qarşı savaşan üsyançıların lideri Mustafa Əbdülcəlili qəbul edib.
Fransa prezidenti ilə üsyançıların yaratdığı Liviya Milli Şurasının sədri Mustafa Abdülcəlil arasındakı görüşdən sonra yayılan yazılı açıqlamada bildirilib ki, Nikola Sarkozi Qəzzafi qüvvələrinə qarşı hava hücumlarının artırılacağına söz verib.
Liviya üsyançılarının lideri Mustafa Əbdülcəlil Fransa prezidentini müxalifətin əsas şəhəri olan Benqaziyə səfərə dəvət edib. Əbdülcəlil Liviyada demokratiyanın qələbə qazanacağını və yeni bir dönəmin başlanacağına inandığını da söyləyib.
Diktatorun oğlu Seyfülislam Qəzzafi isə yenə də atasına qarşı baş qaldırmış üsyanın məğlubiyyətlə nəticələnəcəyini bildirib. “Əl-Liviya” televiziyasına açıqlama verən Seyfülislamın sözlərinə görə, ölkədə baş verən son hadisələr Müəmmər Qəzzafi rejiminin lehinə işləyir: “Vəziyyət hər ötən gün bizim xeyrimizə doğru dəyişir. Bu savaşda bizim qalib gələcəyimizə əminəm”.
İnformasiya şöbəsi