Hesablama Palatasının Baş Prokurorluğa göndərdiyi hesabatda nələr var?
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəki rayon Aqroservis filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, aparılmış istintaqla cəmiyyətin Şəki rayon Aqroservis filialının müdiri Rafim Qurbanovun ümumilikdə 66 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçılarının adlarına onların məlumatı olmadan mineral gübrələrin güzəştli şərtlərlə satışını rəsmiləşdirməsi, lakin həmin mineral gübrələri ayrı-ayrı fiziki və hüquqi şəxslərə sataraq əldə olunmuş 789 min 512 manat məbləğində vəsaiti, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən aldıqları gübrə üçün ona verilmiş 55 min 124 manat məbləğində vəsaiti müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Baş Prokurorluqda “Aqrolizinq”dəki neqativ hallarla bağlı cinayət işi başlandığı və qurumun keçmiş sədri Əli Bayramovun ölkədən qaçdığı barədə məlumat yayılmışdı. Lakin “Aqrolizinq”in
Idarə Heyətinin sədr müavini Aydın Əzizov mətbuata bildirmişdi ki, Əli Bayramovun səhhətində problem var və o Istanbulda yerləşən xəstəxanaların birində müalicə olunur. Aydın Əzizov Əli Bayramovun ölkədən qaçması barədə deyilənlərin yalan olduğunu vurğulamışdı.
Daha sonra Əli Bayramov özü məsələyə münasibət bildirmişdi. O, ölkədən qaçmadığını Istanbulda müalicə olunduğunu və artıq Bakıya döndüyünü söyləmişdi. Əli Bayramovun açıqlamasından sonra isə Baş Prokurorluq “Aqrolizinq”in vəzifəli şəxsləri barədə qarşı cinayət işinin başlanması barədə məlumat yaydı. Həmin məlumatda deyilirdi ki, Hesablama Palatasının “Aqrolizinq”dəki yoxlaması Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə göndərilib.
Hesablama Palatası “Aqrolizinq”dəki yoxlamalar zamanı cəmiyyətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini aşkarlayıb.
Baş prokurorluq bildirir ki, Hesablama Palatasının araşdırması əsasında vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamları ilə cinayət işi başlanıb.
“Azadlıq” Hesablama Palatasının hesabatını əldə edib. Hesabatdan bəlli olur ki, “Aqrolizinq”in vəzifəli ciddi korrupsiya əməliyyatlarına və maxinasiyalara yol veriblər. Məsələn, bəlli olur ki, fermerlərə minarel gübrənin güzəştlə satılması qaydalarına əməl olunmayıb. 6 epizodda əkin sahəsinin fiziki şəxslərə məxsusluğunu təsdiq edən müvafiq sənəd olmadığı halda həmin şəxslərin adlarına alqı-satqı müqavilələri sənqədləşdirilib və bununla 186.9 ton gübrənin taleyi qaranlıq qalıb. Ümumilikdə bu tip üsullarla 1347.2 ton mineral gübrə “əridilib”. Bundan başqa məlum olub ki, bazanın əmtəəşünası işə çıxmadığı və ümumiyyətlə onun tərəfindən heç bir iş yerinə yetirilmədiyi halda ona əmək haqqı hesablanıb.
Yoxlamalar zamanı “Aqrolizinq”in Şəkil və Horadiz filiallarında da ciddi yeyintilər aşkarlanıb. Xüsusilə Şəki filialında korrupsiya hallarına yol verilib. Məsələn, 982.9 ton miqdarında superfosfat gübrəsinin satılmasından əldə olunan gəlirin yalnız bir hissəsi kassaya daxil edilib. Görünür, elə bu səbəbdəndir ki, həbslərə Şəkidən başlanılıb.
Bir məqamı da qeyd etmək yerinə düşər ki, “Aqrolizinq”lə bağlı məsələ keçmiş kənd təsərrüfatı naziri Ismət Abbasovun baş nazir postuna təyin oluna biləcəyi barədə xəbərlərdən sonra gündəmə gəlib. Qeyd edək ki, hazırkı kənd təsərrüfatı naziri Heydər Əsədov nəqliyyat naziri Ziya Məmmədovun qudası, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla isə dostluq münasibətləri olan şəxsdir. Adıçəkilən hər iki naziri isə baş nazir postuna iddialıdır. Bundan əlavə Heydər Əsədov kənd təsərrüfatı naziri təyin olunandan Ismət Abbasovun kadrlarını qurumdan təmizləməyə başlayıb. Və əməliyyatı əvvəl rəhbər olduğu, hazırda da təsir imkanlarının güclü olduğu Hesablama Palatasının yoxlamaları ilə həyat keçirdiyi görünür. Yeri gəlmişkən, Hesablama Palatasının hesabatında Dövlət Baytarlıq Xidmətilə bağlı da ciddi faktlar var. Mümkündür ki, “Aqrolizinq”dən (Əli Bayramov və komandası Ismət Abbasova yaxın şəxslər hesab edilir) sonra Ismət Abbasovun baytarlıq xidmətindəki kadrları sıradan çıxarılsın.
Azad Akifoğlu