O gün AzTV-də illərdir ki, səslənən bir fikir diqqətimi çəkdi. Ilham Əliyevin hakimiyyətinin uğurlarından danışarkən (AzTV-də başqa şeydən danışılmır) deyildi ki, 2003-cü ildən bəri həyatımızın bütün sahələrində ölçüyəgəlməz irəliləyişlərə nail olunub. Tutaq ki, 1 milyon iki yüz min yeni iş yerləri, xalqın hakimiyyətdən yerdən-göyəcən razı olmağı, seçkilərin tam ədalətli keçirilməyi, ölkədə insan hüquqlarının ən yüksək səviyyədə təmin olunması, siyasi məhbusların yoxluğu və s. haqqında deyilənlər doğrudur. Bəs, işğal olunmuş ərazilərimiz məsələsi nə olsun? Axı bu məsələ həyatımızın ən vacib sahəsidir.
Əgər ən vacib məsələdə heç bir irəliləyiş yoxdursa, “həyatımızın bütün sahələrində ölçüyəgəlməz irəliləyişlərə nail olunub” nə üzlə işlədirsiniz, cənab yapçılar?
Əgər yaddaşım məni aldatmırsa, ATƏT-in Lissabon sammiti 1997-ci ildə olmuşdu. Xatırlayırsınızmı, həmin günlər nələr baş verirdi? Ölkədə analoqu olmayan şadyanalıq başlamışdı.
Bütün büdcə təşkilatlarında, qaçqınların məskunlaşdığı yerlərdə, hətta orta məktəblərdə də Heydər Əliyevin Lissabon qələbəsi müzakirə edilirdi və ürəkdən dəstəklənirdi. Bəs, axırı nə oldu? Zamanında müxalifət Lissabonda heç bir qələbə qazanılmadığını, əksinə, diplomatiyamızın məğlub olduğunu deyəndə ona qarşı hansı təhqirlər və böhtanlar yağdırılmadı. Indisə Ilham Əliyev başda olmaqla bütün hakimiyyət nümayəndələri Qarabağ məsələsində indiyədək heç bir irəliləyişin olmadığını bəyan edirlər.
Deməli, YAP iqtidarı 1997-ci ildən kəskin tənqid etdiyi müxalifətin fikirlərini təsdiq, özünün isə səhvlərini etiraf etməklə məşğuldur. Bircə qalır üzr istəmək, yəqin o da olacaq.
UEFA çempionlar liqasının Lissabonda keçirilən finalına iki Madrid klubu çıxmışdı. “Real” və “Atletiko”. Mən ürəkdən “Atletiko”nun udmasını istəyirdim. Çünki bu klubun maykasının döşündə “Azerbaican Land of fire” sözləri yazılmışdı. Həm də ən çox sevdiyin futbolçulardan olan türkiyəli Arda Turan da bu komandada oynayır. Təəssüf ki, zədə ucbatından “Atletiko”nun iki əsas futbolçusu Arda Turan və Dieqo Koşta həmin gün meydanda olmadılar. Təsəvvür edirəm, sinəsində Azərbaycanı reklam edən komanda udsaydı, Ermənilər necə pərt olacaqdılar. Amma onlar 1997-ci ildə necə sevinmişdilərsə, indi də eləcə sevindilər.
Məncə, “Atletiko”nun uduzmasında Azərbaycan iqtidarı günahkardır. Mənə çatan məlumatlara görə, Lissabon deyib ki, Azərbaycan məndən qələbə payını 1997-ci ildə alıb, bu dəfə qələbəni əks tərəfə verəcəm.
Əgər iqtidar o vaxt məğlubiyyətdən yalançı qələbə şousu düzəltməsəydi, yəqin Lissabon bu dəfə qələbəni sinəsində “Azərbaycan” yazılmış komandaya verərdi.
Əgər Mübariz Qurbanlı desə ki, həmin oyunda “Real” yox, “Atletiko” qalib gəlib, təəccüblənmərəm.
Bunlar hər şeyi tərsinə deyirlər axı
Redaksiyadan: Yazı Nigar Yaqublunun “facebook” səhifəsindən götürülüb.


