Əfv ərizəsi – rejimin növbəti cinayəti

Biz uzun illərdi yalnız ölkənin sərvətlərindən, hüququn aliliyindən, keyfiyyətli təhsildən, qayğısız ömürdən məhrum  olmamışıq. Həm də normal xəbər eşitməkdən, məntiqli addımın şahidi omaqdan, ağlabatan ittihamlarla üzləşməkdən məhrum olmuşuq.

Indi də “əfv” fenomeni meydana çıxıb və kimin kimdən əfv dilədiyi müəmmalı qalıb. Axı, 15 gün öncə “dövlət çevrilişi” etmək istədiyi üçün 6-7 il azadlıqdan məhrum edilən gəncin, bu cəzadan 15 gün keçəndən sonra “əfv ərizəsi” yazması nə deməkdir? 

ABŞ-a, Böyük Britaniyaya “səndən qorxmuram” deyən hakimiyyət, bir gəncdən niyə bu qədər qorxur? YAP rejimi bir NIDA-çı gəncin əfvinə niyə bu qədər möhtacdı? Suallar çoxdur. Yəqin cavablar da çoxlarına məlumdur. Amma bir gəncin “səhv etmişəm” etirafı, hakimiyyətin səhvlərinə bəraət qazandırmır. Bu gün “narkoman”, “vətən xaini” kimi  qələmə verilən adamların, sabah əfv diləməsi, hakimlərin sifarişli hökm çıxardığını, hal şahidlərinin öyrədilmiş şəxslər olduğunu, ittihamların qondarma xarakterini təkzib etmir.

Niyə başqa məhbuslara da əfv ərizəsi yazmaq təklif olunmur? Niyə beynəlxalq aləmin “vicdan məhbusu” kimi tanıdığı şəxslər, “peşiman” olurlar? Ötən gün NIDA-çı gənc Bəxtiyar Quliyevin Ilham Əliyevə yazdığı əfv ərizəsi mətbuata ötürüldü. Diqqət etdinizsə, insanlar əfv yazanı deyil, əfvi yazdıranı lənətləyirdilər. Çünki Azərbaycan hakimiyyətinin “bağışlamaq” siyasəti hamıya məlumdur və təcrübədə bunun çox şahidi olmuşuq. 

Əslində, baş verənlərə təəccüblənməmək üçün kifayət qədər səbəb var. Məsələn, ləyaqətsiz əməllərindən peşiman olmayan, bunu norma kimi qəbul edən, vicdanını kağız parçasına xidmətçi təyin eləmiş adamlar üçün, kimisə şərləyib həbs etmək və sonra əfv yazdırmaq, narahatlıq yaratmır.  Bugün günahsız bir gənci, “mən günahkaram” deməyə məcbur edib, əfv yazdıranlar, özlərinin nə vaxtsa əfvləri üçün şans buraxmırlar.  

Bütün dünyanın “vicdan məhbusu” kimi tanıdığı adamların hamısına əfv yazdırsanız da, oğurluq, yaltaqlıq, ədalətszilik, “müqəddəs dəyər”ə çevrilə bilməz.  Maraqlıdır, bir müddətdən sonra “əfv ərizəsi” dilənmək üçün qapı-qapı düşəcəksinizsə, bu adamları niyə şərləyib həbs edirsiniz?

Bəxtiyarın əfv ərizəsində “aidiyyəti orqanlardan tələb edirəm ki, siyasi məhbus anlayışını mənim üzərimdən götürəsiniz” cümləsi var. Mən inamıram ki, bir siyasi məhbus könüllü əfv ərizəsi yazmağa başlayarkən məhz “siyasi məhbus” anlayışına etiraz etsin. Çünki bu anlayış həmin şəxsin cinayətkar olmadığının sübutudur.

Deməli, insanlara məcburən “mən cinayətkaram” söylədirlər və öz qanunsuzluqlarına haqq qazandırmaq istəyirlər. Mən hesab edirəm ki, siyasi məhbuslara əfv ərizəsi yazdırıb, əvəzində azadlıq təklif etmək hakimiyyətin növbəti cinayətidir. Bu gün ölkə əhalisinin böyük əksəriyyəti hakimiyyətdən narazıdır və bu adamlar özlərini böyük həbsxananın sakinləri kimi hiss edirlər. Deməli, milyonlarla vətəndaşa əfv ərizəsi yazdırıb, ölkədən çıxarmaq lazımdır. 

Bir vaxt gələcək ki, ədalətə ləkə yaxan hakimlərin də, ədalətsiz qərarlar verən rəhbərlərin də cinayət işinə “əfv ərizə”ləri tikiləcək. Və bir gün gələcək ki, əsl günahkarlar “əfv ərizəsi yazdırdığım üçün, əfv diləyirəm” başlıqlı ərizələr yazacaqlar.