Şahin Sultanovun vəkilindən Zakir Həsənova ittiham

14 il müdafiə nazirinin müavini vəzifəsində çalışmış, hazırda həbsdə olan Hərbi Dəniz Qüvvələrinin(HDQ) vitse-admiralı Şahin Sultanovun vəkili Adəm Məmmədov “Azadlıq”a məktub yollayıb. 

Vəkil məktubda xeyli maraqlı fikirlər səsləndirib və müvəkkilinin günahsız olduğunu sübut etməyə çalışıb. O bildirib ki, müvəkkili işlədiyi dövrdə tabeliyindəki bəzi işçilərin yol verdiyi müəyyən pozuntu hallarına görə həbs olunub və bütün ömrü boyu sadə həyat tərzi sürüb: “Nəyə görə hansısa işçinin yol verdiyi qanun pozuntusuna görə Şahin Sultanov cavab verməlidir? Hərbi Prokuroluğun məntiqi ilə yanaşsaq, onda az qala hər gün hərbi hissələrdə əsgər ölümlərinə və nizamnamədən kənar baş verən digər hallara görə müdafiə naziri məsuliyyətə cəlb olunmalıdır. Axı bu, düzgün yanaşma deyil. Pozuntu halına yol vermiş hər kəsin özü qanun qarşısında cavab verməlidir. Xanlar Vəliyev və Zakir Həsənov tərəfindən yanlış və yoxlanılmamış informasiya tələsərək prezidentə təqdim edildi. Bilirik ki, hər bir sahədə, yeni təyin olunmuş rəhbər öncə əsas mütəxəssislərlə görüşərək, vəziyyətlə tanış olur. Zakir Həsənov təyin olunandan Şahin Sultanovun dəfələrlə görüş təklifindən imtina edib. Xanlar Vəliyevin şəxsi qərəzliyi nəticəsində Hərbi Prokurorluğun Ağır Cinayətlərə Dair Istintaq Idarəsinin rəisi Mehdi Hüseynzadə çox çalışdı ki, Şahin Sultanovu dövləti sevməyinə peşman etsin. Mehdi Hüseynzadə və onun ələbaxan müstəntiqləri bildirdilər ki, Şahin Sultanov vəzifədən çıxarıldığına görə bizim üçün heç kimdir. Hətta müstəntiqlərdən biri qeyd etdi ki, bundan sonra bütün genarallar bizə baş əyəcək. Təbii ki, belə şeylər Sultanov kimi bir çox məhrumiyyətlərdən keçmiş insanı əqidəsindən döndərə bilməz. Şahin Sultanovun işdən çıxarılmasının səbəbləri məlumdur. Lakin hərbi və dövləti məsələ olduğu üçün mətbuatda yazılması mümkün deyil. Əlimizdə olan sənədlərə əsasən deyə bilərik ki, Şahin Sultanov 1992-ci ildə Hərbi Dəniz Qüvvələrinin yaradılmasının təşəbbüskarıdır. Eyni zamanda HDQ-nin təşəkkül tapmasının başlıca səbəbkarıdır. Görünür, Hərbi Prokurorluğun istintaqçılarına X.Vəliyevin sifarişləri daha önəmlidir. Belə olmasaydı ehtiyatda olan hərbçini öyrədib danışdırmazdırlar. 19.01.2002-ci ildə Heydər Əliyevin sərənacımı ilə Ş.Sultanova kontr-admiral ali hərbi rütbəsi verilmişdir. 2003-cü ildə prezident, Ali Baş Komandan Ilham Əliyevin fərmanı ilə ”Vətən uğrunda” medalına, 2005-ci ildə Azərbaycanda ilk dəfə olaraq, məhz Ş.Sultanova vitse-admiral ali hərbi rütbəsinə və 2006-cı ildə isə “Azərbaycan bayrağı” ordeninə layiq görülmüşdür. Həmçinin Ş.Sultanov HDQ-nin doktrinasının və Xəzər dənizindəki neft-qaz borularının təhlükəsizliyinin qorunması lahiyəsinin müəllifidir. Doğurdanmı bu gün silahlı qüvvələrdə belə peşəkar bir mütəxəsisə ehtiyac yoxdur? Şahin Sultanov kimi sırf hərbçi kadrların ayağının altını qazıyanların məqsədi nədir?”- deyə Adəm Məmmədov məktubda yazır.

Üzeyir Cəfərov: «Vəkil kifayət qədər ciddi ittihamlar səsləndirib və aidiyyatı orqanlar buna aydınlıq gətirməlidir»

Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Adəm Məmmədovun səsləndirdiyi fikirlərin nə qədər həqiqət olduğunu istintaqın nəticələri göstərə bilər: “Şahin Sultanovun müdafiəçisi Adəm Məmmədov mətbuat konfransı keçirdiyi zaman mən məsləhət gördüm ki, bu haqda nə qədər az danışılsa, Sultanovun xeyrinə olar. Çünki hər dəfə vəkil, Şahin Sultanovun həyat yoldaşı və digərləri açıqlamalar verdikcə, yeni problemlər yaradırlar. Bu da istintaqın nəzərindən qaçmır”.

Vəkilin səsləndirdiyi fikirlərə gəlincə, Üzeyir Cəfərov bildirdi ki, Şahin Sultanovun günahkar olub olmadığını indidən söyləmək çətindir və bu ədalətsizlik olardı. “Vəkil bildirir ki, Şahin Sultanov dəfələrlə nazirlə görüşmək istəsə də, onun qəbuluna düşə bilməyib. Bu məqama müdafiə nazirliyi aydınlıq gətirməlidir. Çünki bu qədər yüksək post tutmuş şəxsin nazirlə görüşə bilməməsi anormal haldır. Vəkil, Hərbi Prokurorluğun Ağır Cinayətlərə Dair Istintaq Idarəsinin rəisi Mehdi Hüseynzadənin adını çəkir. Qeyd edim ki, Mehdi Hüseynzadənin dövründə prokurorluqda özbaşınalıq və korrupsiya halları olub. Ancaq bu şəxsin Şahin Sultanova qarşı hansısa qərəzinin olması haqda məlumatım yoxdur. Istənilən halda belə bir yüksək post tutmuş şəxslə bağlı kəskin ittihamlar səsləndirilir və Baş prokurorluq bu məsələni araşdırmağa borcludur. Əgər doğrudanda yüksək post tutan şəxsə qarşı qanunsuzluq edilirsə, o zaman sıravi hərbiçinin vəziyyətini təsəvvür etmək çətin olmaz. Hesab edirəm ki, yaxın günlərdə Şahin Sultanovun məsələsinə aydınlıq gətiriləcək”.

Akif