Rusiyadan Azərbaycana Avrasiya İttifaqına üzvlük təklifi

Hakimiyyət son zamanlar Rusiyameylli davranışlarla Qərbi şantaj etməyə çalışır

“Azərbaycan Avrasiya Iqtisadi Ittifaqına (AII) daxil olmaq məsələsini nəzərdən keçirə bilər”. “Virtualaz.org”un xəbərinə görə, bunu Bakıda səfərdə olan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib.
Nazir qeyd edib ki, AII ciddi iqtisadi üstünlüklər vəd edən qurumdur: “Əlbəttə, burada iqtisadi məsələlərlə yanaşı, bəzi siyasi məsələlər də var. Amma məncə, həlli mümkün olmayan problemlər yoxdur”.
Nazirin sözlərinə görə, digər inteqrasiya qurumları kimi AII də iştirak üçün açıqdır: “Biz Bakıda bu haqda da danışdıq və bu məsələ hazırda müzakirə mövzusu olaraq qalır. Məncə, Azərbaycanın bu sazişlərdə iştirakı məntiqli və düzgün addım olardı. Azərbaycan MDB-nin azad ticarət zonasından istifadə edir. Bir qədər də irəli getmək lazımdır. AII təkcə məhsullar üçün azad bazar deyil, həm də xidmətlər, investisiyalar və işçi qüvvəsi üçün azad bazardır. Bu bazar biznesin və əməyin müdafiə olunması deməkdir”.
Aleksey Ulyukayev deyib ki, Rusiya Azərbaycanın regional əməkdaşlıq etdiyi yeganə tərəfdaşıdır və bu əməkdaşlığa nümunə iyunun 20-də Rusiyanın regionlarının iştirakı ilə Qəbələdə keçiriləcək biznes-forumdur.
Xatırladaq ki, Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov da bir müddət əvvəlki açıqlamasında Azərbaycanın Avrasiya Ittifaqına daxil olmayacağını söyləmişdi. Lakin indi rusiyalı nazir məsələnin müzakirə olunacağını və bu ittifaqa qəbulun mümkünlüyünü bildirir.

Politoloq Fuad Qəhrəmanlı deyir ki, hakimiyyət son zamanlar Rusiyameylli davranışlarla bir növ Qərbi şantaj etməyə çalışır. Onun fikrincə, bu da Qərbdən gələn demokratiya çağırışlarıyla bağlıdır: “Hakimiyyət eləcə də Rusiyanın himayəsinə girib özünü hansısa formada məhdudlaşdırmaq istəmir. Bu baxımdan, Avrasiya Ittifaqına daxil olmaq heç də könüllü bir istək deyil. Indiki geopolitik şərtləri nəzərə alsaq, Qərbdən olan basqılar, o cümlədən Rusiyanın Azərbaycan hakimiyyətinə təsirləri artacağı şəraitdə seçim qarşısında qərar verilə bilər. Təbii ki, hakimiyyətdə olanlar üçün bu məsələ daha çox Qərbə təsir göstərmək məqsədilə ola bilər. Azərbaycan Rusiya ilə danışıqlar aparır. Azərbaycan Avrasiya Ittifaqına o şərtlər müqabilində daxil ola bilər ki, artıq Rusiya Azərbaycanda avtoritar siyasətin davam etməsinə təminat alsın. Eləcə də hakimiyyət demokratiyaya qarşı repressiyalarında bundan sonra  Rusiyanın himayəsinə sığınaraq davam edə bilməyi əsas götürür”.
F.Qəhrəmanlı hesab edir ki, müəyyən mərhələdən sonra proseslər bu şəkildə davam edərsə, Qərbdən gələn təzyiqlər davamlı xarakter alarsa, o cümlədən, Rusiyanın basqıları getdikcə artarsa, hakimiyyət seçim etməyə məcbur olacaq: “O, Qərbə deyil, məhz Rusiyaya meylliliyi seçəcək. Belə olan halda, Azərbaycanın Avrasiya Ittifaqına qəbulu gözləniləndir”.

İnformasiya şöbəsi