Əliyevdən Putinə 18 milyardlıq jest

Azərbaycan hakimiyyəti pullarını Rusiyaya yönəldir

Azərbaycan Rusiya iqtisadiyyatına yaxın 5-6 il ərzində 18 milyard dollar investisiya yatıracaq. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda səfərdə olan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevlə görüşü zamanı bildirib. Mətbuata açıqlamasında Ş.Mustafayev iki ölkə arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini deyib. Nazir bildirib ki, ötən il ölkələr arasında mal dövriyyəsinin həcmi 10 faiz artıb, bu göstəricinin daha da artması üçün potensial var.
Eyni zamanda vurğulanıb ki, 2013-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2 milyard 583 milyon dollar təşkil edib. Rusiya Azərbaycana 1 milyard 505 milyon dollarlıq mal ixrac edib, Azərbaycan isə bu ölkəyə 1 milyard 78 milyon dollarlıq mal göndərib. Hazırda Azərbaycanda Rusiya kapitalı ilə işləyən 570 şirkət fəaliyyət göstərir, son illər Rusiya şirkətləri Azərbaycana 628 milyon dollar yatırım qoyub. Azərbaycan isə Rusiya iqtisadiyyatına ötən 10 ildə 1 milyard dollara yaxın investisiya yatırıb.
A.Ulyukayevin daha bir maraqlı açıqlaması iyunun 20-də Qəbələdə keçiriləcək birgə tədbirlə bağlı olub. Rusiyalı nazir bəyan edib ki, Rusiya Azərbaycanın regional əməkdaşlıq etdiyi yeganə tərəfdaşıdır: “Bu əməkdaşlığa nümunə olaraq iyunun 20-də Rusiyanın regionlarının iştirakı ilə Qəbələdə keçiriləcək biznes-forumu göstərmək olar”.
Baş verən proseslərdən belə görünür ki, Azərbaycanın Rusiyaya 18 milyard vəsait yatırmağı planlaşdırması Azərbaycan hakimiyyətinin kapitalını Rusiyaya və digər yaxın ölkələrə yönəltməyə hazırlaşır. Qərblə münasibətlərin pozulması kontekstində Azərbaycan hakimiyyətinin belə bir addım atması əslində gözlənilən idi.
Xatırladaq ki, bundan bir müddət əvvəl də Azərbaycan kapitalının Irana yatırılması gündəmə gəlmişdi. Azərbaycanın dövlət başçısı Ilham Əliyevin və bir sıra nazirlərin Irana səfəri zamanı müzakirə mövzularından birinin məhz bu məqam olduğu bildirilirdi.
Hazırda da Rusiyanın beynəlxalq təcriddən irəli gələrək ağır iqtisadi durumda olduğu bir zamanda Azərbaycan hakimiyyətinin belə bir addım atması təsadüfi sayılmır. Ekspertlər hesab edirlər ki, əslində bununla Azərbaycan hakimiyyəti öz siyasi orientasiyasını nümayiş etdirmiş olur. Çünki Azərbaycan hakimiyyəti Rusiyanın timsalında Qərblə münasibətlərin korlanmasının sonda nəylə nəticələnə biləcəyini gördü. Azərbaycan hakimiyyətinin də apardığı siyasət, beynəlxalq aləmə qarşı nümayiş etdirdiyi dirəniş, insan haqlarını kobud şəkildə pozması nə zamansa onun da oxşar aqibətlə üz-üzə qoya bilər. Bu üzdən hakimiyyət indidən özünü sığortalayaraq kapitalını Rusiyaya transfer etməyə başlayıb.

“Məqsəd hakimiyyəti qoruyab saxlamaqdır”

Siyasi ekspert Rahim Hacıyev hesab edir ki, Azərbaycan hakimiyyətinin son aylarda Rusiyaya ciddi reveranslar etməsi artıq adi hal alıb. Onun fikrincə, Qərb ölkələri ilə qarşıdurma fonunda Rusiyaya belə reveranslarda məqsəd hakimiyyəti qoruyab saxlamaq məsələsində Rusiyanın imkanlarından istifadə etməkdir: “Qərblə Rusiyanın münasibətlərinin çox gərgin olduğu vaxtda bu ölkəyə belə böyük məbləğdə investisiya qoymaq qərarı Qərbə qarşı sərt addım olub, Rusiya ilə yaxınlaşmanın çox ciddi göstəricisidir. Rusiya ilə Qərb arasında Azərbaycanın yerləşdiyi region uğrunda mübarizənin yeni mərhələsində olduğumuz vaxtda bu, Rusiya ilə faktiki daha ciddi münasibətlərin qurulması planından xəbər verir”.

“Rusiyadakı investisiyalarımız hazırda təhlükə altındadır”

Bəs Azərbaycanın atdığı bu addım iqtisadi baxımdan nə dərəcədə səmərəlidir? Rusiyanın üzləşdiyi beynəlxalq təcriddən sonra bu ölkəni xarici kapital tərk etsə də Azərbaycan fərqli mövqe sərgiləyir. Bunun hansı fəsadları ola bilər?
Hazırda Rusiyanın iqtisadiyyatında ciddi problemlərin müşahidə olunduğunu deyən iqtisadçı Qubad Ibadoğlu hesab edir ki, Rusiya iqtisadiyyatının gələcəyi şübhə altındadır. Hazırda Rusiyanı yaranmış situasiyadan çıxarmaq üçün Kremlin həm qonşu dövlətlərdən, həm də Çindən dəstək almağa çalışdığını deyən Q.Ibadoğlu vurğuladı ki, Azərbaycan hakimiyyətinin təşəbbüsünü də bu qəbildən sayır: “Nəinki Rusiyaya investisiya qoymaq, hətta Rusiyadakı yatırımları geri çağırmaq lazımdır. Çünki Neft Fondunun birinci rüblə bağlı hesabatında göstərilir ki, fondun gəlirləri Rusiyada şirkətlərin səhmlərinin aşağı düşməsi üzündən əvvəlki dövrlə müqayisədə azalıb. Rusiyadakı investisiyalarımız hazırda təhlükə altındadır. Rusiyaya qoyulan vəsaitlərin iqtisadi səmərəliyi azalır. Belə olan halda iqtisadi baxımdan prosesə qiymət verib Rusiya ilə iqtisadi əlaqələrdə ehtiyatlı siyasət yürütmək lazımdır. Çünki bu gün Rusiya iqtisadiyyatına investisiya qoymaq çox təhlükəlidir. Çünki bundan sonrakı perspektivlər aydın deyil. Neft Fondu Rusiyaya investisiya qoyandan sonra məgər ciddi gəlirmi əldə etdi ki, bu siyasəti dövlət səviyyəsində də davam etdirək?”.

Xəyal