
İyunun 2-dən ABŞ prezidenti Barak Obamanın Polşa, Belçika və Fransaya dörd günlük səfəri başlayıb. Onun səfəri Ukraynanın şərqində təhlükəsizlik qüvvələri ilə Rusiyayönlü separatçılar arasında döyüşlərin davam etdiyi vaxta təsadüf edir. Obamanın Varşavada Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroşenko ilə görüşəcəyi bildirilir.
Belçikada ABŞ prezidenti Böyük 7-lik ölkələrinin liderləri ilə danışıqlar aparacaq. Onlar Rusiya qazından asılılığı azaltmağın yollarını və Rusiyaya yönəlik yeni sanksiyaları müzakirə edəcəklər.
Daha sonra Obama Fransada Normandiyanın işğalının 70 illiyinə həsr olunmuş tədbirə qatılacaq.
Rusiya prezidenti Vladimir Putinin də bu tədbirə qatılacağı gözlənilir. Ağ Ev bildirib ki, Obama-nın Putinlə ikitərəfli rəsmi görüşü nəzərdə tutulmasa da, birgə müzakirələri olacaq.
Ekspertlər hesab edir ki, əslində ABŞ prezidentinin bu səfəri keçirilən görüşlərdən də göründüyü kimi Rusiyaya qarşı koalisiyanı daha da genişləndirmək, əlavə sanksiyaların tətbiqinə nail olmaqdır.
Vəfa Quluzadə: «Obamanın məqsədi Rusiyaya qarşı vahid cəbhə ilə çıxış etməkdir»
Politoloq Vəfa Quluzadə hesab edir ki, səfər zamanı Obamanın Ukraynanın yeni seçilmiş prezidenti ilə görüşü səfərin əsl mahiyyətinə aydınlıq gətirir. Ukrayna böhranından sonra Obamanın Avropaya ikinci dəfə səfər etməsinə diqqət çəkən V.Quluzadə vurğuladı ki, ABŞ-ın Krımın işğalına mövqeyi sərt olsa da, Avropa Birliyi ölkələri ilə Rusiya arasında sıx iqtisadi əlaqələr qalmaqdadır. Ona görə də Avropa Rusiyanı iqtisadi sanksiyalarla sıxışdırmağa tərəddüd edir: «Belə görünür ki, Obama səfəri ilə Avropa dövlət başçıları ilə danışıqlar aparmaq niyyətindədir. Məqsəd Rusiyaya qarşı vahid cəbhə ilə çıxış etməkdir. Putinin Ukraynanın şərqinə müdaxilə etməməsinə baxmayaraq, Kremlin Ukrayna siyasətini dəyişmək niyyətində olduğu hələ görünmür. Rusiya hazırda bütün cəhdlərini ona yönəldib ki, Ukraynanı zəiflədərək özünə tabe etsin. Bu siyasətə isə ABŞ ciddi şəkildə dirəniş göstərmək niyyətindədir».
Xəyal


