Uşaqlara qıyan sevgisiz dünya

Dünyada uşaqları insanlığa xatırladan bir təqvim günü var-1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü. Tarixi günləri rəsmiləşdirməklə onların anlam yükünü artırmaq olarmı, bilmirəm. Amma məxsusi olaraq rəsmi rəqəmlərin fonunda bu günün reallıqlarına göz atsaq, acınacaqlı bir mənzərəylə üz-üzə qalacağımız şübhəsizdir.

Statistikaya görə yer üzündəki 7 milyardlıq əhalinin 0-18 yaş arasında olan hissəsi 2 milyard 850 min nəfərdir. Onların 629 milyon 106 min nəfərini 5 yaşından kiçik uşaqlar təşkil edir. Dünyanın müxtəlif bölgələrindəki 4 uşaqdan biri (təxminən 600 milyon) yoxsulluq həddində yaşayır. Yoxsulluq həddindən aşağı olan uşaqların sayı 380 milyona, ac uşaqların sayı 40 milyona, aclıq üzündən hər gün ölən uşaqların sayı 30 minə yaxındır. Çox kədərli və acınacaqlı faktlardır, təbii. 

Hələ bu ürək parçalayan statistikanın bir tərəfində müharibə dəhşətləri də var. Bu gün dünyanın ən qanlı savaş ocağı sayılan Suriyada son qətliamlarda 4 min 355-dən artıq uşaq öldürülüb. Bu uşaqlardan birinin hekayəsini hamınız xatırlayırsınız. Müharibənin qurbanı olan və xəstəxanada “hər şeyi Allaha danışacağam” deyərək dünyaya insanlıq dərsi verən o 3 yaşlı uşağın ölümü günümüzün acı gerçəklərini bir daha aydınladır. Bu yerdə “insanlıq ölmüş” deməkdən başqa nə söz gələr ki, insanın içindən?  

Biliyorum anne

uyurken yaşı büyüyen

bedeni küçülen çocukların ülkesinde

yaşamak zordur

ama yine de sen üzülme ve acele etme anne

gelmek için yanıma

sarılmak için boynuma.

Çünkü yağmur

en çok çocukları ölen anneler için yağar anne

çünkü her çocuk öldüğünde yeniden doğar anne.

(Teodora Doni)

Indi gələk yaşadığımız ölkəyə. Bu sahədə ölkəmizin reallıqlarına aydınlıq gətirmək üçün iki il əvvəl UNICEF-in yaydığı məlumatı xatırlatmaq yetər: “Azərbaycanda uşaq ölümünün səviyyəsi rəsmi göstəricidən 2-3 dəfə çoxdur”. Hardadır bu rəsmi göstəricilər? Onu  hansısa mötəbər mənbədən əldə etməyin çətinliyi də bir başqadır. Vaxtaşırı mətbuatdan ana-uşaq xəstəlikləri və ölümləri haqqında ayrı-ayrı faktlar oxuyuruq. Bu faktlar arasında hər kəsi dəhşətə gətirəcək bir rəqəm var: ölkəmizdə hər il 300 uşaq onkoloci xəstəliyə tutulur. Belə görünür ki, yayılan xəstəliklərin və qeydə alınan ölümlərin gizlədilməsi də səbəbsiz deyil. 

Dünyanın düşünən insanları təqvimdəki bir günü yekdilliklə uşaqlara hədiyyə etmək qərarı vermişlərsə, o günün düşündürən acı gerçəklərindən dərs çıxarsınlar gərək. Unutmasınlar ki, yer üzündəki bütün böyük fəlakətlərdən ən çox zərər çəkən uşaqlardır. Aclıqdan, evsizlikdən, müharibələrdən və başqa təbii fəlakətlərdən ən çox həyatını itirən də onlardır. Hələ mən insan alverinin, əmək istismarçılığının, təhsilsizliyin yaratdığı faciələrin qurbanı olanları demirəm. Hələ mənim sadaladıqlarım hər gün baş verən dəhşətli hadisələrin heç yüzdə biri də sayıla bilməz. 

Əslinə baxsaq, uşaqlar Tanrının yer üzündə insan qəlbinə qoyduğu sevginin özüdür. Yaşadığımız dünya niyə bu hala gəldi, bilirmisiniz?  Insanlıq o məsum varlıqları-körpələri öldürməklə sevginin özünü öldürdü. Yalnız sevgisiz bir dünya bizim yaşadığımız qədər cansız ola bilərdi…