Hərbi mənbənin verdiyi məlumata görə, bu günlərdə Silahlı Qüvvələrin hissə və bölmələrinin cəbhə bölgəsindəki geniş miqyaslı təlimləri zamanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov komandir heyəti ilə keçirdiyi müşavirədə düşmənə qarşı daha amansız, daha qətiyyətli olmaqla bağlı zabitlər qarşında xüsusi tapşırıq qoyub. Nazir cəbhə xəttində xidmət edən hərbçilərə qarşı tərəfin bütün addımlarına adekvat cavab verməyi tapşırıb.
“Nazir qarşımıza çox ciddi tələblər qoydu və tapşırıqlar verdi. Hətta açıq şəkildə tapşırdı ki, erməni əsgərləri anlamalıdır ki, onu da yanında məhv edilən silahdaşının aqibəti gözləyir. O, ya öldürülməli, ya da yaralanaraq birdəfəlik sıradan çıxarılmalıdır. Azərbaycan torpağından öz evinə işğalçının yalnız meyiti geri qayıtmalıdır”, – deyə mənbə vurğullayıb.
Hələ ki, səslənən fikirlər nazirlik tərəfindən təkzib olunmayıb və rəsmi xəbər portalları da bu informasiyanı dərc edib.
Bəzi ekspertlər hesab edir ki, müharibə bəyanatları ənənəvi olaraq daxili auditoriyaya hesablanıb. Başqa ehtimallara görə isə, son günlər cəbhə bölgəsində atəşkəsin intensiv olaraq pozulması, belə fikirlərin səslənməsinə səbəb olub.
Cəsur Sümərənli: «Nazirin belə fikirlər səsləndirməsi yolverilməzdir və sülh tərəfdarı olan ölkənin yürütdüyü siyasətə ziddir»
“Doktrina” JHAM-ın rəhbəri Cəsur Sümərənli hesab edir ki, Zakir Həsənovun belə fikirlər səsləndirməsi yanlışdı və yürüdülən siyasətə ziddir: “Müdafiə Nazirinin adından belə bir bəyanatın səsləndirilməsi uğursuz addımdır. Əgər bu informasiyanın yayılmasında müdafiə nazirliyinin mətbuat xidmətinin rolu varsa, bu o deməkdir ki, nazirliyin informasiya siyasəti uğursuzluğa düçar olub. Dünyanın heç bir demokratik ölkəsində, nazirin belə bir fikir səsləndirməsi mümkün deyil. Yəni, müdafiə nazirinin belə imicinin yaradılması tamamilə yanlışdı. Ancaq, Afrikanın cəngəllik ölkələrində nazir belə fikir səsləndirə bilər. Digər tərəfdən belə çağırışlar əsasən daxili auditoriyaya hesablanır. Indiki reallıqda hər hansı müharibə ehtimalı görünmür. Sadəcə siyasi təbliğat formaları var ki, bundam istifadə olunur. Bir qayda olaraq hakimiyyət demokratiya, insan haqları sahəsində təzyiqlərə məruz qalanda, cəbhə bölgəsində vəziyyətin gərginləşməsilə bağlı informasiyalar yayır. Istənilən halda sülh tərfdarı olan ölkənin naziri, meyitlərdən, amansızlıqdan danışmamlıdır”.
Akif


