Mehman Əliyev: «Müstəqil mətbuatın çökdürülməsi prosesi 1998-ci ilin sonlarından başlayıb və bugünə qədər davam edir»
Azərbaycanda söz və mətbuat azadlığının mövcud vəziyyəti hamıya aydındır. Hakimiyyət bütün dövrlərdə azad mətbuatı sıradan çıxarmağa çalışıb və buna nail olmaq üçün bütün vasitələrdən istfadə edib. Bugün də bu “ənənə” davam edir və barmaqla sayılacaq bir neçə müstəqil mətbuat nümunələri də çökdürülür.
Azad mətbuatın təmsilçisi olan “Azadlıq” qəzeti uzun müddətdir ki, məhrumiyyətlər yaşayır və qəzetin hər an bağlanmaq təhlükəsi var. Çünki qəzetə dövlət tərəfindəbn verilən maliyyə dayandırılıb, “Qasid” firması qəzetin 70000 manata yaxın borcunu qaytarmır, əl yayımına əngəl törədilir və s. Bütün bunlar isə, təsadüf nəticəsində deyil, hakimiyyətin birbaşa göstərişi ilə həyata keçirilir. Bu gün bu süni əngəllərə görə qəzetin Nəşriyyata külli miqdarda borcu yaranıb və bu borcu ödəmək iyulun 1-nə qədər vaxt verilib.
Müstəqil mətbuatın nümunəsi hesab edilən “Ayna”-“Zerkalo” qəzetləri də fəaliyyətini dayandırmaq üzrədir. Görünən odur ki, bu gündəlik qəzetlər, hətta ayda bir dəfə çap olunmaq iqtidarında da deyil.
Həm “Azadlıq”, həm də “Ayna”-“Zerkalo” qəzetləri uzun illərdir ki, fəaliyyət göstərir və geniş oxucu kütləsinin tələbat duyduqları qəzetlərdi.
Görünən odur ki, hakimiyyət müstəqil mətbuatı tamamilə çökdürmək və cəmiyyətə birtərəfli informasiya verməkdə israrlıdır.
“Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, mətbuatın çökdürülməsi prosesi 98-ci ildən başlayaraq davam edir: “98-ci ilin sonlarından başlayaraq nəşriyyat xərclərinin qiyməti qaldırıldı, kağızın ölkəyə gətirilməsi məhdudlaşdırıldı, qəzetlərin çapı dayandırıldı, reklam bazarı tam nəzarətə götürüldü, müxalifət qəzetlərinə reklam verilməsi yasaqlandı və yayım sektorunda süni maneələr yaradıldı. Sonrakı mərhələdə jurnalistlərin döyülməsi, təqib olunması, qəzetlərin məhkəməyə verilməsi, böyük cərimələrə məruz qalması prosesi başlandı. 2005-ci ildən sonra isə, Azərbaycana böyük pulların gəlməsi müqabilində, məmurlar media holdinqlər yaratmağa başladılar və çirkli pullar vasitəsilə bu işi davam etdilər. Eyni zamanda jurnalistlərin satın alınması, mətbu orqanların iqtisadi yollarla çökdürülməsi prosesi də getdi. Bütün bu zərbələrdən sonra hakimiyyət rahatlıq tapa bilmədi. Görünür, hakimiyyət bu qədər resurslarla müstəqil mətbuata qarşı rəqabət apara bilmir. Ona görə də ənənəvi media sıradan çıxarılır və uzunmüddətli siyasət davam edir. ”Azadlıq” və “Ayna” qəzetlərinin üzləşdiyi çətinliklər də hakimiyyətin apardığı siyasətlə bağlıdır”.
Ekspert onu da əlavə etdi ki, bütün basqılara baxmayaraq, Azərbaycanda azad sözün qarşısını almaq mümkün olmayacaq. Çünki sosial şəbəkələr genişlənir, blogerlər yaranır, internet istifadəçiləri artır və bu proses geriyədönməz vüsət alır.
Akif


