Rusiyanın strateji bufer zonaları

Rusiyanın Ukraynaya qarşı informasiya savaş tezisləri

Qənimət Zahid

Indiki Rusiya- Ukrayna qarşıdurmasını postsovet məkanının ən böyük hərbi-siyasi qarşıdurması adlandırmaq olar. Baxmayaraq ki, Sovet Ittifaqı dağılandan sonra bu məkanda etnik və siyasi zəmində hərbi toqquşmaların miqyası və əhatə etdiyi coğrafi areal o qədər də kiçik deyildi. Amma Ukrayna Sovet Ittifaqına daxil olan ən böyük respublikalardan biri idi və həm demoqrafik, həm də maddi-texniki resurslarına görə SSRI-nin əhəmiyyətli həlqəsi hesab edilirdi. 

Ekspertlər iddia edirlər ki, Ukrayna-Rusiya ziddiyətinin hansı şəkildə sona çatacağından asılı olmayaraq, bu, postsovet məkanının sovet keçmişilə bağlı müqayisələrin birdəfəlik aradan qalxması ilə nəticələnəcək. Müəyyən mənada, doğrudur. Hərçənd, Ukraynanın itirilməsi Rusiyanın iddialarını müəyyən müddət ərzində aqressivləşdirə bilər. Amma yalnız müəyyən qısa bir müddət ərzində. Bundan o tərəfə isə Rusiya bölgədə zorla müttəfiqliyə cəlb etdiyi dövlətləri də itirməyə başlayacaq. Yeri gəlmişkən, bunun təbliğati və siyasi əsaslarını Rusiyanın özü yaratmağa başlayıb. Ukraynaya qarşı təbliğat tezisləri ilə. 

Gəlin, Rusiyanın Ukraynaya qarşı apardığı informasiya müharibəsinin bəzi əsas tezislərinə nəzər salaq və onları Rusiyanın öz davranışları ilə müqayisə edək.

Ukraynada inqilabı neofaşistlər edib və yeni hakimiyyət də onlardan ibarətdir

Güman etmək olar ki,bu tezis Rusiyanın daxili auditoriyası üçün hesablanmayıb, faşizmdən ehtiyat üçün Qərb üçün nəzərdə tutulub. 

Bu zaman rus təbliğatı retrobaxış olaraq Stepan Banderanın almanlar tərəfindən işğal edilən Ukrayna ərazisində bolşevik ordusuna qarşı vuruşmasını və bu savaşın 20-ci əsrin 50-ci illərinə qədər uzanmasına istinad edir. Qərbi Ukraynada Stepan Banderaya abidə qoyulması, Viktor Yuşenkonun prezidentliyi zamanında onun Ukrayna Milli Qəhrəmanı adı ilə təltif edilməsi rusları çox qıcıqlandırmışdı. Hərçənd, bu qıcıq Stepan Banderanın personasına qarşı deyil, onun bağlı olduğu azad Ukrayna ideyasına qarşı idi. Ruslar Ukraynanın milli azadlığı adına olan bütün atributlara qarşı dözümsüzdülər və bu tendensiyaların Rusiyanın “strateji maraqları”na zərər verdiyini proqnozlaşdırırdılar. 

Stepan Banderadan daha güclü faşist 

Yoxsa, bəyəm, Rusiyada faşist qıtlığımıdır? Ikinci dünya müharibəsində Rusiya Azadlıq Ordusu adlandırılan Vlasov ordusu Hitler Almaniyasının tərkibində ruslara qarşı döyüşüb. Bu ordunun savaş tarixi boyu onun tərkibində 800 min nəfərə qədər şəxsi heyət və V. Anqelov, V. Beloqortsev, S. Borodin, A. Arxanqelskiy, A. Draqomirov, P. Krasnov, N. Qolovin, F. Abramov, E. Balabin, Q. Tatarkin, V. Naumenko kimi genarallar olub. Bu, indiki Rusiya ordusuna bərabər bir qüvvə idi! Həm də, Vlasovçular milli azadlıq uğrunda deyil, bolşevizmə qarşı faşıizmlə alyansa girmiş hərbi-siyasi güc idilər. Bu da marş: 

“Mı idyom şirokimi polyami

Na vosxode utrennix luçey.

Mı idyom na boy s bolşevikami

Za svobodu Rodinı svoey”…

Vlasovun özü isə Stepan Banderadan fərqli olarq Vətəninin azadlığı uğrunda mübarizə aparan peşəkar inqilabçı filan deyildi. O, bir rus generalı idi və əsir düşdükdən sonra almanların təklifini qəbul edib Azadlıq Ordusunu yaratmış, bolşevik Rusiyasına qarşı vuruşmuşdu. Rus bolşevizmini dəhşətli bir fəlakət kimi dəyərləndirən və ona qarşı alman faşistləri ilə ittifaqa girən 800 min rus olduğu halda Rusiya ideoloqları hansı haqla Banderanı faşizmdə ittiham edə bilərlər? Daha dəqiq desək, ruslar Banderanı faşizmdə ittiham etmək istədilər, amma Nürnberq prosesində rusların bu iddiası qəbul edilmədi və Stepan Banderanın ordusunun (Ukrayna Azadlıq Ordusu- UPA) fəaliyyəti milli azadlıq faktı kimi dəyərləndirilərək gündəlikdən çıxarıldı.

Vlasovçuluğun davamçıları olan rus neofaşistləri

Bu günkü günlərə qayıdaq. Rusiya neofaşizmin tüğyan etdiyi ən böyük ölkələrdən biridir və heç kimə sirr deyil ki, rus neofaşizmi orada dövlət səviyyəsində himayə olunur. Indi Rusiyada neofaşistlərin ideyasını təbliğ edən 50-dən artıq KIV var və bunların ən azı 20-si Moskvada nəşr edilir. Rus skinhed şəbəkəsi əməlli başlı neofaşist mərkəzlərinə çevrilib və bu mərkəzlərin hamısı Rusiyanın hüquq mühafizə orqanları, xüsusilə də xüsusi xidmət orqanları tərəfindən himayə edilir, yeri gəldikcə onlar bu neofaşistlərin xidmətindən istifadə edirlər. Məsələn, müasir rus detektiv ədəbiyyatının bestsellerlərinin müəllifi sayılan Vladimir Kolıtsevin bir çox “bədii” kitablarında bu əlaqələr barədə çox romantik-vətənpərvər notlarla qeydlər var. 

Moskva metrolarında neofaşistlərin törətdiyi vəhşətləri unutmaq mümkün deyil, çünki bu vəhşiliklər zaman-zaman təkrar olunur. Əlbəttə, kimlərsə deyə bilər ki, skinhedlər Qərbi Avropadan ixrac edilmiş sosial fenomendir. Amma Qərbi Avropada skinhed təşkilatları heç zaman etnik ayrı-seçkilik şüarları ilə yaradılmayıb. Əksinə, etnik ayrı-seçkilik klassik skinhed təşkilatlarında hər zaman ittiham edilib. 

Rus neofaşizmi isə özünün bütün formalarında təhlükəli faktor olaraq qalır. Ayrı-ayrı nasist birliklərində bu ultramillətçilik nəinki etnik düşmənçiliyin, hətta bütün rusların etiqad etdiyi xristianlığa qarşı barışmazlığın mərkəzləri olaraq qalırlar. 

Moskvadan ideoloji qada alan həmin neofaşistlər, məsələn, elə bu ilin yanvar ayında Krımda böyük bir aksiya keçirmişdilər. Bu antiUkrayna aksiyasında Ukrayna dilində olan hər cür kitabları, eləcə də Ukrayna mədəniyyətinə və tarixinə dəxli olan predmetləri yandırmışdılar.

Etnik rusların haqları var, başqalarının isə yoxdur

Rusiya Ukraynadakı etnik rusların haqqlarının qorunmasını, onların milli-müqəddərat hüquqlarının tanınmasını tələb edir. Rusiya tələb edir ki, Ukrayna hökuməti silahlı (özünün silahlandırdığı və təhrik etdiyi) rus birliklərlə danışıqlar aparsın və hərbi qarşıdurmaya son versin. Bunu ərazisində onlarla millətin haqlarını tanımayan və sahib olduğu ərazinin yüzdə yetmişini işğal yolu əldə edən bir dövlət tələb edir. Yaxın tarixin analogiyalarına müraciət edək. Şimali Qafqazdakı prosesləri qiymətləndirməklə rusların Ukraynaya qarşı bu iddialarının nə qədər səmimi ola biləcəyini dəyərləndirək. 

Rusiya Federasiyası dövlətinin rəsmi tarixçiləri etiraf edirlər ki, son çeçen müharibəsi 1994-cü ildən 2009-cu ilə qədər davam edib. Bu savaşın tam 10 ilini 1999-2009-cu illər arasındakı “Ikinci Çeçen savaşı”nı Putin aparıb və bircə dəfə də olsun, onlarla danışığa getməyib. Putin Çeçenistanın azadlığı uğrunda mübarizə aparan çeçen mücahidlərini son nəfərinə qədər qırmaq strategiyasına hələ də sadiqdir. Amma Ukraynadan tələb edir ki, Ukraynadakı rusların separatçılıq niyyətlərini qəbul etsin. Ruslar öz müqəddəratını təyin etmiş xalqdır. Rusiya o qədər böyükdür ki, dünyadakı bütün rusları yığsan, onun yarısını da doldura bilməz. Məşhur ingilis yazıçısı Qrem Qrinin təbirincə desək, “Rusiya ölkə deyil, dünyanın bir hissəsidir”… Amma indiki Rusiya dünyanı bürüyən rusların hər yerdə dövlət qurmaq haqlarının olduğunu iddia edir, bir parça tarixi Vətənə sahib olan çeçenlərin isə öz müqəddəratını təyin etmə haqlarını tanımır. Çünki bu, Rusiyanın strategiyası ilə uyğun deyil. Rus tarixçiləri elə bu şəkildə də yazırlar: “Rusiya Imperiyasının Qafqaza doğru genişlənməsi Birinci Pyotrun zamanından başlanmışdı, amma ruslar Çeçenistanı işğal etmək niyyətində deyildilər. Sadəcə olaraq Rusiyanın təbii (!) cənub sərhədlərinə çevrilmiş bu ərazilərdə sakitliyin bərpa olunmasını istəyirdilər, çünki Rusiyanın strateji maraqları bunu tələb edirdi”…

Rusiyanın strateji maraqları və bufer zonaları

Təsəvvür edirsinizmi, Birinci Pyotrdan üzübəri rusları öz sərhədlərinin o üzündəki sakitlik narahat edir. Onlar həmişə hansısa bufer zonaları yaradırlar, sonra həmin bufer zonalarını öz strateji maraq zonaları olaraq ərazilərinə qataraq yeni bufer zonaları yaradırlar. Bu bufer zonalarını isə zaman-zaman hətta boşaltmaq lazım gəlir. Krımı boşaldırlar, Çeçenistanı boşaldırlar,.. amma heç zaman danışıqlara getmirlər. Ukraynadakı ruslarla isə danışıqlar aparmaq və onlara Ukraynanı parçalamaq şansı tanınmalıdır. Çünki Şərqi Ukrayna Rusiyanın bufer zonasıdır! 

Ukraynada oliqarx prezident seçilib

Rusiyada Ukraynaya qarşı başladılan ən yeni əks təbliğat tezisi prezident seçkisindən sonra dövriyyəyə buraxılıb. “Bu da inqilab! Xalq inqilab etdi, amma oliqarx prezident seçildi”…

Deyəsən rus təbliğatçıları oliqarxiyanın nə demək olduğunu bilmir, ya da Rusiayada hansı rejimin olduğundan xəbərsizdirlər. Axı, Rusiya oliqarxların caynağında olan ən böyük ölkədir! Hüdudsuz neft və qaz ehtiyatları üzərində yaradılmış bir oliqarxiya səltənətidir! Indi Ukraynaya qarşı hərbi kampaniyadan rus oliqarxları Ukraynaya qarşı hərbi kampaniyadan çəkindirən də onların qanunsuz və korrupsiya yolu ilə qazandıqlarını itirmək qorxusu deyilmi? Hətta bu faktı da dəyərləndirə bilmirlər ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin dünyanın ən varlı oliqarxıdır. O, 150 milyard dollarlıq sərvəti ilə həm də dünyanın ən varlı adamıdır! Pyotr Poroşenko prezident seçildikdən sonra öz biznesini satışa çıxarıb. Maraqlıdır, Putin bunu edərmi və etsə belə bu qədər sərvəti almağa kimin gücü çatar?!

Bütün dünya düşməndir, çünki bütün dünya buferdir

Başqa məsələdir ki, Rusiyalı texnoloqlar bütün arqumentlər üzrə polemikanı udmaq şansları olmasa da, ölkədəki 12000 -dən artıq KIV, saysız-hesabsız internet resursları, 330- dan artıq televiziya kanalları vasitəsilə Ukrayna əleyhinə intensiv təbliğat aparır və bunu daxili ictimai rəy üçün edirlər. Putin Rusiyasının əsaslandırılmamış və aqrsssiv xarici siyasətinə bəraət qazandırmaq, 150 milyonluq əhalinin diqqətini ölkədəki büdcə oğurluğundan, korrupsiyadan yayındırmağın ən yaxşı yolu neofaşistlərlə ittifaqa girib saxta patriotizm notları üzərində xarici düşmənlər axtarmaqdır. Buna isə onların həmişə imkanları olacaq. Çünki Rusiyanın “strateji maraqları” bütün dünyanı düşmən elan edəcək qədər böyükdür və… təhlükəlidir.