britaniya-bayraq

Hakimiyyət ABŞ-dan sonra Britaniyaya savaş açdı

Azərbaycandakı repressiyalar Əliyev iqtidarını Londonla üz-üzə gətirdi

Azərbaycan hakimiyyəti ABŞ-dan sonra Böyük Britaniyaya savaş açıb. Səbəb bu ölkənin Xarici Işlər Nazirliyinin  mayın 28-də yaydığı bəyanatdır. Həmin bəyanatda Böyük Britaniya Xarici Işlər Nazirliyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin və əməkdaşları Bəşir Süleymanlı ilə Elnur Məmmədovun həbsindən təəssüfləndiyi bildirib və Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinə hörmət etməyə çağırıb. 

Rəsmi Bakı isə buna sərt cavab verib. AzadlıqRadiosunun məlumatına görə, Azərbaycan Xarici Işlər Nazirliyi mayın 31-də bununla əlaqədar bəyanat verib. Bəyanatda Böyük Britaniya Xarici Işlər Nazirliyinin Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədovun mühakiməsini pisləyən bəyanatını müstəqil məhkəməyə təzyiq kimi qiymətləndirilir. Bu tam şəkildə qəbuledilməz sayılır.

Azərbaycan Xarici Işlər Nazirliyi bildirir ki, bu şəxslərin vergidən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti kimi cinayət əməlləri məhkəmə qaydasında sübuta yetirilib: “Məhkəmənin qərarının bu şəxslərin siyasi fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, Azərbaycanda heç kim siyasi baxışlarına və fəaliyyətinə görə təqib və mühakimə olunmur”.

Rəsmi Bakı Böyük Britaniyanın Xarici Işlər Nazirliyini Azərbaycanın daxili işlərinə yersiz müdaxilələrdən çəkinməyə və öz ölkəsinin insan hüquqları məsələlərinə diqqət yetirməyə dəvət edir.

Qeyd edək ki, bu ərəfədə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov Böyük Britaniyanın bir qrup deputatını Azərbaycana dəvət edib. Məqsəd Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin yüksək səviyyədə olması barədə rəy yaratmaq idi. Lakin rəsmi Bakı ilə Böyük Britaniya arasında toqquşma bu planı fiaskoya uğratdı.

Güman edilir ki, növbəti günlərdə Almaniyaya qarşı savaş açılacaq. Çünki iyun ayının 2-si və 3-də Almaniyada Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə keçmiş məruzəçisi Kristofer Ştrasserin iştirakı ilə “Siyasi məhbuslarsız Avropa yolunda” mövzusunda konfrans keçiriləcək. Bu tədbirdə Azərbaycandakı repressiyaların əsas müzakirə mövzusu olacağı gözlənilir. Güman ki, tədbirdən sonra Azərbaycan hakimiyyəti Almaniyaya hücuma keçəcək.