Morninqstar gedir, yeni səfir bəlli deyil

ABŞ-la Azərbaycan arasında səfir böhranı yaşana bilərmi?

ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın səlahiyyət müddəti avqustun 2-də bitəcək. Bu ərəfədə ölkədə baş verən hadisələr maraq doğurur. Hakimiyyət düşərgəsində Morninqstara qarşı hədə kampaniyası geniş vüsət almaqdadır. Səfirin bir müddət əvvəl verdiyi müsahibə iqtidar nümayəndələrinin sərt təpkisinə səbəb olub. Proseslərin davamı kimi ABŞ Senatının Helsinki Komissiyası ölkədə siyasi məhbus probleminin daha da dərinləşdirilməsinə sərt etiraz edib. ABŞ-la Azərbaycan arasındakı münasibətlərdəki sərinlik bir dəfə də yaşanmışdı. O zaman bu soyuqluğun nəticəsi olaraq ABŞ-ın ölkəmizdəki səfiri postu xeyli müddət boş qaldı. Hazırda da iqtidar hər vəclə bu olayın təkrarlanmasına çalışır. Hakimiyyətin düşüncəsinə görə səfirin olmamamsı Azərbaycana olan diqqəti və marağı da azalda bilər.

Fuad Qəhrəmanlı: «Azərbaycanı Qərbə inteqrasiya kursuna vadar etmək üçün ABŞ-ın ölkəmizlə diplomatik əlaqələr saxlaması vacibdir»

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, Morninqstardan sonra da ABŞ-ın Azərbaycana səfir göndərəcəyi gözləniləndir. Çünki Ukrayna hadisələrindən sonra postsovet məkanında rəqabətin fərqli mərhələyə qədəm qoyduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, bu baxımdan Azərbaycanın geosiyasi əhəmiyyətini nəzərə alaraq, proseslərin öz axarına buraxılacağı inandırıcı görünmür: «Amerika qarşıdakı dönəmlərdə daha fəal siyasət yürütməyə hazırlaşır. Morninqstarın da açıqlaması onun şəxsi mövqeyi deyil, ABŞ_ın razılaşdırılmış ifadə olunan mövqeyidir. Bu onu göstərir ki, ABŞ-ın Azərbaycan hökumətindən demokratiya tələbi ölkəmizi Qərbə inteqrasiyaya vadar etmə siyasətinin tərkib hissəsidir. Çünki bu məhz bu siyasət Azərbaycanı Rusiyadan uzaqlaşdıran faktorlardır. Ona görə bu siyasət davam edəcək. Morninqstardan sonra gələcək diplomatik missiya bu siyasəti aparacaq. Bu siyasətin yürüdülməsi üçün Azərbaycanla diplomatik əlaqələrin saxlanılmasını vacib edir. Ona görə səfir postu boş qalmayacaq».

F.Qəhrəmanlı hesab edir ki, əgər Azərbaycan hakimiyyəti repressiya siyasətini davam etdirməkdə israr edərsə, o zaman təkcə hakimiyyətlə deyil, cəmiyyətlə işləmək məsələsi gündəmə gələcək. «Amerika heç bir halda Azərbaycanın yenidən Rusiyanın təsirinə girməsinə göz yumayacaq», deyə F.Qəhrəmanlı vurğuladı.

Hikmət Hacızadə: «Hakimiyyətin ABŞ-ı qarşı kampaniyasına baxmayaraq Azərbaycana mütləq yeni səfir təyin ediləcək»

Politoloq Hikmət Hacızadə də hesab edir ki, ABŞ-ın Azərbaycana səfir göndərməmək presidenti yenidən təkrarlana bilməz. «Hakimiyyətin ABŞ-ı qarşı kampaniyasına baxmayaraq Azərbaycana mütləq yeni səfir təyin ediləcək. Səfir ölkələr arasında bir vasitədir. Həmin vasitədən isə ABŞ imtina etmək fikrində deyil», deyə H.Hacızadə vurğuladı.

Xəyal