Rusiya Qarabağla bağlı israr etsə…

Qazaxıstan və Belarus Azərbaycana qarşı çıxacaqmı?

 

Razi Nurullayev: «Nazarbayev və Lukaşenkonun belə bir addımı real görünmür»

Rusiya, Qazaxıstan və Belarus prezidentləri Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenkonun imzaladığı Avrasiya İqtisadi İttifaqının yaradılması haqda sazişə Ermənistanın bir qədər gec qoşulacığını bəyan etməsi geniş müzakirələrə səbəb olub. Belə ki, Ermənistan prezidenti Serj Sərkisyan isə ölkəsinin iyunun 15-də Avrasiya İqtisadi İttifaqına qoşulacağını bəyan edib. Azərbaycan dövlət başçısı İlham Əliyev isə sənədi imzalayan dövlət başçılarına ünvanladığı məktubda 

qeyd edib ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına üzvlüyün ancaq Ermənistanın BMT tərəfindən tanınmış ərazilərinə aid olduğu barədə xüsusi şərtlə bu təşkilata üzv olub. Deməli Avrasiya İttifaqına da eyni sərhədlər çərçivəsində daxil ola bilər. Ermənistan isə fərqli niyyətdə ola bilər. 

Bəzi ekspertlər Ermənistanın üzvlüyünü ləngitməsini Rusiyanın Azərbaycana təzyiqi kimi qiymətləndirir. Belə olan halda Moskvanın Qazaxıstan, Belarus və Qırğızıstana da təzyiq edərək Ermənistanın Qarabağla birgə ittifaqa üzvlüyünə razılıq verməsini istəyə bilər. 

Lakin bu fikrə münasibət birmənalı deyil.

Politoloq Razi Nurullayev bu məsələni tamamilə istisna edir. Bunun əsas səbəbi  Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olmasıdır. Əgər Rusiyanın belə bir fikri olsaydı, o zaman artıq indidən Minsk qrupundan ikili fikirlər səsləndirməyə başlayardı. Digər tərəfdən Rusiya Minsk qrupunun həmsədr ölkəsi ola-ola belə bir addım atması beynəlxalq qanunvericiliyə ziddir və indiki halda, beynəlxalq izolyasiya ilə üzləşdiyi bir məqamda belə bir addım atması real görünmür. Üstəlik Rusiyanın Qazaxıstana ciddi təsir göstərmək mexanizmləri yoxdur. Belə olan halda Nursultan Nazarbayevin Azərbaycana qarşı belə bir addım atması gözlənilən deyil. 

Ekspert Belarusla da Azərbaycanın münasibətlərinin yaxşı olduğunu xatırladır. Məhz bu yaxşı münasibətlərə görə Azərbaycanın Belarusa olan bütün təzyiqlərə baxmayaraq bu ölkəyə böyük məbləğdə kreditlər verib. Bu baxımdan Lukaşenkonun da belə bir addıma gedəcəyi real görünmür. Bu səbəbdən də Ermənistan heç bir zaman Avrasiya İqtisadi Birliyinə Azərbaycanın işğal olunmuş ərazisi ilə qoşula bilməz.

Fizzə