Ömərin işi

Açığı, Əliyev məhkəmələrindəki siyasi sifarişli ittihamnamələrlə bağlı danışmaq get-gedə maraqsızlaşır, mənasızlaşır. Get-gedə ittihamların absurdluğu, “dəlillər”in geydirməliyi heç kimi təəccübləndirmir, heyrətləndirmir. Və get-gedə mən Ramiz Mehdiyevin “savadlı hüquqşünasların qıtlığından” gileylənməsini daha yaxşı başa düşürəm. Rejim barı şərləyəndə istedad nümayimş etdirməyi bacarmır. Ittihamnamələri elə düzüb-qoşurlar ki, hətta ona burnu fırtıqlı bağça uşağını belə, inandıra bilməzsiniz.

Uzağa getməyək, 19 yaşlı vicdan məhbusu Ömər Məmmədova qarşı elan edilən qondarma ittihamnaməni götürək. Dünən onun məhkəməsindən reportajı oxudum, hansı ölkədə yaşadığımızı, necə bir zehniyyətlə qarşı-qarşıya olduğumuzu aydın görmək üçün sizə də oxumağı məsləhət görürəm. 

Deməli, Ömərin tutulması üzrə əməliyyat qrupuna rəhbərlik etmiş Xəyal Nəsibov məhkəmədə ifadəsində Sülh küçəsi ev 1B ünvanında yaşayan gəncin təxminən 10 gündür Bakıda narkotik satışı ilə məşğul olduğuna dair məlumat aldıqlarını, həmin ünvanda yoxlama aparılarkən faktın təsdiqini tapdığını deyib. Dünənsə, vəkilin təqdim etdiyi sübutlardan bəlli olub ki, Ömər Bakıya həbsindən cəmi 3 gün əvvəl gəlib, üstəlik, sözügedən ünvanda uzun illərdir yaşamır. Məncə, biz buna da şükr etməliyik, Ömər Bakıya 3 gündür gəldiyi halda qəhrəman polislərimiz onu “əməliyyat məlumatı” haqqında 10 gün izləyiblərsə, deməli, başqa cür də ola bilərdi, məsələn, hələ dünyaya gəlmədiyi halda törətdiyi cinayətdə də suçlaya bilərdilər. Bunlardan nə desən çıxar? Necə ki, çıxır. 

Hələ bu harasıdır? Ömər tutularkən “hal şahidliyi” edən Elnur Məhərrəmovun (belə adaşım olduğuna görə ancaq utanıb yerə girə bilərəm) əslində bir sıra başqa işlərdə də oxşar statusla iştirak etdiyi ortaya çıxıb, adam bir növ “hal şahidi” işləyir. Halbuki ittihamın sifarişli, qondarma olduğuna şübhə yeri qoymamaq üçün barı “hal şahidi” kimi adı başqa məhkəmə işlərində keçməyən birini tapmaq olardı, nə də olmasa, ölkə işverən, üzəduran sarıdan artıq boldur, itə daş atsan, gedib onlara dəyər. Amma ya buna əriniblər, fikirləşiblər ki, “onsuz da külli-ixtiyar sahibiyik, hələ allahlarına şükr eləsinlər, əziyyət çəkib yalandan da olsa məhkəmə qururuq, istəsək alınlarına bir güllə çaxarıq, işi biryolluq bitirərik, dağa-daşa düşməyə də ehtiyac qalmaz”. Ya da elə Mehdiyev deyəndi, hüquşünaslarının-zadın savadı buracandı.

Aydın məsələdir ki, Öməri aktiv blogerlik fəaliyyətinə görə şərləyiblər, onun yeganə günahı facebook-da “Az.TV-dən seçmələr” adlı səhifə yaradıb vətəndaşlıq mövqeyi nümayiş etdirməsi olub. Əgər o, bunun əvəzində “paytaxt sakini”, “prostoy vətəndaş” kimi AzTV-yə ölkənin analoqsuz inkişafı, regionun lider dövləti, ulu öndərin cahanşümul insan olması, oğlunun əvəzedilməzliyi barədə danışsaydı, yəqin indi Siyavuş Novruzov onu gəncliyə nümunə göstərir, Əli Əhmədov isə gənc ünsürləri islah etmək üçün təlimatlar verirdi.

Bəli, vəziyyət bax belədir. Utancverici. Rüsvayçı. Çağdışı. 21-ci əsrdə çiçəyi burnunda gəncləri bir nəfəri sevmədiyi, ona biət etmədiyi, iman gətirmədiyi, onun kimi düşünmədiyi üçün cəzalandıran bir sistem quranlar sayələrində Azərbaycanın kənardan necə miskin, sivilizasiyadan, müasirlikdən uzaq göründüyünün fərqində olmalıdırlar. Unutmamalıdırlar ki, onların indi düzüb-qoşduqları ittihamnamələr əslində gec-tez bu ölkə məhkəmələrində təkzibedilməz dəlil-sübutlara çevriləcək, o ittihamnamələrə baxıb bu gün günahsız, suçsuz insanların repressiya maşınının təkərləri altında necə əzildiyini, ömürlərindən ayların, illərin necə oğurlandığını, hansı fiziki və mənəvi iztirablara məhkum edildiyini görəcəklər. Və ittihamlar geri oxunmağa başlayacaq!

Ömər srağagünki qondarma məhkəmədə üzünü hakimlərə tutaraq deyib: “Sizlər sifarişlə verdiyiniz hər bir qanunsuz hökmün cəzasını çəkəcəksiz, həbsxanada çürüyəcəksiz”.

Ömər haqlıdır. Onun bu bir cümləsi adi, amma ali həqiqətdir.