Hər şey bir oyunsa…

Heç bir müşahidəçi qatıldığı məhkəmədə günahsız müttəhimin yaşadıqlarını olduğu qədər təsirli ifadə edə bilməz. Lap həmin müşahidəçi dünyanın ən məşhur yazarı olsa belə. Dəfələrlə qeyd etdiyim kimi, Markes Markes idi, həqiqi diktator obrazını tapmaq üçün beş il məhkəmələri dolaşmışdı…

Əslində, ölkədə qılınc oynadan məhkəmələrin ədalətsizlikləri haqqında hər gün yazmaq olar. Amma bu dəfə mövzuya qayıtmağımın səbəbi var. Böyük rəğbət bəslədiyim insan, vicdan məhbusu Tofiq Yaqublu qızı Nigarla görüşündə ünvanıma salamla bərabər bu fikirləri də çatdırmağı xahiş edib. “Azərbaycan məhkəməsini tələffüz və yazılış oxşarlığına görə ”məzhəkə” adlandırmaq dəb halını alıb. Çox uğursuz bənzətmədir. Məzhəkə elə şeydir ki, iştirakçılar da, seyrçilər də gülüb-əylənirlər, şaqqanaq çəkib gülürlər və s. Bir yerdə ki, haqqın-ədalətin anası ağladılır, günahsız insanları məhkum edələr, iztiraba düçar edələr, o yeri necə “məzhəkə” adlandırmaq olar? Azərbaycan məhkəmələrini “şərxana”, “quldurxana” və s. adlandırmaq daha doğru olardı”. 

Bu, Tofiq bəyin müsahibəsindən bir parçadır. Amma bu hissəni ünvanlı olaraq mənə göndərməsi də təsadüfi deyil. Yaxında həmin məhkəmə “məzhəkələrindən” mən yazmışdım. Günümüzdəki ağılalmaz haqsızlıqlardan ən çox zərər çəkən və o məhkəmələrin sifarişli hökmləri əsasında cəzalandırılan insanlardan biridir Tofiq bəy. Ailəsinin başına gətirilənləri də hamımız bilirik. Şübhəsiz, ağrı-acının hər üzünü görmüş bir insan daha yaxşı bilir məhkəmə ilə məzhəkənin fərqini. Mən və ya başqa biri bu yerdə nə yazsa belə, gücsüz qalacaq.

Tofiq bəyin ismarıcından sonra “məzhəkəçi” sözünün lüğət anlamına bir daha göz gəzdirdim. Lüğətdə “məzhəkəçinin işi, peşəsi gülməli oyunlar çıxarmaq, təlxəklik, oyunbazlıq” kimi  izah edilir. Bilirsiniz, məzhəkəçinin başqa adları da var – təlxək və ya kloun. Qədim zamanlardan kralların və şahların saraylarında saxladığı şəxsə verilən addır bu. Tarixdən oxuduğumuz kimi, bu şəxslər əsasən çox hazırcavab, açıqgözlü və kəskin kinayə hissinə sahib olanlar arasından seçilirdi. Onlar sarayda yeganə “səlahiyyətli” şəxslərdi ki, kralı və ya şahı da kəskin ifadələrlə acılaya, tənqid edə bilərdilər.

Amma bütün hallarda bir məzhəkəçinin işi oyuna bağlı idi. Onun əsas işi oyun çıxarmaqdır. Və nə yazıq ki, bu gün Azərbaycan məhkəmələrinin və hakimlərinin halı da gəlib eyni duruma düşüb. Artıq hamı bilir ki, bu ölkədə insanlar üçün ədalət təmin etməyə məsul sayılan hüquqi sistem deyə bir şey yoxdur. Bu sistem yalnız yuxarıların müəyyənləşdirdiyi hökmlər əsasında divan qurur, şər-böhtan yaxır və sonda təyin olunmuş cəzanı kəsib günahsız insanları həbsxanalara doldurur. Bu gün heç o oyunun icraçısı rolunda çıxış edən miskin hakimlərin öz böyüklərinə təlxəklər qədər “söz qaytarmaq” cəsarəti belə yoxdur. Çox qorxulu bir yerdə yaşayırıq, deyilmi?

Inanıram ki, Tofiq bəy Stefan Sveyqin “Cozef Fuşe” əsərini oxuyub. XVIII əsr Fransasında cəza sisteminin bütün “incəlikləri” orada təsvir olunan gilyotin işgəncələrində təfərrüatı ilə ortaya çıxır. Əsərin sonlarında çox maraqlı bir məqam var. Yazıçı qeyd edir ki, gilyotin edam mexanizmi yığışdırılandan sonra onu daha sistemli və təşkil olunmuş polis cəza maşını əvəz etdi. Mənə elə gəlir ki, bu gün Azərbaycandakı hüquqi sistem bütünlükdə bənzər cəza maşını kimi çalışır. Və təəssüf ki, istənilən günahsız bir insan asanlıqla onun qurbanına çevrilə bilər. Necə ki, Tofiq bəy kimi onlarla insan çevrilib…