Cəmil Həsənli İran səfirinə “dərs keçdi”

“Azərbaycanda insanların islam inancı narkotikaya bulaşdırılır, Möhsün Pak Ayin isə Əliyevin fironluğunu “ədalət simvolu” kimi vəsf edir”

Milli Şura sədri Cəmil Həsənli İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin İlham Əliyev rejimini mədh edən fikirlərinə münasdibət bildirib. Cəmil Həsənli facebook səhifəsində paylaşdığı münasibətdə həmçinin, Əliyev rejimini firon kondisiyalarına bənzədib:

“Bu gün Azərbaycanda tuta-tutdur. İçində vətən və millət namusu, din təəssübkeşliyi olan hər kəsin başı dərddədir. Siyasi, vicdan, facebook, layk məhbuslarının sayı günbəgün artmaqdadır. Mömin insanlar tiryəklə şərlənib həbsxanalara atılır. İnsanların islam inancları narkotikaya bulaşdırılır. İslam adına bundan böyük həqarət ola bilməz. Bütün baş verənlərin fonunda İran İslam Cümhuriyyətinin Azərbaycandakı səfiri ağayi Möhsün Pak Ayin isə İlham Əliyevin fironluğunu “ədalət simvolu” kimi vəsf edir. Bir vaxtlar Fironun zülmü ərşə dayananda hətta, peyğəmbərlər Allaha xitab etdilər: İlahi, nə zaman gələcək sənin köməyin!

Həmin vaxt Fironun əməllərinə göz yumanlar, zülmə biganə qalanlar və zalıma şərik olanlar çox olduğundan, göydən nida gəldi ki, Allah pisliyi sevən qövmə mərhəmət etməz. Fironlar öz varislərinə vəsiyyət edirdilər ki, vəzifəni, pulu və sərvəti yaxınlarına ver, onları irəli çək, əshabələrini şöhrətləndir, yalnız onlar səni xalqın qəzəb və nifrətindən qoruya bilər. Azərbaycanda hazırda bərqərar edilmiş idarəçilik sistemi qədim firon kondisiyalarının müasir təzahürünə çox bənzəyir. Lakin misirlilər Fironu Allah kimi qəbul etsələr də, zülmə etiraz etməkdən də çəkinmirdilər. Çünki yaxşı başa düşürdülər: Allah bir qövmün taleyini yalnız o zaman dəyişdirir ki, onların hər biri özü-özünü dəyişdirmiş olsun. Müqəddəs Qurani-Kərimdə deyildiyi kimi: Siz özünüzü dəyişmədikcə, Allah sizi dəyişdirməz!”.