Oqtay Əsədova Rusiyada hansı mesajlar veriləcək?

«Rusiya Azərbaycanın Avrointeqrasiya sahəsində ciddi addımlar atmasını istəmir» 

 

Spikerin səfəri zamanı Azərbaycan hakimiyyətinə bu məsələlərlə bağlı açıq mesajların veriləcəyi gözlənilir

Milli Məclisin sədri Oqtay Əsədov iyunun 5-6-da Moskvaya səfər edəcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib. 

Moskvada “Parlamentskaya qazeta”nın mətbuat mərkəzində keçirilən dəyirmi masada çıxış edən səfir bildirib ki, Oqtay Əsədovun səfəri Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin dəvəti əsasında baş tutacaq: “Azərbaycan parlamentinin sədri səfər çərçivəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın sədri,  baş nazirin müavini Dmitri Roqozinlə görüşəcək”.

Azərbaycan hakimiyyətinin Qərb qurumları ilə münasibətləri kəskinləşdirdiyi, eyni zamanda Avropa rəsmilərinin Bakıya səfərlərinin intensivləşdiyi bir dönəmdə Oqtay Əsədovun Moskvaya dəvəti nə məqsəd daşıyır?

Ekspertlər hazırda keçmiş sovetlər məkanında iki paralel prosesin getdiyini deyir. Bir tərəfdən Rusiya müəyyən ad altında keçmiş sovetlər ölkələrinin bir hissəsini öz nəzarətində saxlamaq problemini faktiki həll edib. Digər paralel proses ondan ibarətdir ki, Avropa Birliyi keçmiş sovet respublikalarını öz orbitinə cəlb etmək üçün addımlar atır. Ukrayna ilə Assosiasiya sazişinin bir hissəsi imzalanıb. Digərinin yaxın vaxtda imzalanması gözlənilir. Eyni zamanda Gürcüstan və Moldova ilə Assosiasiya sazişinin iyunun 27-də imzalanması nəzərdə tutulub. Qərb və Rusiyanın keçmiş sovet respbublikaları ilə bağlı siyasəti növbəti mərhələyə gəlib çatıb. Bu mərhələ artıq konkret addımlar mərhələsidir. Azərbaycan faktiki hər iki prosesdən kənardadır. Bunun başlıca səbəbi Azərbaycan hakimiyyətinin bu prosesdən kənarda durmaq istəyidir. Obyektiv gerçəklik ondan ibarətdir ki, Azərbaycanın belə mövqeyi tərəfləri razı sala bilməz. Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycana hər iki tərəfin çox böyük diqqəti var. Avropa Birliyi Azərbaycana assosiasiya müqaviləsi təklif edib və müqavilənin imzalanması üçün ciddi səylər göstərir. İyun ayında Barrozonun Bakıya edəcəyi səfərə bu baxımdan böyük önəm verilir. Rusiya Azərbaycanın Avrointeqrasiya sahəsində ciddi addımlar atmasını istəmir. Oqtay Əsədovun Moskvaya səfəri zamanı Azərbaycan hakimiyyətinə bu məsələlərlə bağlı açıq mesajların veriləcəyi gözlənilir. Səfərlə bağlı verilən məlumatda diqqəti xüsusi cəlb edən məsələ Putinin aqressiv siyasətinin işlənib hazırlanmasında və həyata keçirilməsinə ciddi rol oynamış Roqozinlə görüşün olmasıdır.     

Fizzə