Hüquq müdafiəçisi xalqa çağırış etdi; onun evi nəzarətə götürüldü; müxalifətdən və ABŞ-dan etiraz gəldi FOTO
Sülh və Demokratiya Institutunun (SDI) direktoru Leyla Yunusun yaşadığı bina dünən gün ərzində Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının mühasirəsində olub. Buna səbəb isə hüquq müdafiəçisinin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində ifadə verməkdən imtina etməsidir. Daha doğrusu, Leyla Yunus müstəntiqə bildirib ki, onun və həyat yoldaşının qanunsuz götürülmüş pasportları, evinin mülkiyyət şəhadətnaməsi, maliyyə sənədləri nə vaxt qaytarılsa, ondan sonra gəlib ifadə verəcək.
Qeyd edək ki, Leyla Yunus həbsdə olan jurnalist Rauf Mirqədirovun işi üzrə növbəti dəfə şahid qismində ifadə vermək üçün dünən saat 14.30-a prokurorluğa çağırılmışdı.
“Sadəcə gəlin və zorakılıq edən polislərə əl çalın!”
Dünən səhər saatlarında hüquq müdafiəçisi həbs olunmaq ehtimalı haqda məlumat yaymışdı. Leyla Yunusun paytaxt sakinlərinə ünvanlanan müraciətində deyilirdi:
“Bakılılar! Polis zorakılığı bitmir. Ehtimal var ki, bu gün (dünən-red.) saat 15:00-dan sonra polis məni həbs etmək üçün evimə hücum edəcək (N.Nərimanov pr.125. Keçmiş Sovetski küçəsi). Onlar sizin hüququnuzu tapdalayanda, evinizi sökəndə, sizə qarşı zorakılıq edəndə mən sizin yanınızda olmuşam. Indi isə xahiş edirəm, sadəcə gəlib, bu polislərə əl çalasınız”.
Bu müraciətdən sonra jurnalistlər, ictimai fəallar hüquq müdafiəçisinin yaşadığı mənzilin qarşısına toplaşdılar. O cümlədən, siyasətçilər, ictimaiyyət nümayəndələri mediada, sosial şəbəkələrdə hüquq müdafiəçisinə dəstəklərini nümayiş etdirdilər.
Leyla Yunusun mənzili önünə toplaşan jurnalistlərə onun həyat yoldaşı, politoloq Arif Yunus açıqlama verərək bildirdi ki, bina mülki geyimli şəxslər tərəfindən mühasirəyə alınıb.
Binanın mühafizəçisinə jurnalistləri blokdan çıxarmaq tapşırığı verilsə də, o, bu göstərişi yerinə yetirə bilmədi. Jurnalistlər binadan çıxmadılar.
“Ollandla görüşdən sonra təzyiqlərin yenidən güclənəcəyini bilirdim”
Bir müddət sonra isə Yasamal rayon Polis Idarəsi rəisinin rəhbərliyi altında polis və mülki geyimlilərdən ibarət dəstələr evin ətrafına toplaşdılar. Ancaq ərazidə jurnalistlərin olması deyəsən, onların planını pozdu. Bir qədər keçəndən sonra polislər və mülki geyimlilər dağılışmağa başladılar.
Leyla Yunus özü də mənzilinin qarşısına toplaşmış mətbuat nümayəndələrinə açıqlama verdi. O bildirdi ki, prokurorluğa çağırılarkən bunun səbəbini soruşub. Qarşı tərəfdən çağırışın Rauf Mirqədirovun işi ilə bağlı olduğu cavabını alandan sonra deyib ki, bu məsələ haqda heç bir suala cavab verməyəcək.
Leyla Yunus onu da qeyd etdi ki, prokurorluğa getmək üçün hüquq-mühafizə orqanı təmsilçisi qarşısında şərt irəli sürüb – özünün və həyat yoldaşının pasportları qaytarılsın! Əgər bu şərtə əməl olunsa, gələn həftənin ilk iş günündə səhər prokurorluğa getməyə hazırdır. Lakin müstəntiq ona bildirib ki, məhz mayın 30-da saat 14:30-da gəlib, ifadə verməlidir.
Leyla Yunus onu da vurğulayıb ki, bu yaxınlarda Bakıda səfərdə olan Fransa prezidenti Fransua Ollandla görüşdən sonra ona qarşı münasibət əvvəlcə nisbətən yumşalıb. Ancaq bir qədər keçəndən sonra vəziyyət yenə dəyişib. Hüquq müdafiəçisi deyir ki, Ollandla görüşdən bir müddət sonra ona qarşı təzyiqlərin yenidən güclənəcəyini əvvəlcədən bilirdi.
Hüquq müdafiəçisinin açıqlamasından sonra jurnalistlər ərazini tərk etdilər. Amma bəzi media nümayəndələri axşam saatlarına qədər orada olub.
“Onların məqsədi məni zorla evdən çıxarıb həbs etmək idi”
Jurnalistlərin əksəriyyəti çıxıb getsə də, prokurorluq və MTN əməkdaşlarından ibarət mülki geyimlilər ərazini tərk etməyiblər. Bir qədər sonra – saat 17 radələrində Leyla Yunusun prokurorluğa aparılması üçün müstəntiq Ibrahim Ləmbəranskinin onun evinə göndərildiyi haqda məlumat yayıldı. Hüquq müdafiəçisi az sonra – 17.05-də yaydığı məlumatla həmin vaxt yaşananlara aydınlıq gətirdi:
“Hazırda mən Nərimanov prospekti 125-də yerləşən evimdəyəm. Saat 15:30 radələrindən binanın həyətində Baş Prokurorluq və MTN-nin mülki geyimli əməkdaşları dayanıb. Onlardan ikisini üzdən tanıdım. Həmin şəxslər aprelin 29-da gecə burada olanlar idi. Belə başa düşürəm ki, onların məqsədi məni zorla mənzilimdən çıxarıb həbs etmək idi. Jurnalistlərin burada olması onlara mane oldu. Çünki jurnalistlər prokurorluq əməkdaşlarını tanıyaraq, onları diqqətlə izləməyə və şəkillərini çəkməyə başladılar. Indi məlumat aldım ki, müstəntiq Ibrahim Ləmbəranski də yaxınlıqdakı çayxanaların birindədir. O, bizim həyətdə keşik çəkən əməkdaşları ilə mütəmadi əlaqə saxlayır. Baxmayaraq ki, mən jurnalistlərdən dağılışıb getmələrini istədim, onlara bildirdim ki, mənə hücum olsa, özüm onlarla əlaqə saxlayacam, amma həmin mülki geyimlilər hələ də həyətdədir və getmirlər”.
Baş Prokurorluqdan hüquq müdafiəçisinə və vəkilə xəbərdarlıq
Baş Prokurorluq Leyla Yunusa və onun nümayəndəsi vəkil Xalid Bağırova xəbərdarlıq edib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Leyla və Arif Yunuslar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinin icraatında olan konkret cinayət işi üzrə şahid qismində dindirilmələri və digər istintaq hərəkətlərinin yerinə yetirilməsi, o cümlədən Arif Yunusovun səhhəti ilə əlaqədar məhkəmə-tibbi ekspertizadan keçirilməsi üçün cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla, cari il aprelin 25 və 28-də, həmçinin mayın 29-da rəsmi çağırış vərəqələri təqdim olunmaqla istintaqa dəvət olunsalar da, üzrlü səbəblər olmadan istintaqa gəlməkdən qəsdən boyun qaçırıblar.
Eyni zamanda, Leyla Yunus son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə həmin cinayət işi üzrə şahid qismində ifadə verməyəcəyini nümayişkəranə şəkildə bildirməklə, cinayət işi üzrə şahid qismində istintaqa dəvət olunan ayrı-ayrı şəxslərə qanunsuz təsir edərək, ifadə verməkdən və protokolları imzalamaqdan imtina etmələri barədə çağırışlar edib.
Göstərilənlərlə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 178-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın çağırışına üzrlü səbəb olmadan gəlmədikdə və çağırışları almaqdan boyun qaçırdıqda, onun istintaq orqanına məcburi gətirilməsinin nəzərdə tutulması, həmçinin başqalarını yalan ifadə verməyə məcbur etməyə, istintaqın gedişatına mane olmağa, ifadə verməkdən və istintaqdan boyun qaçırmağa görə Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət məsuliyyətinə cəlb olunmaqla barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qarşısında vəsatət qaldırılacağı barədə Leyla Yunusa və onun nümayəndəsi Xalid Bağırova mayın 30-da rəsmi xəbərdarlıq göndərilib. Leyla Yunusun istintaq qarşısında hər hansı şərt qoyması qəbul edilməzdir”, – deyə Baş Prokurorluğun məlumatında qeyd edilir.
Prokurorluq Mətanət Əzizovaya görə də Leyla Yunusu ittiham edir
Baş Prokurorluq eyni zamanda, Qadın Krizis Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Mətanət Əzizovanın da ölkəni tərk etməsinə görə məsuliyyəti Leyla Yunusun üzərinə qoyub.
“Qadın Krizis Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Mətanət Əzizovanın Azərbaycana qayıdacağı təqdirdə həbs olunacağı ilə bağlı verdiyi bütün bəyanatlar əsassızdır və həqiqətəuyğun deyil. Baş Prokurorluq onun həbsinə dair vəsatət qaldırmaq niyyətində deyil”, – deyə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “virtualaz.org”a açıqlamasında bildirib.
Qeyd edək ki, Mətanət Əzizova “Azadlıq” radiosuna müsahibəsində mayın 1-i və 2-də prokurorluqda dindirildikdən sonra həbs olunacağına dair məlumat aldığını, buna görə də dərhal ölkəni tərk etmək barədə qərar qəbul etdiyini bildirib. Hüquq müdafiəçisi deyib ki, cəmi 15 dəqiqə ərzində qərar verərək, evdən çıxıb. Mətanət Əzizova qeyd edib ki, oğlunun xarici pasportu hazır olmadığından ailəsi onunla gedə bilməyib. Həyat yoldaşı onu Gürcüstana aparandan sonra geri qayıdıb.
Prokurorluğun sözçüsü isə bu məsələdə Leyla Yunusu günahkar görür: “Mətanət Əzizovanın dedikləri Leyla Yunusun istintaqa təzyiq göstərmək və istintaqın gedişini yanlış istiqamətə yönəltmək cəhdlərinin nəticəsidir. Əslində, Mətanət Əzizovanın ölkədən qaçmasını məhz Leyla Yunus təşkil edib”.
Eldar Sultanov Baş Prokurorluq adından bəyan edib ki, əgər Mətanət Əzizova Azərbaycana qayıtsa, onun həbsinə heç bir cəhd göstərilməyəcək və heç bir tədbir görülməyəcək: “Baş Prokurorluq onda maraqlıdır ki, Mətanət Əzizova Azərbaycana qayıtsın və istintaqın suallarına cavab versin. Baş Prokurorluq bu barədə onun anası, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlını da məlumatlandırıb”.
Onu da qeyd edək ki, prokurorluqda dindirmə zamanı Mətanət Əzizovaya təzyiq edilib. Mirvari Qəhrəmanlı bildirib ki, qızından Leyla Yunusun əleyhinə ifadə almağa cəhd göstəriblər. Əks təqdirdə, özünün həbs olunacağı və övladı ilə hədələyiblər.
Təsadüfi deyil ki, bir müddət əvvəl Mətanət Əzizovanın həyat yoldaşı Eldar Əzizov və oğlu Camal Gürcüstana getmək istəsə də, onlar buraxılmayıb. Sərhəddə bildirilib ki, prokurorluq onların ölkədən çıxışına qadağa qoyub.
Amerikalı senatordan hökumətə çağırış
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (ABŞ Helsinki Komissiyası) sədri, senator Ben Kardin Leyla və Arif Yunusların davamlı təhdid olunması ilə əlaqədar görə bəyanat verib.
“Mən Azərbaycan hökumətinin Leyla və Arif Yunuslara qarşı təhqiqat aparmasından narahatam. Onların saxlanması, evlərində axtarış aparılması, Azərbaycandan çıxa bilməmələri bu şəxslərin siyasi motivli təqibin hədəfinə çevriləcəyinin əlamətidir. Azərbaycan hökumətini təcili olaraq hüququn aliliyinə hörmət öhdəliyinə əməl etməyə çağırıram”, – deyə bəyanatda qeyd edilir.
Helsinki Komissiyasına ABŞ Senatının 9, Nümayəndələr Palatasının 9 üzvü, Dövlət, Müdafiə və Ticarət departamentlərinin hərəsindən bir üzv daxildir.
“Leyla Yunus prinsipial mövqeyindən geri çəkilmədiyi üçün hakimiyyətin hədəfindədir”
AXCP də Leyla Yunusun üzləşdiyi həbs təhlükəsi, hüquq müdafiəçisi ətrafında baş verənlərlə əlaqədar bəyanat verib.
Bəyanatda bildirilir ki, ölkədə insan haqlarını müdafiə işində prinsipial mövqeyindən geri çəkilmədiyi üçün çoxdandır hakimiyyətin hədəfindədir: “Hakimiyyətin Leyla Yunusa qarşı addımları ölkədə gerçək ictimai institutları, insan haqlarını müdafiə mexanizmini tamamilə sıradan çıxarmaq istəyindən qaynaqlanır. Rejim artıq tək siyasi müxalifəti deyil, həm də vətəndaş cəmiyyətini hədəfə alıb. Hakimiyyət ölkədə fərqli fikri, müstəqil düşüncəni, həqiqətin ifadəsini tamamilə yasaqlamaq ehtirasına o qədər tutulub ki, istənilən ictimai-siyasi fəala qarşı istənilən cinayəti quraşdırmaqdan çəkinmir”.
AXCP Leyla Yunusa qarşı aşkar təqib və həbs təhdidinə görə hakimiyyəti mühakimə edir, bu hərəkətlərin dayandırılmasına çağırır.
AXCP Azərbaycan xalqını hər zaman onun hüquqlarının müdafiəsində durmuş, bunun üçün özünü təhlükələrə atmaqdan belə çəkinməmiş Leyla Yunusa ciddi dəstək verməyə səsləyir.
Həmçinin, beynəlxalq birliyi baş verənlərə adekvat reaksiya göstərməyə, Ilham Əliyev hökumətini üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə məcbur etməyə çağırır.
Ramin Deko